Azərbaycanda vəziyyət - “Həyatımın hekayətləri” VII hissə

azerbaycanda-veziyyet-heyatimin-hekayetleri-vii-hisse
Oxunma sayı: 963

Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.

Əvvəli BURADA




Yolçu yolda gərək


Mən geriyə qayıtdığım zaman ,bizimkilər rahat nəfəs alıb:”Aman çox şükür” dedilər.O günü kənardan xəstələr, yaralılar gəldilər, yaxşı münasibət gördülər.Günorta və axşam bizim üçün vurulmuş ov ətləri yedik. Ertəsi gün səhər artıq ev sahiblərindən icazə istədik, tələsməyimizin səbəbini başa saldıq və nəhayət, razı sala bildik. Bizim üçün öz atlarını gətirdilər və yanımıza bir bələdçi qoşaraq yola salıb, arxamızca su atdılar. Mənim mavi gözlüm yox idi. Çox üzüldüm, qızla vidalaşmaq istəyərdim. Bələdçi öndə, biz arxada, dəvə karvanı kimi yola düşdük. Dar yoldan keçərkən mən lap geridə qaldım. Bu vaxt ağacların arasından bir tərpəniş gördüm və qəflətən mavi gözlü göründü.Əlindəki camı uzatdı və içindəki suyu mənə sarı atdı:”Tez qayıt!” Dilimə yalan gəlmədi.Ona, sadəcə, əl yelləyə bildim.Qız sürətlə geri qaçdı.
Yolumuz Xəzər dənizinə yaxındı; uzaqdan qulağıma dalğaların səsi gəlirdi. Bələdçi muştuluqladı:”Bu gecəni karvansarada keçirərik, sabah tezdən Astaraya çatarıq” dedi. At üstündə yol getmək bizi çox yormuşdu. Həm də Mikayıl Mirzə ömründə heç ata minmədiyindən yəhərdə otura bilmirdi.Tez-tez xəstələnirdi. Nəhayət, qərar verildi.Onu Astaradan təkrar geri qaytaracaqdıq. O isə çox israr edirdi:”Hamımız bir yerdə dönək.” Amma bu mümkün deyildi. Çünki, biz Türkiyə ordusuna çatana qədər yolumuza davam etməyə qərar vermişdik: İstər ölü, istər diri...
Həqiqətən də, ertəsi gün günortaya yaxın Astaraya yetişdik. Mikayıl Mirzə yaman xəstələndi, kürəyi yaralandı. Sahildə təsadüfən bir yelkənli qayıq vardı; Ənzəli limanına qədər gedəcəkdi. Axşam yola çıxacaqdılar. Kapitanla razılaşıb, Mikayıl Mirzəni yola saldıq.

* * *

Astara şəhəri Astara çayı ilə ikiyə bölünmüşdür. Kiçik bir körpü hər iki tərəfi bir-birinə bağlayır.Qarşı tərəf rusların əlindəydi, bizim olduğumuz tərəf isə İrana qatılmışdı; elə buradan da Şimal (Qafqaz) və Cənub (İran) Azərbaycanı meydana gəlmişdir. İkisi də kiçik bir şəhər halındaydı. Astara çayı hər iki tərəf üçün də bir qaçaqçılıq, xəbəralma vasitəsidir. Əlaqə körpü vasitəsi ilə deyil, çaydan atla və ya piyada keçməklə saxlanılırdı.
Biz bir az dənizin sahilində gəzişdik. Meşədən aşağıya doğru endikdən sonra nar kolları başlayırdı. Buradan yığılan yabanı narlar Astara və Ərdəbil dabbaqxanalarına göndərilir və burada dəri emalında istifadə edilirdi; həmçinin də yun ipəklərin boyanması üçün...


Çer Hüseyn

Gecəni Astaranın bir karvansarasında yatdıq.Çayxanada oturarkən yerli adamlardan bir neçə nəfəri bizə yaxınlaşıb, ehtiram göstərdilər.Onlara məqsədimizi açıqladıq.Onlar bizə:”Bu işi Çer Hüseyn həll edər” dedilər. Çer Hüseyn o biri taydakı Astaranın məhşur mücahid bəylərindən biri imiş. Hələ də rus-kommunist sürüləri ilə döyüşürmüş. Axşam çayın kənarına təcrübə keçmək məqsədilə endiyimiz zaman, uzaqdan tüfəng və avtomatların səsi eşidildi. Çayın kənarından ayrılıb üzü yuxarı qalxarkən, karvansaradakı tanışlarımızdan birisi bizə yaxınlaşıb salamlaşdı. Bir az ordan-burdan söhbət etdikdən sonra Çer Hüseynin yanından gəldiyini söylədi. Ona bizim gəldiyimizi və məqsədimizi çatdırmışdılar.Çer Hüseyn bizi məmnuniyyətlə gözləyirmiş. Sabahı alatoranda atlara minib, çayın kənarına gedib, oradan bir qədər aşağıda - meşəlik tərəfdə Çer Hüseynin işarəsini gözləyəcəkdik.
Həmin adam sübh tezdən karvansaranın yanında bizi gözləyirdi. Adamlar bizim minəcəyimiz atlarla çayın kənarında dayanmışdılar. Bizim bələdçi çayın kənarına çatar - çatmaz silahını çiynindən endirdi və suya atəş açdı, diqqətlə qarşıdakı meşədən cavab gözlədi.Üstündən bir neçə dəqiqə keçmişdi ki, əvvəlcə uzaqdan, sonra isə yaxından silah səsi eşidildi. Bizim bələdçi bir daha suya atəş açan kimi qarşıdan dərhal cavab gəldi:”Gəldilər, bizi gözləyirlər!” dedi bələdçi.
Atlara mindik və keçid yerinə tərəf bələdçinin ardınca atları dalbadal sürdük. Mən hərbi geyimdə qabaqda gedirdim. Su çox sərindi, üzərində atəş səslərindən keyləşmiş balıqlar üzürdü. Onlara yazığım gəldi, xeyli iri balıqlar idi. Amma burada onlara qiymət belə vermirdilər. Beləliklə, balıqlar da Xəzərə doğru axıb getdi.
Biz qarşı tərəfə keçər - keçməz, meşənin hər tərəfindən atlılar çıxıb, ətrafımızı dövrələdilər. Hamısı da başdan ayağa silahlı, patronlarla silahlanmışdılar. Bizdə yalnız böyük qardaşım Əli də bir tapanca vardı, altı da gülləsi.Əvvəlcə qorxduq, bəlkə tələdir-deyə. Lakin amiranə bir səs eşitdik:”Xoş gəldiniz, qardaşlar!”
Bu səs Çer Hüseynin özünün səsiydi. Atından düşərək bizə yaxınlaşdı, gülər üzlə bir daha salamladı. Biz də atlarımızdan endik; adamları atlarımızı aldılar. Çer Hüseynə özümüzü bir-bir təqdim etdik və danışa-danışa meşənin içinə girdik. Bir az sonra itlər hürüşdü və uzun bir evə yaxınlaşdıq.Gözəl və zəngin döşənmiş bir otağa girdik. Doğrusu, meşəninn içində belə bir zal otaqla qarşılaşacağımızı ağlımıza belə gətirə bilməzdik. Çer Hüseyn əslində buranın Xanı idi; hər kəs onunla “Xan Həzrətləri” deyə danışırdı. Bizsə ona ixtiyarsız olaraq “Hüseyn xan!” deyə müraciət edirdik.
Yeməkdən sonra çay gəldi.Çay gəlməsəydi,yediyimiz o plovları, toyuqları, mersin balıqlarını, şirniyyatı həzm etmək çətin olardı. Çay içilərkən “artıq olan” adamlara Xan işarə verdi və onlar uzaqlaşdılar.Yalnız bələdçi qaldı. Soradan öyrəndik ki, o , Çer Hüseynin ən yaxın adamlarından imiş, bizimlə görüşməyə də qəsdən onu göndəribmiş.
Gecəni siyasi söhbətlərlə keçirdik; Demə, Çer Hüseyn bu yerlərə gizlin şəkildə girib, Türkiyə qüvvələrinin yolunu kəsmək tapşırığı alan, bizim hissəmizdə boş qalan, Lənkərandakı rus birliklərinə qarşı döyüşürmüş. Ani hücumlarla , meşəyə girən rusları pərişan edirmiş.
Gecənin bir aləmi müdhiş bir top gülləsinin gurultusu hamımızı oyandırdı. Ruslar buraları top atəşinə tutmuşdular.Çer Hüseyn çölə çıxdı, bir saat sonra meşədə güclü silah səsləri eşidildi. Çer Hüseynin dəstələri hücuma keçmişdi. Az sonra zal otaq silahlı “komandirlərlə” doldu. Hamısı da kefli, sanki əyləncədən dönmüşdülər. Etdiklərini başa salırdılar. Ruslar xeyli itki vermişdilər; xeyli silah, patron almışdılar. Topçular geri qaçmış, gecənin qaranlığından istifadə edərək, yaralılarını da götürməyə fürsət tapmışdılar.
Gecəni rahat yatdıq. Ruslar öz paylarını almışdılar. Sübh tezdən Çer Hüseyn öz qohumlarından bir nəfəri bələdçi kimi verərək, bizi yola saldı.Gələn xəbərlərə görə,Türkiyədən olan dəstələr Lənkəranın ətrafında olanlarla yaxınlaşırlarmış. Nəhayət, iki gün yol getdikdən sonra geri dönmək məcburiyyətində qaldıq. Bələdçi bizə daha artıq irəli gedə bilməyəcəyimizi bildirdi: Ətrafda müxtəlif şübhəli adamlar görünməyə başladı. Bələdçi:”Bunlara mənim də etimadım yoxdur”-dedi. Geri qayıtmaq məcburiyyətində qaldıq. Ancaq qayıdarkən üzü yuxarı qalxmağa başladıq. Bu an meşənin içində əli silahlı adamlar bizi mühasirəyə aldılar. Mən qabaqda,o birilər isə karvan kimi meşənin dar cığırında atlarımızı sürürdük. Bizi dövrələyənlərdən biri mənə yaxınlaşaraq, əlimi qucaqlayıb öpdü:
-Paşam, xoş gəldiniz!.. Xoş gördük, inşallah yaxşısınız.
-Yaxşıyıq, siz də sağ-salamat olun. Əsgərləriniz haradadır?
Əlimlə Ərdəbil istiqamətini göstərərək:
-Gəlirlər!-dedim.
Bunların bizi Türkiyəli zabitlər olduğumuzu sandıqlarını anlamışdım.Yusif Əli Dadaş güldü və adamlar getdikdən sonra:
-Əziz indi də paşa oldu!-dedi.
Həm gülür, həm də narahat olurduq.
Çer Hüseyn bizi gülərüzlə qarşıladı. Kədərlə:”Təəssüf ki, mən öz adamlarıma da güvənə bilmirəm”dedi. Bizə Ərdəbil yolunu seçməyimizi tövsiyə etdi. Çarəsiz qəbul etdik. Etməsəydik guya, nə olacaqdı...
Axşamın qaranlığında Astara çayına yaxınlaşdıq və o biri tərəfə keçməyə hazırlaşdıq. Çer Hüseynlə vidalaşarkən düşünməmişdim ki, gələcəkdə bir daha həbsxanada görüşəcəyik...
O tərəfə ilk olaraq Çer Hüseynin adamları keçmişdilər. Silah səsini eşidən kimi Çer Hüseyn:”Haydı, yolunuz açıq və uğurlu olsun!” dedi. Ona qonaqpərvərliyinə və millətsevərliyinə görə təşəkkür etdik. Qardaş kimi qucaqlaşdıq və atlarımızı “Bismillah” deyə bələdçinin arxasınca sürdük. Çay bir az daşmışdı. Sular gurultu ilə daşları süpürləyərək Xəzər dənizinə doğu axıdırdı. Bu arada atım axsadı, deyəsən, ayağına daş dəymişdi.
Az sonra qarşıda Çer Hüseynin adamları bizi qarşıladılar və yaxşıca istirahət etmək üçün karvansaraya apardılar, dərhal da ayrıldılar. Ertəsi gün Astara xanını ziyarət etməliydik. Karvansarada:”Xan sizə ağıllı məsləhət verər”demişdilər. Biz də elə etdik. Xan həzrətlərinə bizləri qəbul edib, məsləhət almaq üçün vasitəçi göndərdik. Xan:”Buyursunlar” demişdi. Biz də qrup halında onu ziyarətə getdik. Xan başında qoyun dərisindən tikilmiş böyük papaq, gülərüzlə bizi qəbul etdi. Ancaq danışığında heç də mehribançılıq, səmimiyyət yox idi.Yəni onun danışıq tərzi belə idi:”Qarnınızı yerə qoyun...” Biz itaət edərək qoyduq.”Qarnınızda söz var çıxarın...” Biz də “sözləri çıxardıq”, ona dərdimizi söylədik.”Mən sizə Nəmin xanın sahəsinə qədər kömək edə bilərəm,o biri tərəfə isə mən qatışmıram-dedi. -Aramız açıqdır.”
Ona təşəkkür edib ayrıldıq. Çıxarkən böyük həyətində ov itləri, kötüklər üzərində qırğılar gördük. Bu adamın ova marağı varmış. Bizi qapıya qədər yola saldı və gecə qonaq qalmağımızı xahiş etdi. Lakin biz təşəkkür edərək, qayıdarkən bir daha onu ziyarət edəcəyimizə söz verdik.Yalnız bizə iki at, yəhəri ilə birlikdə satın almamıza vasitəçi olmağını xahiş etdik. Həqiqətən də, qısa zamanda yəhərli iki at satın almışdıq. Digərlərini isə bizə xan həzrətləri vermişdi, təbii ki, lazımi sərhəddə qədər.
Xanla vidalaşaraq və özünə də çox-çox təşəkkür edərək ayrıldıq. Xanın türk ordusuna salam - dualarını da apardıq.Uzun yol getdikdən sonra, hündür təpələrə dırmaşdıq.Uzaqdan gələn atlılar sürətlə bizə yaxınlaşırdılar. Bu yerlər Nəmin xanın ərazisi idi. Astara xanının atlıları vidalaşaraq ayrıldılar.Yarım saat sonra gələn atlılar bizi qarşıladılar. Dağdakı dumandan güclə görünən “çayxana”ya apardılar.”Siz yorğunsunuz, gecə yolunuzu davam etdirə bilməzsiniz. Burada istirahət edin, bizim Alı sizə bələdçi olar. Xan həzrətləri sizi gözləyir”.
Doğrusu, biz təəccübləndik. Bizim iki günlük yol gələcəyimizdən xan necə xəbər tutmuşdu.Telefon yox, teleqraf yox. Belədə adamın ağlına qədim türk hərbçilərinin qasidləri gəlir. Kim bilir, xəbərləri çatdıran atlı necə at sürüb.Yoxsa, bir nöqtədən o biri nöqtəyə xəbərmi aparmaq olar?.. Gecə çayxanada (dağüstü oteldə) bizi “Türkiyəli zabitlər qrupun”a bənzətdiklərini anladıq. Bu əhvalın pozulmaması üçün də qərar verdik ki, heç birimiz danışmayacağıq.Yalnız Yusif Əli dadaş (bir zamanlar Türkiyəyə getmiş və bir qədər “Osmanlı” şivəsini bilmiş olduğundan ) təmasları quracaqdı. Elə də etdik. Ancaq gecə bir hadisə fikrimizi alt-üst etdi.Yataqlarda və yerdə (döşəklər yerdəki kilimlərin üstünə sərilmişdi) o qədər birə vardı ki, yatmaq olmurdu. Halbuki, bütün günü yəhərdə oturub yol getməkdən halsız idik. O vaxt karvansara sahiblərindən birini görən doktor Məhəmməd Əli onu yanına çağırıb, azəri ləhcəsiylə yalvardı:”Dadaş , nolar, bir tikə nöyüt ver, əndamımıza sürtək.” Bunu eşidincə biz başımızı yorğanın altına soxub, gülməkdən uğunduq... Oldumu indi: Yusif Əli dadaşın”Bəli əfəndim, binaen aleyh, mamafif ” kimi Osmanlı sözlərindən sonra bu adamlar nə deyəcəkdilər indi? Ancaq sübh tezdən başa düşdük ki, kimsə buna fikir verməyib. Beləcə də, boş yerə qorxuya düşmüşük. Qorxumuza səbəb isə bu yerlərdə mülki şəxslərə çox da hörmət olmamasıydı. Ancaq türkiyəli əsgərlərə böyük sevgi və heyranlıq vardı.
Ertəsi gün səhər hərəkət edərək, bələdçi ilə birlikdə yolumuzu davam etdirdik. Günortadan sonra Nəmin xanın imarətinə yetişdik. İmarət bir vadidə yerləşirdi. Qapının çöl tərəfində sağ və solda kötük üzərində bir neçə qırğı oturmuşdu.Tövlədə atlar kişnəyirdi.Uşaqlar həyəcanla həyətdə qaçışırdılar. İmarətdən iki bayraq asılmışdı; birisi İranın ,o birisi isə Türkiyənin idi. Buna həm çox sevindik, həm də çaşdıq.Görəsən, Türkiyə bayrağı buraya necə gəlib çıxmışdı? Görəsən, bizimkilərdən burada əvvəllər kimlərsə olubmu?
Qəlbimiz sevinclə dolmuşdu. Atlardan endikdən sonra bunu səbəbini anladıq. Xan, yanındakı başında fəs olan ortaboylu bir kişiylə danışırdı. Bizi görüncə, hər ikisi ayağa qalxıb, gülərüzlə salamlaşdılar:”Xoş gəldiniz!”dedilər. Xanın səsi güclə eşidilirdi. Əli qardaşım bu an onu müayinə etdi və sonra müalicə edəcəyini söylədi. Həmin adam sevincindən nə edəcəyini bilmirdi.”Allah özü sizi mənə göndərib.Yoxsa, burada doktoru haradan tapacaqdım?”deyə sevinirdi.
Qardaşım təmiz dəmir qazanda bir qədər su qaynatmağı xahiş etdi. Su hazır olana qədər isə biz söhbətimizə davam etdik. Başında fəs olan şəxs türkiyəli zabit imiş. Lakin mülki geyimdə gəzərək, hərbi kəşfiyyat aparırmış.Aldığı xəbərləri də,belə başa düşdük ki,Təbrizdəki Əli İhsan (Sabis) Paşanın qərargahına göndərirmiş. Beləcə də, bizim üçün çox fərəhli olan xəbəri aldıq: Türkiyə dəstələri Təbrizdə idi...
Hamımız sevincimizdən qucaqlaşdıq. Artıq arzumuza nail olacaqdıq. Türkiyəli qardaşlarımızla çiyin-çiyinə düşmənə qarşı vuruşacaqdıq. Necə böyük bir səadət!
Qaynar su hazır idi.Təmiz dəsmallar gətirildi. Əli qardaşım məni “assistent” olaraq yanına götürdü. Assistentliyim təbii ki,”bunu gətir”, “bunu götür”dən ibarət idi. Nəmin xan böyük bir stula oturduldu.Qardaşım çantasını açdı və hazırlıq gördü. Alətlər dezinfeksiya edildikdən sonra, xanın qolundan Yusif Əli dadaş tutdu.O biri qolundan da mən yapışdım. Əvvəlcə qırtlağa dərman çəkildi. Sonra qaynar suda dezinfeksiya edilmiş (təbii ki, primitiv şəkildə) aləti əlinə aldı və xana:”Açın ağzınızı bu alətlə baxım görüm şiş haradadır,”-deyə xanın çuval kimi açılan ağzına aləti soxmaqla çıxarması bir oldu. Xan ancaq “hıq” edə bildi.Və sonra sevincindən gözündən yaş axdı. Artıq danışır, əmrlər verə bilirdi.
Ertəsi gün səhər biz ayrılarkən bir müddət qalmamız üçün xanın israrlı olmasına baxmayaraq, ixtiyarsız biz getməyə hazırlaşdıq.Uşağın tutub gətirdiyi yəhərlənmiş bir atı qardaşıma göstərərək:”-Bu atı məndən hədiyyə götürün, yol getmək üçün yaxşıdır, işinizə yarayar “deyə, bir kisə dolu gümüş pul da verdi...
Türkiyəli zabit bizə Təbriz qərargahına çatdırmağımız üçün bir məktub yazıb verdi. Buralardakı və Ənzəli tərəflərdəki vəziyyəti başa salmağımızı xahiş etdi.
Bu dəfə özümüzə aid olan üç atla səyahət edirdik. Digər ikisini bizə bələdçi kimi verilən kəndlilərdən almışdıq. Artıq Səraba yaxınlaşırdıq. Bu an yenə də meşə yolu ilə getdik. Qəflətən göy guruldadı, şimşək çaxdı, hava tutuldu, yağış leysan kimi başımıza yağırdı. Hər tərəf əlisilahlı “Şahsevən” türk tayfalarının mənsubları ilə doli idi. Allahdan oldu ki, yolun ağzında bir çayçı dükanı ilə rastlaşdıq.
Kluba bənzər bir şeydi, yağışdan islanan yolçuların hamısı oraya doluşmuşdular. Bizə də “Buyurun” dedilər. Məmnuniyyətlə oraya sığındıq. Çayın belə havada necə ləzzətli olduğunu yalnız orada olarkən hiss etdim... Buradakı Şavsevənlərin adətidir, tüfəng lüləsinin alt hissəsinə “paya” (çəngəl çubuq) bərkidirlər.Çox zaman atəş açarkən də bardaş qurub oturar, tüfəng oynamasın deyə payanı yerə iki ucuyla bərkidərlər.Yolda bu vəziyyətdə “məşq edən” bir çox on –on iki yaşlarında uşaqlara rast gəldik. Onların məktəbləri “məşq”idi. Çox zaman burada tez-tez soyğunçuluq olarkən uşaqlar və ya tək bir uşaq əlində bu şəkildə hazırlanmış tüfəng, yolun kənarında, ağacın altında bardaş quraraq oturub öz ovunu gözləyir. Bu yerlərə xəbər tez çatır. Yoldan keçən yolçuya uşaq səslənərək deyir:”Haydı, malının bir qismini buraya boşalt”.
Təbii ki, bu yerlərin qayda-qanunlarını bilməyən təcrübəsiz yolçu uşağa baş qoşmağa çalışır. Qorxulu nişançı olan bu uşaqlar elə birinci güllədən adamın papağını, ya sıyırır və ya nişan alaraq yerə fırladır. Ancaq kimsə silaha sarıldımı və ya bir az cəsarətləndimi, o zaman meşənin hər tərəfindən silahlı “ovçular” çıxar.Və artıq o yolçunun nə malı qalar, nə də bircə heyvanı, hamısı “müsadirə” edilər.
Beləliklə, bu cür təhlükəli yerdən keçərkən, uzaqdan bir atlı gördük. Bizim bələdçilərdən biri atını sürüb, bizə yaxınlaşdı:”Bəy, bura artıq bizim üçün təhlükəlidir...” deyə icazə istədi və halallaşaraq geri döndülər... Çarəsiz yolu yolçulardan soruşaraq irəliləyirdik. Bu an qarşıdan gələn atlını görüncə dayandıq... Hələ arxasında tüfənginin olduğunu da biləndə şübhələndik... Atları saxladıq və məşvərət etdik. Nəhayət, mən bir təklif irəli sürdüm.Yeganə silahımız olan tapancanı mən götürüb, atımı irəli sürərəm. Əgər, işdi-şayət o tək deyilsə və görünən qayaların arxasında pusquda duran başqaları da varsa, papağımı havaya qaldıraram. Həmin adam tək olub silahına sarılmaq istəsə, ondan daha cəld tərpənib tapanca ilə onu qorxudaram. Elə də etdik. Mən Nəmin xanın hədiyyə etdiyi ata minmişdim.Qardaşımdan tapancanı aldım, tətiyini çəkdim və atı sürdüm.Yolçu özünü sakit apardı.Yaxınlaşarkən salamlaşdıq və yolumuza davam etdik. Qayalara çatanda da arxasında heç kəsi görmədim. Atımı geri döndərib, dayandım. Bizimkiləri gözlədim. Az sonra sevinc içində atlarımızı sürərək yolumuza davam etdik. Bu vaxt doktor Məhəməd Əli bəyin “Osmanlı şivəsi ilə” necə nöyüt istədiyini təqlid edərək gülümsəməyə başladıq.
Az sonra Poladlı xanın imarətinə yetişdik. Bizi çox yaxşı qarşıladılar.Uzun sürən səmimi söhbətdən və yaxşı yeməklərdən sonra “Yolçu yolda gərək” deyib, ev sahiblərindən icazə aldıq. Yola çıxdıq. Poladlı xanın cüssəli qardaşı bizi öz adamları ilə birgə yola salıb, uğur arzuladılar. Hamısı da silahlı idi. Arada yolumuz təpələrdən keçirdi.Uzaqdan yerdə parıldayan biy şey gördüm.Yaxınlaşıb, atdan endim və nə görsəm yaxşıdır? Birinci növ mədən kömürü; Antrasit!..
Xana göstərərək:”Bu möhtəşəm bir sərvətdir! Niyə görə bunu istifadə etmirsiniz?” deyərkən gənc xan əllərini havaya qaldırıb, ətrafı göstəririmiş kimi:”-Necə istifadə edə bilərik?.. Gəl sən istifadə et, biz də baxıb məmnun olarıq...” dedi.
Beləliklə, zəngin ərazilərdə yaşayan Türk xanlarının yaratdıqları natarazlığın nəticəsi - zəngindir, lakin nizam, asayiş yoxdu. Artıq buradan nə gözləmək olar?.. Hayıf bu Türk ölkəsinə!.. Bu vəziyyəti görüncə hamımız üzülmüşdük... Bu fikirlərə dalarkən xan qəflətən atını sürdü. İti gözlərindən qızılı bir tülkü qaçmadı... Xan atını sürdü: Hoy!.. Hoy!.. bağıraraq, tülkünü qovmağa başladı. Zavallı tülkü gah sağa, gah da sola dönür, ancaq sürətli atla bacarmırdı və yan-yana qaçarkən, heç unutmayacağım bir çeviklik səhnəsinin şahidi olduq: Xan atdan mayallaq aşaraq sıçradı, havada silahını kürəyindən endirdi və ayağını yerə qoyunca atəş açdı. Tülkünün bir anda leşini yerə sərdi... At da mıxlanmış kimi sahibini yanında durmşdu... Çaşqınlığımız keçəndə hamımız xana heyranlığımızı bildirdik, onunla öyündüyümüzü söylədik. Xan məmnun halda, gülərüzlə, yerdə uzanan tülkünün quyruğundan tutub, ayağımızın altına atdı:”-Yolunuz açıqdır! Tülkü uğur gətirir!” deyə ucadan qışqırdı. Hamımız onun məharətini öydük. Xan məmnun olmuşdu. Bizdən icazə alaraq vidalaşdı, yaxşı yol arzuladı və adamları ilə birgə atlarını sürüb, toz-duman içində gözdən itdilər... Həqiqətən də, bundan sonrakı səfərimiz rahat və qorxusuz, həm də xeyli sevincli oldu...

Süvarilər gəlir! Bakı qurtuldu

Sərab şəhərinə yaxınlaşdığımız zaman uzaqdan izdiham gördük. Bunun səbəbini anlamadıq. Lakin lap yaxınlaşanda hamısı sevinclə :”Türkiyəli süvarilər gəlir!” deyə harayladılar. Bunu görüncə biz də onların sevincinə qatıldıq. Artıq vaxt varmış deyirdilər. Biz də bundan faydalanaraq, qarşıdakı aşxanaya girdik, şikayət edən mədəmizi doyurduq. Bir saatdan sonra xalq arasında bir uğultu eşidildi. Gözləri iti olanlar, uzaqdan toz-dumanı görən kimi qışqırmağa, sevincdən atılıb-düşməyə başladılar:”Atlılar gəlirlər!.. Atlılar gəlirlər!..” deyə qışqırırdılar...
Nəhayət, biz də toz-dumanı yarıb çıxan süvariləri gözlərimizlə gördük. Sevinc içindəydik... Belə məşəqqətli səfərdən sonra, nəhayət, əziz qardaş ordusuna qovuşurduq.Üzümüz gülürdü, gözlərimizdən sevinc yaşları axırdı... Ulu Tanrı, şükür sənə! Bu günü də göstərdin bizə...
Az sonra gələn zabitlərlə də görüşdük. Bunlardan bir neçəsi Qafqazlı idi. Xeyli dərdləşdik; Biz danışdıq onlar dinlədilər,onlar danışdı biz dinlədik .Sonra istirahətə çəkildik. Oteldə şirin bir yuxuya getmişdik ki, birdən qapımız döyüldü.Gülərüzlü mehmanxana işçisi bizə:”-Bəyim, aşağıda sizi Türkiyədən gələn atlı zabitlərdən biri görmək istəyir-dedi.
Gələn bir çavuş idi. Əlindəki məktubu bizə uzatdı. Məktubu Yusif Əli Dadaş oxudu:”Qərargaha təşrif buyurmağınızı xahiş edirəm.” İmza...
Dərhal, gəlirik deyib, çavuşla xəbər və salamımızı yolladıq...
Qərargaha gəldiyimiz zaman zabitlər bizi sevinclə qarşıladılar. Hələ səfərimizin məqsədini öyrənincə əməlli - başlı dostlaşdıq, bizi təbrik etdilər. Çay gəldi... Boş stəkanlar getdi, dolu gəldi... Söhbət şirinləşdi, milli həyəcan artdıqca artdı... Artıq uzun səfərin yorğunluğunu hiss etmirdik. Bu an komandirə bir xəbər gəldi. Üzü gülürdü. Başını bizə tərəf çevirdi və :”Az sonra sizə gözəl xəbər verəcəyəm!”-dedi. Bizi maraq götürmüşdü:”Görəsən... Görəsən...” ancaq nə olduğunu heç cürə qətiləşdirə bilmirdik.
Bəlkə də, üstündən yarım saat keçmişdi, komandirə bir teleqram gətirdilər. Açıb oxudu və sevinclə teleqramı havaya qaldırdı:”Təbrik edirəm! Şanlı ordumuz Bakını almışdır!” Sevincdən yerimizdən hoppandıq, hamı ilə qucaqlaşdıq, öpüşdük, sevinc göz yaşı axıtdıq...
Nə gözəl, nə sevincli gün idi o gün!.. Şükür sənə Ulu Tanrı!.. Düşmən əzilmişdir... Onlara yardıma gələn ingilislər qaçmışdır. Mart ayında bizi çoluq-cocuqlarımızla, qadınlarımızla qəddarcasına qətl edən ermənilər də Bakı əhalisinin ixtiyarına verilmişdi... Artıq intiqamımız alınmışdı:Şükür sənə, Ulu Tanrı!..
1918-ci ilin sentyabr ayı idi. Amma ayın neçəsi olduğu yadımda qalmayıb. Bir gün komandir bizi qərargaha dəvət etdi və Təbrizə getməyimizi söylədi.Orada ordunun başında Əli İhsan (Sabis) Paşa ilə görüşəcəyimizi dedi:Çünki Türk ordusu oradan Culfa yolu ilə Azərbaycana göndəriləcəkmiş. Bir daha şanlı süvari zabitlər ilə görüşdük, çay içib dərdləşdik və yola düşdük. Bu döyüşkən türkləri bir araya gətirib möhtəşəm bir dövlət quracaq bir kimsə yoxdurmu? Görəsən, bu general(başbuğ), gözlənilən adam nə vaxt gələcək? Necə də bərəkətli yerlər, necə də zəngin mədənlər, necə də güclü – qüvvətli insanlar!.. Bunlar gələcəkdəki Azərbaycan Cümhuriyyətinin bir parçasıdır. Bu gün isə sahibsiz, təhsilsiz, sərgərdan və ya yarı sərgərdan köçərilərdir! İnşallah Ulu Tanrı gələcəkdə müstəqil Türk yurdlarına, bu sərgərdan olmuş tayfaların xanlarına verdiyi ağıldan daha artıq ağıl verər!..

Təbrizdə

Təbrizə gələndə artıq səhər açılmışdı. Hər tərəfdə bir bayram ab-havası hiss olunurdu. Gələn Türkiyə ordusu bu yerləri və xüsusilə də Xoy şəhərini erməni-asuri qarətçilərindən təmizləmişdi. Haraya baş çəkdiksə, çayxanalarda, qəlyanaltılarda insanların üzü gülürdü. Meydana gəldiyimiz vaxt atlarımızı karvansaraya qoyub, özümüz də maraqlanıb, köhnə bir çadıra yaxınlaşdıq. Burada bir türkiyəli zabitlə rastlaşdıq; özümüzü ona tanıtdıq. O bizə Əli İhsan Paşa ilə görüşümüzü təşkil edəcəyinə söz verdi. Ayrıca, bir oteldə yer ayrılması üçün də yanındakı bir təbrizli türkə göstəriş verdi. Ona minnətdarlığımızı bildirərək ayrıldıq.
Çadırın nə üçün qurulduğunu oteldə öyrəndik. Sən demə, orada günorta vaxtı Əli İhsan Paşa şərəfinə bir ziyafət veriləcəkmiş. Burada Təbrizin bütün say-seçmə adamları, ətrafdakı tayfa başçıları, gələn türkiyəli ordu zabitlərinə “Xoş gəldiniz ziyafəti” veriləcəkmiş.
Zabit verdiyi sözə əməl etdi.Otelə gələn əmirbər bizi qərargaha çağırdı. Sonra bizi Əli İhsan Paşaya təqdim etdilər.O, bizə aid xəbəri daha əvvəl Nəmin xanın yanındakı türkiyəli müşavir olan zabitdən almışdı. Bir qədər ümumi söhbətdən sonra, siyasətə keçdik, dərdləşdik. Sonra ,ən qısa zamanda ilk hərəkət edəcək hərbi qatarlarla bizi də yola salacağına söz verdi.Ona təşəkkür edib, ayrılmaq istəyərkən, bizi qəsdən yubandırdı və:”Çadıra birlikdə gedərik” deyə xeyirxahlıq göstərdi. Çox məmnun olduq və təşəkkür etdik.
Uzun çadırın içində dar və enli masalar sıra ilə düzülmüşdü. Gözəl ipək süfrələrlə örtülmüş və üstünə də ağla gələn yaş və quru meyvələr, şərbətlər doldurulmuşdu. Biz Əli İhsan Paşadan bir xeyli aralıda oturmuşduq; yaxın oturmağı doğru hesab etmədik. Ev sahibləri onu alqışla qarşılayarkən, biz də yanından ayrılıb daha aşağı yerə keçdik.


Bakı yolunda

Bir neçə gün sonra Əli İhsan Paşadan xəbər gəldi:
-Hazırlaşsınlar, ertəsi gün sübh tezdən qatar hərəkət edəcək ,– deyə...
Əsgərləri qatarla Ani şəhərinin xarabalıqlarının yaxınlığından keçirirdik. Bilmədim, hansısa stansiyada vaqonumuza xeyli erməni doluşdu.Öz aralarında söhbət edərkən, türklərin ünvanına söyüş yağdırırdılar. Mən bunu bir zabitə söylədim:”-Əhəmiyyət verməyin, kötək yeyən it hürər!” deyə cavab verdi...
Necə də yerində deyilmiş bir cavabdı...
Qatarımız Gürcüstan sərhəddindəki Sanayin boğazına doğru irəliləyirdi. Arada dayandıq. Lokomotivin yanacağı qalmamışdı. Hamı yardıma qoşuldu.Yaxındakı odun anbarından odun daşıdıq və az sonra qatar təkrarən yoluna davam etdi. Arada suyu da qurtardı.Yoldakı su anbarlarından su tapmaq mümkün olmurdu, çünki dəmiryolçulara rast gəlmək mümkün deyildi: ”Türk ordusu gəlir!” deyə qaçmışdılar.Vedrələrlə, bidonlarla lokomotiv üçün su daşıdıq və yenə də yolumuza davam etdik.
Yolda başımıza bir gülməli hadisə də gəldi.Su götürdüyümüz kiçik stansiyadan bir qədər irəlidəki sığınacağın yanında türkiyəli bir əsgər durmuşdu. Mən onunla bir az söhbət etmək istədim.Ona doğru getdim, salam verdim, kefini soruşmaq istərkən, o, silahını çiynindın endirib “Yassah” deyə qışqırdı. Mən yasağın nə olduğunu bu günə qədər bilmirdim.Əsgərin tamam ciddiləşdiyini görüb dayandım və “Yassah”ın nə demək olduğunu ondan soruşdum.Əsgər gülümsədi və “olmaz” deməkdir dedi.Güldüm, ona təşəkkür edib, qatara qayıtdım.
Sanayin boğazına yetişdiyimiz vaxt qatarımız xeyli dayandı. Sonra öyrəndik ki, gürcülər oranı işğal altında saxlayan Alman qoşunlarından türkləri buraxmamağı xahiş etmişlər... Almanlarla (müttəfiq olduqları hada) xeyli uzun mübahisə edildi. Nəhayət, bilmirəm hansı şərtlər əsasında keçə bildik.Tiflisə gəldiyimiz vaxt bir çox keçmiş lisey yoldaşlarımı ziyarət etdim. Kiçik bir istirahətdən sonra, Bakıya doğru hərəkət etdik.

Hakim oluram

Bakıya yetişincə, hər tərəfdə türkiyəli əsgərlərlə rastlaşdıq. Sevincdən ürəyimiz yerindən oynayırdı. Şəhərin içində bayram havası vardı. Hər tərəfdə hərbi təşkilatlar qurulurdu.Türkiyəli qardaşlarımız Şimali Qafqazı azad etməyə doğru hərəkət etdilər. Bizim könüllülər də onlara qoşulmuşdular. Bizim bir çox gənclərimiz Hərb məktəbinə yazılırdılar.Gəncədə böyük hərbi təşkilat və hökumət qurulmuşdu. Mən Bakıda istintaq hakimi (Polşalı) Volkonskinin yanında altı aylıq staj yığdıqdan sonra,”Bakı Dövlət Dəmiryolları İstintaq Hakimi” vəzifəsinə təyin edildim. Bakı-Dəvəçi və Bakı-Ələt stansiyaları mənim nəzarətimdə idi.

İngilislər geri çəkilirlər


Artıq Azərbaycan Cümhuriyyəti qurulmuşdu. Ancaq təəssüf ki, Türkiyə Almaniyanın müttəfiqi olduğundan tam zəfərlə irəlilədiyi anda məğlub elan edilmişdi.Ordusunu Azərbaycandan çıxarmaq məcburiyyətində idi.
Bax belə, talesizliyimiz də burdan başladı.
Türkiyəli qardaşlarımızın yerinə ingilislər məmləkətimizə girdilər. Amma bu arada komandirləri olan general Tomsona şikayətlər göndərilməyə başladı. İngilis əsgərləri sakit (dinc) durmurlar, sərxoş olub xalqa sataşır, silah satırlardı. Baş nazirimiz Fətəli Xan Xoylu Tomsona müraciətlə burada nə axtardıqlarını soruşmuşdu.Əgər qonaq gəlmişlərsə,dinc otursunlar.Özlərini işğalçı qüvvələr hesab edirlərsə, Azərbaycan İngiltərə ilə müharibə etməmişdir. Dolayısı ilə qanuni bir haqları yoxdur, geri çəkilib getməlidirlər.Tomson özünü haqlı göstərməyə çalışanda da Baş nazirimiz:”Müsafirləri biz sevirik və qonaqpərvərliyimizi də bu günə qədər göstərdik. Ancaq artıq əsgərlərinizin pis hərəkətləri hövsələmizi (səbrimizi) tükəndirdi. Zəhmət olmasa, buradan çəkilin.Əks təqdirdə mən kişilərimizə əmr edərəm, evlərinə çəkilsinlər və sizləri buradan qadınlarımız bayıra atarlar”.
Tomson Hərbi Nazirləri ilə əlaqə saxladı və nəhayət ”öz istəkləri” ilə geri çəkildiklərini bildirdi. Bundan sonra yenə də “dostluq və ticarət” başladı: İngilislər toplarını, top daşıyan atlarını və bir çox ağır və yüngül silahlarını bizə sataraq ayrıldılar.

Azərbaycanda vəziyyət

Dövlətimizin böyük bir çatışmayan cəhəti ali təhsil görmüşlərin azlığı idi. Buna səbəb isə elmlə bağlı təhsilin rus dilində tədris olunması idi.Türk dilində yazıb-oxuyanların isə təhsil dərəcələri çox aşağı idi. Bunların dövlət idarəsində fəaliyyəti o qədər də mümükün deyildi.
Təəssüf ki, bütün dairələr işlərini rus dilində görürdülər.Təbii ki, mən də istintaq işlərini rus dilində yazmaq məcburiyyətində idim. Bu vəziyyət “milli” olması lazım olan bir dövlət üçün çox pis nəticələr verə bilərdi və təəssüf ki, verdi də... Bunu daha sonra izah edəcəyəm.
Bir Türk dövləti olduğumuz halda paytaxtımız Bakıda küçələrin adları keçmişdə olduğu kimi rusca yazılı qalmışdı. Azmış kimi hələ Rus çarının Türk düşməni olan generalı Sisyanovun da heykəli Bakıda bir parkda qoyulmuşdu.
O biri tərəfdən də başçı olmağa can atan hər kəs bir partiya yaratmaq həvəsində idi. Bu baxımdan, gündən-günə partiyaların sayı çoxaldı.Yaxşı yadımdadır, Azərbaycanın son günlərinə yaxın bir vaxtda ölkədə on səkkiz partiya mövcud idi.

Latın əlifbası

Bütün fikrim yurdumuzun rus əlifbasından qurtulmasında idi. Bu olmadıqca, məmləkətimizin hər müəssisəsində türk olmayan ünsürdən faydalanmaq lazım gəlirdi. Bunun isə başarılması ancaq “Latın əlifbası”nın qəbulu ilə mümkün ola bilərdi.Çünki ərəb hərflərini öyrənmək və lazım olanı yaza bilmək üçün lüzumsuz vaxt itirmək məcburiyyətində qalırdıq. Bu sahədə özümə həmfikir yoldaşlar tapmağa çalışırdım. Hər fürsətdən, hər bir toplantıdan faydalanaraq bu fikri irəli sürürdüm. Bu məsələ ilə dostum Məhəmməd Həsən Baharlı da məşğul olurdu.Yavaş-yavaş bu fikri qəzet vasitəsi ilə müdafiə etməyə başlamışdıq. Lakin qarşımıza köhnə sosialist “Hümmət” partiyası qurucularından, sonradan isə “Müsavat” partiyasının lideri Məmməd Əmin Rəsulzadə çıxdı. Bu adam “islahatçı” idi.Yəni, ərəb hərflərinin qorunub-saxlanılması və nəhayət, öyrənilməsini asanlaşdıracaq bəzi dəyişikliklərin edilməsini təklif edirdi. Bir neçə din adamı da onu dəstəkləyirdi. Bu adamın din ilə əlaqəsi yox idi. Keçmişdən bu yana sosialist partiyalarında çalışmış və bu yolda sonralar məhşur kommunist diktatoru olan Stalin (Cuqaşvili) ilə uzun illər dostluq etmişdi. Bu məsələyə irəlidə bir daha toxunacağıq.
Ruslar məmləkətimizi sakit yaşatmaq niyyətində deyildilər.Hər fürsətdən istifadə edərək, əhəmiyyətli neft xəzinəsi olan Azərbaycanı əllərinə keçirməyə fürsət gəzirdilər. Məmləkətimizə ruslar Rusiyada “hazırlıq görmüş” gözəl rus qızlarını cəlb etməklə, işə başladılar. Bunlar xidmətçi kimi bütün dövlət və Azərbaycanın say - seçmə insanlarının evlərinə girməyə müvəffəq olurdular. Bu arada yəhudi qızları da, bilavasitə Bakıya gəlməyə başladılar.Onlar da o zamankı kommunist Rusiya Dövlətinin idarəsini əllərində saxlayan çox sayda Yəhudi “Komissar” (nazir) olan Trotski, Zinovyev, Steklov və sair adamları və öncülləri idilər.Yəni, müstəqilliyimizi süquta yetirmək üçün bu hər iki millətdən olanlar çalışırdılar.
Bu arada ruslar Qarabağ vilayətimizdəki erməniləri bizə qarşı qaldırmağa başladılar. Məxfi agentləri(cəsusları) vasitəsi ilə bu işə yaxşıca girişdikləri öyrənilmişdi. Ermənistan tərəfindən də bunların müdafiə olunacaqları bəlli olduğundan, milli təhlükəsizliyimiz hərəkətə gələrək orduya yeni qüvvələr cəlb etməyə qərar verdi. Bu vaxt Yusifi də əsgərliyə çağırdılar. Gəncə zirehli avtomobil taboruna düşmüşdü. Mən istintaq hakimi olduğum üçün qanunlarımıza görə, əsgərliyə çağırılmadığımı öyrəndikdən sonra, dərhal öz nazirimizdən icazə istədim və könüllü olaraq Gəncəyə getdim.Yenə də Yusif ilə bu arada dostluğumuzu davam etdirə biləcəyimə sevinirdim. Həyatımız boyu dostluq etmişdik. İndi onu tək buraxa bilməzdim. Yurdumuzun ona ehtiyacı varsa, mənə də vardı...
Gəncəyə gəlməyimə çox sevinmişdim. Gündüzləri hərbi hissədə işləyir, axşamları kirayələdiyimiz xüsusi otaqda keçirirdik. Bu arada bir çox gənc zabit və müəllimlərlə tanış olduq. Cavad və İdris Axundzadələrlə də . Xüsusilə universitet tələbəsi olan Abdulla Tağıoğlu ilə tanış olmağıma çox sevindim. Latın əlifbasının Azərbaycanda qəbulunu o da var qüvvəsi ilə dəstəkləyəcəyinə söz verdi. Biz hazırlığa başladıq. Əsas prinsipimiz mümkün qədər hərflərin işarəsiz olması idi.Yəni üzərində, altında hər hansı bir işarə qoymağa ehtiyac olmasın.
Abdulla ilə hazırladığımız uyğun əlifbanı müdafiə etmək üçün bir gün ibtidai məktəbin bir otağında bir toplantı təşkil etdik. Mən o gün şair Cavad Axundzadənin bir şeirini latın hərfləri ilə yazılmış halda iştirakçılara oxudum və əlavə etdim:”İllərlə ərəb hərflərini öyrənməyə çalışdım, xeyli vaxt sərf etdim, ancaq yenə də doğru-dürüst yaza bilmirəm. Halbuki, bu latın əlifbası ilə necə də tez yaza bilirəm...”
Toplantıda xeyli tərəfdaş qazandıq. Bəzi kiçik ibtidai məktəb şagirdləri üzərində bu təcrübəni apardıq və çox uğur qazandıq.
Bir gün kazarmamızın yanında işləyərkən Baş Nazir postunda olan Nəsib Yusifbəyli keçirdi; Onunla çoxdan olan tanışlığıma görə məni görüncə salamımı aldı və maşınını saxlayaraq aşağı endi, səmimiyyətlə boynuma sarıldı:”-Kaş ki, bizim gənclərin hamısı sənin kimi olaydı” dedi və əsgərliyimi təbrik etdi. Bu vaxt ona latın əlifbası üzərində çalışdığımı söyləyərkən çox məmnun oldu, kömək edəcəyinə söz verib ayrıldı. Nəsib bəyin bu işdə köməyini gördüm.
Həqiqətən də, ermənilərin mənfur hərəkətlərinin arası kəsildiyinə görə, Bakıya gəlib təkrarən əvvəlki vəzifəmi icra etməyə başladım. Latın əlifbasını (təkrarən) yenə əlimə aldığım zaman başda partiyamızın lideri Məmməd Əmin Əfəndioğlu, çox yaxın dostum Əli bəy Qulubəyli mənimlə birgə Nəsib bəyi ziyarət etdik və orada mühüm bir söhbət apardıq. Nəsib bəy bizə bu məsələni Vəkillər Heyətində müzakirə edəcəyinə söz verdi. Həqiqətən də, sözünün üstündə durdu. Bir ara da bunula bağlı Maarif Nazirliyində komissiya yaradıldığını və toplantı günü üçün təkliflərin hazırlanmasını xahiş etdi. Çox sevindim.
Toplantıya “islahatçı” Məmməd Əmin bəy də gəlmişdi.Üstəlik, qəribə olduğu kimi, triqonometrik işarələrlə dolu gülünc bir təklifi də Məmmədəli Şahtaxtlı gətirmişdi. Hər kəsə qəribə gələn bu təklifi zarafat mövzusuna çevirərkən, sahibi:”-Bax beləcə, siz başa düşəcəksiniz orda...” deyərək , iclası tərk etdi...
Nəhayət, Abdulla bəy ilə mənim birgə hazırladığım təklif qəbul edildi. Partiya liderimizin də bir təklifi qəbul edilərək, bizim əlifba lahiyəmizə qoşuldu; o isə yumşaq e-nin (ə-nin) (ələk sözündə olduğu kimi) hərfinin başıaşağı çevrilməsi ilə əmələ gələn bu hərfin qəbulu idi.
Artıq bu iş dövlət əli ilə (Milli Məclisdən keçdikdən sonra) ediləcəkdi. Amma çox heyif ki, hadisələr buna mane oldu.Çünki ruslar Türkiyənin zəif durumundan istifadə edərək, Azərbaycanı udmağa qərarlı idilər. Bu məmləkətdə vəziyyət getdikcə qarışırdı. Nəsib bəyin lideri olduğu “Türk Ədəmi Mərkəziyyət Federalist Partiyası” Məmməd Əmin bəyin “Yeni Müsavat” partiyası ilə birləşməsindən əmələ gələn “Ədəmi Mərkəziyyət Müsavat partiyası” diqqət edilərsə,”Türk Federalist” ifadəsi bu birləşmə xatirinə çıxarılmışdır, iş başına keçmiş, Məclisdə əksər çoxluğu əlində saxlayırdı. Bu Məclis həqiqi seçki əsasında toplanan bir Məclis olmadığından, millətimizin həqiqi fikrini də (sözünü də) təmsil etməkdən çox uzaqdı. Buna baxmayaraq, bir yaxşı niyyət vardı, o da ən qısa bir zamanda seçkilərin keçirilməsi idi.
Ancaq Tanrı bunu bizə çox gördü.Yeni seçkilər olmadı...

Bolşevik

Azərbaycanda çox sevilən və qədim dini-milli bayram olan “Novruz” hər zaman böyük şadyanalıqla keçmişdi.Çünki baharın müjdəçisi idi. Lakin bunula belə məmləkətin iqtisadi durumu, zəngin neft xəzinələrinin olmasına baxmayaraq, xeyli aşağı düşmüşdü. İngilis və digər beynəlxalq neft şirkətləri bizim neftin dünyada tanınmasına mane olurdular.
Bundan əlavə, əlimizdə xeyli neft ehtiyatı vardı. Bu səbəbdən də, pulumuzun dəyəri olduqca aşağı düşdü. Məmurların aldıqları maaş heç yeməklərinə (ərzaq almağa) çatmırdı. Bu səbəbdən rüşvət, haqsızlıqlar ölkəni bürümüşdü. Xüsusilə,”Müsavat” partiyasına mənsub dəyərsiz əməkdaşların yüksək mövqelərə - xüsusi xidmət və sair vəzifələrə gətirilməsi, xalq arasında narazılıq yaratdığı kimi, işlərin də əksəriyyəti uğursuzluqla nəticələnirdi.
Dünya səviyyəli bir dövlət adamı olan sabiq baş nazir Fətəli Xan Xoylunun yerinə keçmiş Ədəmi Mərkəziyyət Türk Federalisti, indi isə “Müsavat”çı ortağı (şəriki) Baş Nazir Nəsib bəy Yusifbəyli, çox təmiz bir vətənpərvər və türkçü olmaqla bərabər, təəssüf ki, əvvəlki baş nazir səviyyəli bir idarəçi deyildi. Bu səbəbdən də, gündən-günə məmləkətdə narazılıqlar artırdı.
Arada Nəsib bəy partiyamızı da koalisiyaya qoşulmağa cəlb etmək məqsədilə, bizə iki nazir vəzifəsini təklif etdi.Qohumum və dostum Əli Qulubəyliyə Ticarət Naziri , mənə də Maarif Naziri vəzifəsini. Hər ikimiz də bu təklifi rədd etdik.Çünki seçkilər keçirilməyənədək, koalisiyada iştirak etməmək qərarında idik.
1920-ci ilin aprel ayında ermənilər əməlli-başlı hədlərini aşdılar.Qarabağda yenidən atışmalar başladı.Oraya hərbi qüvvələrimiz yerləşdirildi. Aramıza daxil olan Rusiyanın agent qızları (rus və yəhudi),Qırmızı Ordudan qaçaraq vətənimizə sığınan ruslar, aşıq-aşkar müstəqil Azərbaycana qarşı çıxırdılar. Hətta, Milli Məclisdəki rus nümayəndəsi papaz Vasiliy, kürsüdən”-Nədir bu Azərbadımcan Respublikası, yaşasın vahid Rusiya!” sözlərini demək cəsarətini göstərmiş və bunun müqablində başı əzilməmişdi...
Bütün bunlar azmış kimi,vətənimizin onu içdən-içə gəmirən başqa bir dərdi də vardı. Hələ indiyə qədər də bunun səbəbini dərk etməmişəm. Bu isə türkiyəli qardaşlarımız idi. Baha-Said adlı Türkiyəli bir zabitin komandanlığı altında qurulmuş hərbi qüvvə və Ənvər paşanın ya dayısı, ya da əmisi olan Xəlil paşa. Həmin şəxslər azərbaycanlıların arasında belə bir şayiə yayırdılar ku,”rus ordusu Azərbaycandan keçərək, Türkiyəyə yardım etməyə gedəcəkdir. Buna mane olunmasın”. Doğrudur, bu şayiənin nə qədər düzgün olduğunu öyrənə bilmədim... Heç kim doğrunun harada olduğunu bilmirdi.Və hər kəsi ancaq bir sual düşündürürdü:”Nə baş verir?”,”Nə üçün hökümət bir açıqlama vermir?..” Lakin daha sonra məlum oldu ki, hökümətin də heç bir şeydən xəbəri yoxuymuş. Sadəcə qulaqdan-qulağa, gizlicə gəzən bir söz vardı:”Bolşevik gəlir!..” Kimlər uydurdu bunu, kimlər yayırdı, haradan gəlirdi bu xəbər? Bu haqda heç kimin məlumatı yox idi.Və heç kim də bunu araşdırmırdı. Çünki hamı çaş-baş qalmışdı.Yurdun hər yerinə səpələnmiş rus agentləri ürəkləri bulandırırdı. Belaruslar,Qırmızı Ordu, yəhudilər, ermənilər, hamısı əl-ələ verərək, Azərbaycan Respublikasının təməlini dağıtmağa səy göstərirdilər.
İdarə və müəssisələrdə rus dili hakim idi. Küçə və meydanların adları belə rus adları idi. Eyni zamanda, Milli Məclis və zəif hökümətin belə, millətlə heç bir əlaqəsi yox idi. Beləcə, bütün bunlar cəsur və mərd bir şəkildə yetişdirilmiş ordunun mövcudluğuna baxmayaraq, Azərbaycanı addım-addım qara günlərə yaxınlaşdırırdı.

Ardı var