Bakıda növbəti geniş təmizlik işləri aparıldı - Fotolar - Yenilənib

bakida-novbeti-genis-temizlik-isleri-aparildi
Oxunma sayı: 874

Yaz mövsümündə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyun ayının 14-də paytaxtda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.

Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Yay aylarında Bakı şəhərinə çoxsaylı qonaqların gələcəyini nəzərə alaraq, paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər il ərzində davam etdiriləcək.

***

İyunun 14-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yay mövsümü ilə əlaqədar paytaxtda növbəti dəfə aparılan təmizlik işləri çərçivəsində kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyulması təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olub.