Bakı Dövlət Sirki “Səmaya yüksələnlər” şousunu təqdim edir - Video+Fotolar

baki-dovlet-sirki-semaya-yukselenler-sousunu-teqdim-edir
Oxunma sayı: 383

Bakı Dövlət Sirki tamaşaçılar üçün yeni sirk proqramı – “Səmaya yüksələnlər” şousunun açılış mərasimini keçirib.

“Qafqazinfo” xəbər verir ki, proqram Su İdman Sarayının yaxınlığında xüsusi olaraq qurulmuş nəhəng şapitoda təqdim olunub.

Tamaşa beynəlxalq sirk festivallarının mükafatçıları olan və Avropanın beş ölkəsini təmsil edən sənətçilərin iştirakı ilə hazırlanıb: 

Arenada Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyadan gələn tanınmış akrobatlar və sirk artistləri çıxış edərək tamaşaçılara müxtəlif janrlarda nömrələr təqdim edirlər.

Bakı Dövlət Sirkinin direktor əvəzləyicisi Nahid Ağayev bildirib ki, tamaşa çərçivəsində təlimləndirilmiş itlər və atların iştirakı ilə hazırlanan nömrələr, eləcə də müxtəlif akrobatik çıxışlar yer alır:

“Bundan başqa, “Nikulin Circus” kollektivinin hava trapesiyası üzərində təqdim etdiyi performans, yelləncəkdə həyəcan dolu akrobatik nömrə, turnikdə çıxış edən akrobatik duet və kəmərlərdə, pilonda nümayiş etdirilən hava akrobatikası proqramın diqqət çəkən hissələrindəndir. Arenada həmçinin atlar üzərində akrobatik nömrələrlə çıxış edən artistlər də tamaşaçıların qarşısına çıxır.

“Səmaya yüksələnlər” proqramında hava akrobatikasının müxtəlif janrlarına xüsusi yer ayrılıb. Dinamik nömrələr və akrobatik çıxışlar tamaşaçılara sirk sənətinin fərqli üslublarını izləmək imkanı yaradır”.

Həmçinin proqramda Rusiyanın məşhur Kolqanov–Beloqorlov kloun dueti gülüş dolu səhnələri ilə çıxış edir. 

Olek Beloqorlov ilə birlikdə çıxışa hazırlaşan Sergey Kolqonov bildirib ki, 30 ildir səhnədə olmasına baxmayaraq bu gün xüsusi həyəcanlıdır. Buna səbəb isə Azərbaycanda səhnəyə ilk dəfə çıxmasıdır:

“Biz artıq 30 ildir ki, səhnədəyik və müxtəlif nömrələrlə çıxış edirik. Ümumilikdə altı nömrədən ibarət proqramımız var. İndiyədək Samara və Ryazan şəhərlərində tamaşaçılar qarşısında çıxış etmişik. Azərbaycana isə ilk dəfə gəlmişik. Açığı, çox həyəcanlıyıq. Hər yeni şəhərdə səhnəyə çıxanda həmin həyəcan hissini yaşayırıq. Ümid edirik ki, Azərbaycan tamaşaçıları da bizim çıxışlarımızı bəyənəcək və bu görüş hər kəs üçün yaddaqalan olacaq”.

Hava gimnastı kimi çıxış edən və Yuri Nikulin sirkinin artisti olan Kristina Yermolinskaya isə deyir ki, 4 yaşından etibarən sirkin məşqlərində iştirak etməyə başlayıb:

“Bu sənət mənim həyatımın ayrılmaz hissəsidir. Azərbaycanda olduğum üçün çox şadam və eyni zamanda bir az həyəcanlıyam. Burada tamaşaçılar qarşısında çıxış etmək mənim üçün böyük sevincdir və ümid edirəm ki, proqramımız tamaşaçılara xoş anlar yaşadacaq. İlk dəfədir Azərbaycana gəlirəm. Bakı gözəl şəhərdir. Bir neçə gündür burdayıq. Lakin məşqlərə başımız qarışdığı üçün sabahdan etibarən şəhəri gəzə biləcəyik”.

Məlumat üçün bildirək ki, şou 14, 15, 20, 21, 22 və 30 mart tarixlərində gündə bir seans, 23–29 mart tarixlərində isə gündə iki seans olmaqla nümayiş etdiriləcək.

Lamiyə Məmmədova