Bakıda villada partlayış, ölən var - Video - Yenilənib

bakida-villada-partlayis-olen-var
Oxunma sayı: 5822

Sabunçu rayon Bakıxanov qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə bu barədə ilkin məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Bakıxanovda baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

***

FHN hadisə ilə bağlı növbəti məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

Sabunçu Tibb Mərkəzindən saytımıza verilən məlumata əsasən, I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib: “Aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb”.

***

Nərimanov Tibb Mərkəzindən saytımıza verilən məlumata əsasən, partlayışda xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub: “Ona başın, boyunun, hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulmuşdur. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.