Azərbaycanın qadın rəsmilərinin geyimi - İmic

azerbaycanin-qadin-resmilerinin-geyimi-imic-
Oxunma sayı: 2615



...Rəsmilərin imicindən danışırdıq... Nə geyinirlər , necə geyinirlər, nə düşünürlər, necə düşünürlər? Nə edirlər, necə edirlər və bu kimi bitmək bilməyən lar, lər...Keçən yazıda rəsmi kişilərin geyim -keçimini çözələdik. İşə- gücə gedib çıxa bilmədik nə yazıq ki. Elə yarı yolda axsadıq. Geyimdə ilişib qaldıq daha dəqiqi. Halbuki imic təkcə geyim tərzi deyil. İmic ictimai mövqe, nüfuz, işgüzarlıq səviyyəsidi. Niyə ilişib qaldıq? Məlum oldu ki, ümumilikdə onların geyimi, görünüşləri bir o qədər də diqqət çəkən və özəl deyil. Və öncə bunu dartışmaq, danışmaq lazımdı. Seçilənlər də oldu, onları da vicdanla bura yazdıq. Oxumayan saytı ələk-vələk edib tapa bilər.

“İmic insanın məzmunundakı avtoritetliyin səviyyəsindən, bəşəriliyinin diapazonundan, özünü hansı hədəflərə hesabladığından, gördüyü və görə biləcəyi işlərdən, məqsədindən, baqajından, potensialından xəbər verir. İmic insanın böyük mənada kimliyini açır. İnsanın içini çölündə yaradır. O, təfəkkürün, mahiyyətin, proritetin güzgüsü-inikasıdır. İmic çox vacibdi. Və ətrafa informasiya ötürən , başqalarını sənin haqda əslində aldanmağa qoymayan qavramdı” .

“Yalançı imic” qavramı da var. Cəmiyyətdə özü haqda konkret rəy yaratmaq üçün xüsusi çabalar göstərən, süni gülümsəmədən tutmuş duruşa qədər, əynində daşıdığı geyimin markasına qədər yalannan seçilənlər də var. Ancaq bu elə bir həssas məsələdi ki, axır - əvvəl öz həqiqi qiymətini alır. İfşa olunursan. Və biabırçılıq bundan sonra başlayır.

İmic o qədər möhkəm , təməlli, dayanıqlı ola bilər ki, bütün dünya birləşsə bata bilməz. Ən güclü rəqibin də sənin imicinə xələl yetirə bilməz. Məsələn , ötən illərdə Rusiya Saakaşvilini özü üçün “ siyasi meyid” elan elədi. Ancaq Saakaşvili qazandığı nüfuzu itirmədi ki, itirmədi. Ortada fakt, iş varsa imici bildirişlə, car-la sarsıtmaq o qədər də asan deyil. Siyasətçinin imici laxlaxdısa , sütunları gipsdəndisə onu yerindən tərpətmək, hətta darmadağın eləmək üçün bir -iki addım bəs edir. Bunu da görürük . Gözümüzün qarşısında kimlər boşa çıxır bir-bir...

O ki, qaldı xarici görünüşə, geyim-keçimə, tərzə , hər şey elə bundan başlayır. Bilirsiz , öncə düşünürdüm ki, sorğuda iştirak edənlərin qınağına tuş gələ bilərik. Məsələn, deyərlər: “ geyimin bura nə dəxli? siz gördüyü işlərdən başlayın.” Ama respondentlər əməlli - başlı şaşırtdılar bizi. Onlar özləri bundan başladılar. Ürəklərini o ki var boşaltdılar. Dedilər, elə beləcə də dedilər: Əşşi, bu bizim böyük sorunumuzdu. Bir dövlət adamı, bir siyasətçi, bir məmur ki, geyinə bilmir, bəs nə bilir o zaman? Bütünlüklə özünü ifadə edəcək tərzi yoxdusa bu boyda xalqı, dövləti nətəhər təmsil edəcək?!” Əlbəttə, “hamı elə bu cür düşünür” deyib bəri başdan məsələnin möhrünü vura bilmərik. Sadəcə sorğuda iştirak edən çoxluq məsələyə bu cür yanaşdı. Və maraqlı bilirsiz nə oldu? Məlum oldu ki, kişilərin işi bu mənada qadınlardan daha zordu. Onların seçim imkanları məhduddu. Çeşid azlığı var. Rəsmi şəxslərin diğərlərindən fərqli görünməsi üçün moda aləmində, moda bazarında müxtəliflik çatışmır. Və görün indi adam necə yaradıcı, necə zövqlü olmalıdı ki, seçilə bilsin, diqqət çəksin.

Çox maraqlı bir məqama toxunaq. Mövzu dərinləşdikcə bu məqam gün kimi aydın olur, qabarıb üzə çıxır. Rəsmi xanımları məsələn, səhnə xanımlarından həmin dəqiqə ayırd etmək olur. Ama rəsmi kişini səhnə kişisindən ayırd eləmək üçün xeyli bax-gör gərəkdi. Səhnə xanımı seyricisinin nəzərini özünə bağlamaq, gözünü oxşamaq, əyləndirmək üçün mütləq təm-taraqlı, fışfışalı, xüsusi ştrixləri olan əlbisələr geyir. Bunun tam əksini rəsmi xanımlar edir. Onlar zər-xaradan uzaq geyimlər seçirlər. Daha ciddi və bu ciddiliyə şarm qatacaq elementlərdən istifadə edirlər. Söhbət öz işinin nədən ibarət olduğunu , kimiliyini, nəçiliyini dərk edən və buna ciddi yanaşan adamlardan gedir.

Sözsüz ki, siyasətçi artist kimi bütün günü süslənib püslənməz. Ancaq çox ciddi bir səbəb siyasətçini, dövlət adamını diqqətdən kənar qalmağa qoymur, qoymaz. Siyasətçi də ulduzdu- siyasi ulduz. Onun da pərəstişkarları, sevənləri, tərəfində olanlar var. Onun da həyatı, işi, karyerası ilə maraqlanan vətəndaş ordusu var. Onun da geyimini təqib edənlər var. Bu mənada istənilən rəsmi şəxs , dövlət adamı , siyasi fiqur özünə diqqət etməyə məcburdu.

Sorğumuza gəlincə, belə oldu ki, keçən sorğu qadınlar arsında aparıldığı üçün bu dəfəki sorğunu yalnız kişilər arasında keçirdik. “Qadın rəsmilərimizdən kimin imicini bəyənirsiz ” soruşduq. Qadınlara nisbətən kişilərin cavabları daha yığcam oldu. Tutaq ki, qadın vətəndaşların kişi rəsmiləri haqda cavabları bir az dağınıq, fərqli, çoxu da üst-üstə düşməyən idisə, kişilər demək olar eyni xanımların adlarını çəkdilər.

Ard-arda səslənən Qənirə Paşayeva imzası oldu. Səbəbini isə demək olar hamı eyni cür izah etdi. Qənirə xanım işgüzardı, zəhmətkeşdi, geyimi, saç düzümü özünə məxsusdu, heç kimi təkrarlamır və hər yerin konsepsiyasına, hər tədbirin ruhuna uyğun tərzdə görünür. Bunu da vurğulayanlar oldu ki, Qənirə xanım millət vəkili seçiləndən sonra xarici görünüşünə xüsusi diqqət etməyə başladı . Bu onun görəvinə məsuliyyətlə yanaşdığının göstəricisidi. Ancaq bir irad var. Xanımın işgüzarlığı gərək normanı aşmasın. Qadının cəmiyyətə xeyri çox işləməsində yox, keyfiyyətli işlər görməsindədi. Qənirə xanım zatən çox zəhmət çəkir, həddən artıq çabalaması onu yorar deyə, narahatdı kişilərimiz.

Daha çox çəkilən adlardan biri də Gültəkin Hacıbəyli. Gültəkin xanımın indi məclisdə kürsü tutmadığına baxmayaraq imici üstündədi. Qazandığı sayğını itirməyib, əksinə məsələnin çürüyünü çıxarmadan kənara çəkildiyi üçün nüfuzu bir az da möhkəmlənib. Onun görünüşünü bəyəndiklərini, formada olduğunu dedilər kişilərimiz. Zərifdi, qadınsaldı, xoşdu və sözsüz ki, ağıllıdı. Fəaliyyətinin və zəkasının xarici görünüşünü tamamladığını Gültəkin xanımın adını çəkənlər söylədi.

Daha bir xanımın da adı elə hey səsləndi. Bu Rəbiyyət Aslanovadı. Ona qarşı böyük maraq duyulurdu. Rəbiyyət xanımın zövqlü geyindiyini, jestlərini, hətta əl hərəkətlərini belə bəyəndiklərini dedi kişilərimiz. Hər geyiminə uyğun taxdığı bəzək əşyaları isə tamam ayrı aləmdi. Ona tutduğu postun yaraşdığını və özünü kifayət qədər ifadə edə bildiyini dedilər.

Çox iş görüb az danışmaqla nüfuz qazanan və adı böyük sayğıyla çəkilən daha bir xanım isə Mehriban Əliyeva oldu. Xanıma inananlar inanılmaz qədərdi. Onun gördüyü işləri sadalayıb bitirmək olmaz. Ama xüsusi olaraq xanımın dəstəyi ilə Romada və Moskvada müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunan tədbirlərin səviyyəsinin, keyfiyyətinin dəvət olunan adlı-sanlı qonaqları heyrətə salması onun ölkə ictimaiyyəti arasında nüfuzunu birə beş artırdı. Mehriban Əliyevanı digər rəsmilərdən xüsusi olaraq ayıran isə stilidi. Ölkənin ən cəsarətli geyim nümayiş etdirən rəsmi xanımıdı. Dəbə uyğun geyinir. Mehriban xanımın geyimindəki müasirlik əslində bütün azərbaycan qadınlarına bir mesajdı. Cəsarətli olun, özünüzə önəm verin, geyinin, formada qalın, baxımlı olun mesajıdı.Ölkənin birinci ledisinin “ modnaya” (dəbli xanım) imici qazanması komplekslərini ata bilməyən, mühafizəkar, hər şeydən öncə qınamağa hazır olan bir toplumun modernləşməsi üçün çox önəmlidi. O, öz xarici görünüşü ilə Azərbaycan xanımlarına örnək olmaq istəyir. Onları baxımlı olmağa çağırır.

Ölkəsini dünya ölkələri sırasına çıxarmaq istəyən adam ilk öncə özündən başlasın gərək. Müasir ölkə qurmaq istəyən, dövləti təmsil edən hər kəsin əvvəlcə özündə müasirliyi əks etdirən çalarlar tapa bilək gərək. Üzündən əyalətçilik yağan, geyimi “qorxulu yuxu” ya oxşayan adam heç vaxt bizi aparıb yuxarı başa çıxara bilməz. Ama bir irad da Mehriban xanıma gəldi. Nadir hallarda səsini eşidirik. Çıxışlarını daha çox izləmək, onu daha sərbəst görmək, siyasi-ictimai məsələlərə münasibətini eşitmək arzusundayıq. Respondentlərimiz belə dedilər.

Dəfələrlə çəkilən adlardan biri də Məleykə Abbaszadə oldu. Deyilənlərə görə təhsil sahəsi darmadağın olmayıbsa, hələ ayaqdadısa onun mübarizəsi hesabınadı. Qanunlara sayğıyla yanaşır, işində tədbiq edir, mədəni, konkret və çəkicidi. Məleykə xanımın çox məmurdan rəsmi adamnan cəsarətli, inadkar olduğunu adını çəkən hər kəs mütləq vurğuladı. Heç deməzsən ki, bu cür məlahətli, yumşaq görünüşü olan xanım bu qədər güclü ola bilər.

Adları çəkilən daha 3 xanım Gülər Əhmədova, Lalə Şövkət və Gülçöhrə Məmmədova oldu.

Beləliklə möhtəşəm 5-liyi təqdim edirik.

1-ci yeri qazanan ölkənin birinci ledisi Mehriban Əliyeva oldu. 2-ci yer
Rəbiyyət Aslanovanındı. 3 Qənirə Paşayevaya qismət oldu. 4 Gültəkin Hacıbəylinin və 5 ölkənin ən güclü qadın rəsmisi kimi adı hallanan Məleykə Abbaszadənindi.

Bu 5 xanım ölkənin “ Ən yaxşı imici olan qadın rəsmisi ” sorğusunun qalibi oldu. Təbrik edirik! Bu böyük çabaların, qurbanların, yuxusuz gecələrin, yorğun saatların nəticəsidi.



Aysel Əlizadə, xüsusi olaraq “Qafqazinfo” üçün

Bu linkdə isə Azərbaycanın kişi rəsmilərinin geyimləri araşdırılıb:

Azərbaycanın rəsmi kişiləri necə geyinir? – İmic, Sorğu