Bağça və məktəblərə hava detektorları qoyula bilər

bagca-ve-mekteblere-hava-detektorlari-qoyula-biler
Oxunma sayı: 921

“Səhiyyə Nazirliyi UNİCEF-in dəstəyi ilə bütün istiqamətlərdə uşaqların sağlamlığı ilə bağlı keçən ilin təhlilini aparıb. Azərbaycan Tibb Universitetinin kafedraları, elmi tədqiqat mərkəzləri ilə birlikdə ətraf mühitin uşaqların sağlamlığına təsirini araşdırma proqramları üzərində iş gedir. Çünki bu günə qədər belə proqram olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirdiyi birgə ictimai dinləmədə deyib.

“Hətta boya tərkibində olan qurğuşun da nəzarətdə olmalıdr. Çünki bir neçə ölkədə uşaqlardan qan analizi götürülərək qurğuşun səviyyəsini öyrəniblər. Qurğuşun yüksək olanda onkoloji və beyin inkişafı problemləri yarana bilir və bu, çox ciddi məsələdir. 

Tövsiyələrimiz odur ki, aidiyyəti qurumlarla birlikdə ölkədə uşaq və yeniyetmələr arasında artma dinamikası qeyd edilən xəstəliklərin ətraf mühit amilləri ilə əlaqəsi araşdırılsın. Həmçinin qapalı məkanlarda, uşaq bağçaları və məktəblərdə havanın çirklənmə göstəricilərinə nəzarət gücləndirilməlidir. Yəni ola bilsin, həmin müəssisələrə detektorlar qoyulmalıdır. Eləcə də ölkəmizdə boya qurğuşun miqdarını tənzimləyən qanunvericilik sənədi qəbul edilməli, sirkə essensiyasının sərbəst satışı qadağan edilməli, pestisitlər kəskin və xroniki zəhərlənmələrin qarşısının alınması məqsədilə təhlükəli kimyəvi maddələrin və dərman vasitələrinin uşaqlara əlçatanlığının qarşısını almaq, habelə onların təhlükəsiz utilizasiyanı hazırlamaq lazımdır”, - deyə nazir müavini bildirib.

Zaur Mirzə