“Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedir” – Müsahibə

azerbaycanda-hakimiyyet-ugrunda-mubarize-gedir-musahibe
Oxunma sayı: 828

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin “Qafqazinfo”ya müsahibəsi:

- Vəfa bəy, müsahibəyə çətinliklə razılıq verdiniz və ümumiyyətlə 2012-ci il Azərbaycanın siyasi həyatında baş verən hadisələr barədə danışmaq istəmədiniz...
- Bəli. Mən danışmaq istəmədim. Qoyun, siyasətçilər özləri bu barədə qərar versinlər və nəticə çıxarsınlar. 2012-ci ildə Azərbaycan üçün xoş olan hadisə odur ki, ölkəmiz BMT TŞ-na müvəqqəti sədrlik etdi. Amma bu xoş hadisə mənəvi hadisədir. Bu heç bir real irəliləyişlərə aparan hadisə deyil. Nə Qarabağ məsələsinin həllində, nə də digər məsələlərdə. Qarabağ məsələsində heç bir uğur olmayıb. Minsk Qrupunun işi həmişəki kimi imitasiya xarakteri daşıyıb. Ümumiyyətlə isə, Azərbaycan neft-qazla varlı ölkə olduğuna görə onun varidatı artıb. Ordusu möhkəmlənib. Neft kəmərləri işləyir. Çətinliklər olmasına baxmayaraq yeniləri də çəkiləcək.

- Amma biz hesab edirik ki, 2012-ci il Azərbaycanda bir sıra siyasi proseslərlə yadda qaldı. Ramil Səfərovun Azərbaycana qaytarılması və bundan beynəlxalq səviyyədə ölkəmizə təzyiq vasitəsi kimi istifadə edilməsi, Milyarderlər İttifaqı adlı qurumun ortaya çıxması, Sadvalın toparlanması, Rusiyanın Qəbələ RLS-dən imtina etməsi və.s Siz necə düşünürsünüz?
- Ramil Səfərovun qaytarılması xoş hadisə oldu. Baxmayaraq ki, Azərbaycana qarşı əks-səda verdi. Mənfi reaksiyalar da oldu. Amma o mənfi reaksiyaların bizə heç bir təsiri olmadı. Ona görə ki, Ramil Səfərovun qaytarılması qanuni sürətdə oldu. Macarıstan hakimiyyətinin haqqı var idi ki, onu ekstradisiya etsin, Azərbaycanın da haqqı var idi ki , onu əfv etsin. Amma Azərbaycanda bunun ətrafında xal qazanmağa başladılar. Buna görə reaksiyalar oldu. Səssiz- səmirsiz onu normal həyata qovuşdurmaq böyük savab işdir. Bəsdir. Daha ondan qəhrəman etməyə dəyməzdi. Qəbələ RLS məsələsi 2006-cı ildə Amerika və Rusiya arasında danışılırdı. Burada Amerikanın geosiyasəti qalib gəldi. Rusiyanın Qəbələ RLS-ni Amerika buradan süpürtdürüb atdırdı. Burada Azərbaycanın böyük rolu olmadı. Azərbaycan çox balaca dövlətdir. Onun icazəsi olmadan Qəbələ RLS-i burada tikdilər. Azərbaycanı məcbur edərək 12 il ondan istifadə etdilər. Amerikanın maraqlarına uyğun olmadığına görə Rusiya məcbur oldu ki, onu bağlasın. Məsələ burasındadır. Bizim üçün də xoş hadisə ondan ibarət oldu ki, ekologiya, əhalinin sağlamlığına mənfi təsir göstərən bir qurğu burdan bağlanıb gedir. Moskvada yaradılan təşkilatlara gəlincə, Azərbaycan bir dövlətdir və onu bunlarla yıxmaq mümkün olmayacaq. Sadvalın adından Azərbaycanda metro partlatdılar. Bəli, qan qaraldı. Terroru hər yerdə etmək olar. Moskva, Nyu-York, Parisdə də terrorlar olur. Terrorla heç nə etmək olmur. Terror çirkin bir əməliyyatdır. Bəlkə gələcəkdə dünyada stabillik artdıqca bu terror əhvalatları heçə enər. Nə terror əməliyyatları Azərbaycanı zəiflətdi, nə də dövlətimizin quruluşunu dəyişdirə bildi. Biz müstəqil dövlətik və ümid edirik ki, demokratik dövləti də quracağıq. Ona görə də bu məsələrlə heç bir şey edə bilməyəcəklər.

- Milyarderlər İttifaqı adlı qurumu ciddi hesab edirsinizmi?
- Hesab edirəm ki, Azərbaycandakı vəziyyətə Moskvadakı milyarder qrupları heç bir təsir göstərə bilməyəcəklər. Çünki Azərbaycanda hakimiyyət də, dövlət də var. Və xaricdən müdaxilələrin qarşısını almağa Azərbaycan iqtidarının imkanları var və buna yol verməyəcəkdir. Ona görə də bu qan qaraldan və əsəbilik yaradan hallardır və yaratdı da. Əslində mən inanmıram ki, orada yaradılan milyarderlər ittifaqı gəlib burda nəsə iş görəcəkdir. Mən bunu hesab etmirəm. Burada əsas amil Azərbaycanın özündən, xalqın istəklərindən, iradəsindən və hakimiyyətdən asılıdır. Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedir. Bəli. Müxalifət də seçkilərdə iştirak etmək istəyir. Bu da əsas faktordur. Amerikada Rusiyadan daha güclü milyarderlər qruplarını yaratmaq olar. Yaratmırlar ki. Bu, görünür düşünülməmiş bir məsələdir. Ona görə mən inanmıram ki, bizdəki hadisələrə bu ciddi təsir edə bilər. Bəli, cüzi təsirlər edə bilər. Çünki Milyaderlər İttifaqının pulları var. Bütün hadisələrin də arxasında pul dayanır. Pulla nəsə iş etmək olar. Amma ancaq “nəsə”. Əsas işi etmək mümkün olmayacaq.

- O “nəsə” lər nələr ola bilər?
- Məsələn, bəzi qrupları maliyyələşdirmək. Kimsə əlinə nəsə şüar götürüb bayıra çıxa bilər. Özlərinə sadiq qrupları gücləndirmək. Amma o qruplar bu günə kimi nə ediblər ki, indidən sonra da edə bilsinlər.

- Azərbaycanda bəzi siyasi dairələr hesab edirlər ki, Milyaderlər İttifaqının özünün kənarda namizədi var. Hazırda o cəmiyyətə bildirilmir, qorunur. Siz necə düşünürsünüz?
- Mən hesab edirəm ki, bu mümkün deyil. Siyasi aləmdə sirr olmur. Hamısı açıq olur. Bəli. Siz deyirsiniz ki, hakimiyyət uğrunda Moskvadan adam gəlib burada prezident seçiləcək. Mən buna inanmıram. Bu mümkün olmayan şeydir. Moskva yenidən burada gəlib öz sərnişinini oturda bilməyəcək. Moskva SSRİ-ni bərpa edə bilməyəcək. Rusiya həm siyasi, həm də iqtisadi böhran içərisindədəir. Baxmayarq ki, o qədər sərvəti var. Çünki ölkənin yolları bərbad vəziyyətdədir. Şimalda hər gün partlayışlar olur. İstilik xətləri partlayır, camaat donur. Rusiya bu problemlərin içərisində batır. Üstəlik, Maqnitski qanunu ki var, Rusiyanın bütün varlı təbəqəsinə böyük bir zərbədir. Onların uşaqları da, kapitalları, külli miqdarda daşınmaz əmlakları da xaricdədir. Maqnitski qanunu buna zərbə vurur. Yerinə isə axmaq bir qanun qəbul edirlər. Bununla amerikalıların rus uşaqlarını oğulluğa götürməyə qadağan edəcəklər. Hamı buna gülür. Guya ki, bu Amerikaya böyük bir ziyan verəcəkdir. Amerika əksinə, Rusiyaya xeyir verir. 600 min uşaq götürərək onları atalı-analı, təhsilli yetişdirib. İndi ondan iki üç nəfəri maşında boğulub yaddan çıxıb qalıb. Dünən Dorç kanalında hesabat verildi ki, Amerikada belə hadisələr olur. Amerikalıların öz uşaqları da bu cür təsadüfi hadisələrdən məhv olur. Rusiyanın özündə uşaqlara qarşı münasibət pisdir. Onlar uşaqlarını atırlar və saxlamaq istəmirlər. Çoxusu alkoqolizm xəstəsidir. Rusiya gedib bunlarla mübarizə aparsın. Yenidən Rusiya başqa dövlətlərlə Azərbaycana, Gürcüstana təsir etmək imkanlarında olmayacaqlar.

- 2013-cü il Azərbaycanda prezident seçkiləri ili olacaq. Nə kimi proqnozlarınız var?
- Prezident seçkiləri ilə bağlı heç nə deyə bilmərəm. Seçkilər olsun baxaq görək nə olacaq. Yəni hakimiyyət söz verir ki, bu dünyada görünməyən demokratik seçki olacaq. Gözləyək, nə cür olacaq. Hesab edirlər ki, çox qalmaqallı seçkilər olacaq. Münəccimlik etməyək.

- Demokratik seçkilər baş tuta biləcəkmi sizcə? Çünki seçkilərlə bağlı Azərbaycan hakimiyyətinə həmişə Qərb təzyiq edir...
- Hamısı xalqdan asılı olacaq. Xalq bacarsa, seçkilər demokratik keçiriləcək. Əgər bacarmasa, yenə də əvvəlki kimi olacaq. Bunu deyə bilərəm. Xalqın iradəsi olmalıdır. Varmı bizdə bu iradə? Məsələn, çox vaxt media məsələləri şişirdir, ya da kiçildir. Daxili məsələlərdə medianın ruhu ilə bütün bu siyasi proseslərə qiymət vermək çox çətindir. Məsələn, daxildə bəziləri deyir ki, Azərbaycan xalqı firavan və gözəl yaşayır. Həqiqətən də Azərbaycan xalqı 90-ci illərlə müqayisdə indi qat-qat artıq yaşayır. Amma indi ondan da qat-qat narazıdır ki, bu firavanlıq yalnız bir qrup əhaliyə məxsusdur. Amma ki, başqaları çətinlik içindədir. Görək, həqiqət nə cür olacaq. Seçkilər özü bunu göstərəcək.

- Ölkədə demokratik mühitin yaranması üçün çalışan Müsavat və AXCP kimi partiyalar var. Bu partiyalar arasında belə vahid mövqe, birlik hələ də əldə oluna bilmir. Sizin müşahidələriniz nədir?
- Məsələn, Gürcüstanda bütün kiçik partiyalar bir yerə yığışaraq Saakaşviliyə qalib gəlidilər. İndi bizdəki partiyalar da belə etsinlər. Əgər bunlar loğvadırlarsa, hərəsi özünü görmək istəyirsə, heç bir şeyə nail ola bilməyəcəklər. Əgər ziddiyyətlərə qalib gələ bilməsələr, bir platformadan çıxış edə bilməsələr bu vaxta kimi necə məğlub olublarsa, bundan sonra da məğlub olacaqlar.

- Demək olarmı ki, Azərbaycanda real müxalifət hələ də formalaşmayıb?
- Seçkiyə qədər hələ vaxt çoxdur. Bu prosesləri izləmək olar. Hakimiyyət də seçkilərlə bağlı tədbirlər görür, müxalifət də hazırlaşır. Bəlkə müxalifət toparlana bildi. Bəlkə də hakimiyyət elə islahatlar apardı ki, hamı razı qalacaq. Heç bir dəyişikliyə də ehtiyac olmayacaq. Bir sıra məsələlər var ki, biz onları axıra qədər bilmirik. Üstəlik də ətrafımızda olan böyük siyasi dartışmalar, Suriya məsələsi, İran məsələsi də nəzərə alınır. Yəni birinci növbədə məsələlər bunlardır. Azərbaycandakı seçki məsələləri deyil. Bu məsələlərin də seçkilərə təsiri ola bilər. Əgər Qərbin, Amerikanın başı o məsələlərə çox qarışıq olsa, bizlə məşğul olmayacaq. Biz özümüz həmişəki kimi öz xəmirimizi yoğuracağıq. Bax belə. Bunları da nəzərə almaq lazımdır. Təsəvvür etməyin ki, bu çox sadə situasiyadır, Bu xeyli mürəkkəb situasiyadır.

- Vəfa Quluzadə prezidentliyə namizəd qismində kimi görür?
- Mənim şəxsən özümün namizədim yoxdur. Mən istəyirəm ki, xalqın istədiyi namizəd olsun. Yəni ədalətli seçki olsun. Xalq kimi istəyirsə, onu seçsin.

- Qayıdaq Rusiya məsələsinə. Məncə, Rusiyanı türklər demişkən, o qədər də “hafifə” almaq olmaz. Ola bilərmi ki, bu hadisələrdən sonra 2013-cü ildə Rusiyada yaşayan azərbaycanlıların kütləvi deportasiyası baş tutsun?
- Rusiyadan hər şey gözləyirəm. Çünki onlar nəyisə proqnozlaşdıran demokratik dövlət deyillər. Mən sizi əmin edə bilərəm ki, Amerikadan azərbaycanlılar qovulmayacaq. Almaniyada da külli miqdarda azərbaycanlılar yaşayır. Onlara da dəyməyəcəklər. O cümlədən Türkiyədə də. Amma Rusiya üçün mən sizə zəmanət verə bilmərəm. Çünki Rusiya imperiyadır. İmperiyalar keyflə bu cür məsələrlə oynayırlar. İmperiyalıların psixologiyası tamam başqadır. Onlar gözlənilməz addımlar ata bilirlər.

- Rusiya bu addımı atsa, Azərbaycan daxilində vəziyyət gərginləşə bilər...
- Bunu Rusiyadan gözləmək lazımdır. Və bunun əleyhinə tədbirlər də görmək lazımdır. Əgər bura azərbaycanlılar gələcəksə, indidən külli miqdarda iş və yaşayış yerləri yaratmalıyıq. Biz vətəndaşlarımızdan imtina etməyəcəyik ki? Eyni zamnda mən inanmıram ki, Rusiyanın gücü buna çatsın və azərbaycanlıları ərazilərindən külli şəkildə çıxartsın. Çünki onlara möhtacdırlar. İkincisi, Rusiya o dərəcədə korrupsiyalaşıb ki, ordan bura gəlmək istəməyən adam polisə rüşvət verib orada qalacaq. Ona görə də bu barədə çox narahat olmayın.

- Bəs indiki halda Azərbaycan hakimiyyəti kütləvi şəkildə vətəndaşlarımızın ölkəyə qayıtması prosesinə hazırdırmı?
- Gərək bu məsələni həmişə beynimizdə tutaq və buna hazır olaq. Tədbirlərimiz əvvəlcədən görülsün.

- Müsahibəyə razılıq ona görə verdiniz ki, ən çox geosiyasətlə bağlı sualları cavablandırmaq istədiyinizi bildirdiniz. Amma daxili siyasətdən də kifayət qədər danışdıq. Keçək xarici siyasətə. Ekspertlər iddia edir ki, Suriya hadisələri yanvarın ortalarına kimi yekunlaşacaq. Siz necə hesab edirsiniz?
- Bilirsinizmi, Suriyadakı məsələlər artıq açıq-aydındır. Bəşər Əsəd ölkəyə rəhbərlik edə bilmir. Ekspertlərin dediklərinə görə, Bəşər Əsəd Suriyaya xarici qoşun gəlməsinə ordunu hazırlaşdırırdı. Amma küçə döyüşlərinə , partizan müharibəsinə hazır deyildi. Ona görə də ölkədə patizan döyüşündə Bəşər Əsəd uduzdu. Bu partizan döyüşünə cəlb olunan mücahidlər oranı dağıdırlar. Məsələ buna görə uzandı. İkincisi, Bəşər Əsəd xalqı ilə müharibə edərək öz ölkəsini dağıtdı, xalqını qırdı. Amma Bəşər Əsəd gedəcəkdir. Buna şübhə yoxdur.

- Azərbaycan hələ də Suriya məsələsində dəqiq mövqe nümayiş etdirə bilməyib. Türkiyənin yanında olduğunu da bəyan etmədi...
- Azərbaycan balaca bir ölkədir. Azərbaycan bu davaya qarışmasa, yaxşı olar. Elə düzünü edir. Heç kəsi dəstəkləmir. Oturub yerində öz işləri ilə məşğul olur. Bundan yaxşı mövqe varmı?

- Bəzi media orqanları Suriyaya keçən çeçen müxaliflərin və silahların Azərbaycan hava məkanından keçdiyini iddia edir...
- Bunlar hamısı yalandır. O qədər dezinformasiya gəlib keçir ki. Azərbaycandan Suriyaya heç bir şey keçməyibdir və keçə də bilməz. Mənim yadımdadır. Vaxtilə ruslar Azərbaycanın üzərindən Yuqoslaviyaya əsgəri yük aparanda biz onu tutduq saxladıq. Çünk rus təyyarəsi antey və onu içərisində balaca mit qırıcı təyyarəsi var idi. O zaman Gömrük Komitəsi bunları görən kimi mənə zəng vurdu ki, neyniyək. Mən də o zaman Heydər Əliyevlə məsləhətləşib dedim ki, onu tutub saxlamaq lazımdır. Məlumat vermək lazımdır ki, belə hadisə baş verib. Belə də oldu. Azərbaycan zəif vaxtında belə şeylərdən qorxmurdu. İndi Azərbaycan kimdən qorxub Suriyaya silah ötürəcək. Azərbaycanın bəyəm marağı var ki, Suriyada Bəşər Əsəd ömürlük qalsın? Elə şey yoxdur.

- Bəs İranla münasibətlər necə, qaydasına düşüb?
- İranla münasibətlər siz deyən kimi heç vaxt qaydasına düşməyəcək. Çünki İran bizim cənubumuzda olan iddialı bir imperiyadır. Azərbaycaının da qərb yönümlü siyasətindən olduqca narazıdır. Bizim Avropa, Amerika, İsraillə əməkdaşlığımız var. Bunlardan İran narazıdır. Amma narazılığına nəzarət edir və bu narazılıq konkret açıq formaya keçmir.

- İran parlamentində bir qrup komissiya paytaxtın Təbrizə köçürülməsi məsələsini müzakirə edir. Bu gerçəkləşə bilərmi?
- Məclisdə çox məsələlər qaldırılır. Bizim parlamentdə də Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşdirilməsi məsələsi hərdən qaldırılır. Ona görə mən hesab etmirəm ki, Tehrandan Təbrizə paytaxt köçürələcək. Paytaxt köçürmə böyük baş ağrısıdır. Bunu qısa müddətdə etmək mümkün deyil. İranın da indi problemləri çoxdur. Bir yandan nüvə proqramı, o biri tərəfdən dünyanın İrana təpkisi, embarqolar İranı yıxmaq səviyyəsinə gətirib. Hələ görək seçkilər embarqolar şəraitində necə baş tutacaq. Çünki keçən il vəziyyət belə deyildi . Bu il xalq çox narazıdır.

- Son olaraq 2013- cü il Azərbaycanın daxili və xarici siyasəti üçün proqnozlarınızı bilmək istəyirik...
- Mən proqnoz vermək istəmirəm. Mən ümid etmək istəyirəm ki, Azərbaycan stabil olaraq qalacaq. Azərbaycan xalqının vəziyyəti yaxşılaşacaq ki, pisləşməyəcək. Deməli, həm daxili, həm də xarici siyasətdə irəliləyişlər olacaq. Mən bunlara ümid edirəm.

- Hansı irəliləyişləri gözləyirsiniz?
- Daxildə demokratikləşmə, xarici siyasətdə də bizim müttəfiqlərimizlə əlaqələrin daha çox inkişaf etməsini ümid edirəm.

Günel Türksoy