Yelisey Sarayından gümüş əşyaları oğurlayıb “su qiymətinə” onlayn satdılar

yelisey-sarayindan-gumus-esyalari-ogurlayib-su-qiymetine-onlayn-satdilar
Oxunma sayı: 202

Fransanın paytaxtı Parisdə məhkəmə Yelisey Sarayında baş verən oğurluq işi ilə bağlı üç nəfəri təqsirli bilib. Keçmiş saray əməkdaşı və onun iki ortağı qiymətli gümüş və süfrə ləvazimatlarını oğurlayıb onlayn platformalarda satmaqda ittiham olunublar.

“Qafqazinfo” xəbər verir ki, məhkəmənin qərarına əsasən, Yelisey Sarayının gümüş və süfrə əşyaları bölməsinin keçmiş əməkdaşı Tomas M. 2023-2025-ci illər arasında yüz minlərlə avro dəyərində əşyaları mənimsədiyinə görə 2 il həbs cəzasına məhkum edilib.

Cəzanın bir ili elektron nəzarətlə (ayaq biləyi monitoru) icra olunacaq, digər hissəsi isə şərti olaraq tətbiq ediləcək. O, həmçinin 10 min avro cərimə olunub və gələcəkdə oxşar sahədə işləməkdən məhrum edilib.

İstintaqa görə, Tomas M. təxminən 400 min avro dəyərində xüsusi hazırlanmış süfrə ləvazimatları və digər qiymətli əşyaları saraydan çıxarıb. Onun ortağı Damien G. də eyni müddətə - 2 il həbs cəzasına məhkum edilib.

Bildirilir ki, onlar oğurlanmış əşyaların böyük hissəsini onlayn platformalar, o cümlədən, sosial şəbəkələr vasitəsilə sataraq, təxminən 15 min avro gəlir əldə edib.

İş üzrə üçüncü təqsirləndirilən şəxs – Luvr Muzeyinin əməkdaşı Gisleyn M. isə oğurlanmış əşyaların bir hissəsini almaqda günahkar bilinərək 1 il şərti həbs cəzası alıb. O, ilkin ifadəsində əşyaların oğurluq olduğunu bilmədiyini desə də, sonradan mənşə ilə bağlı şübhələrinin yarandığını etiraf edib.

Araşdırma ötən il Sevres Milli Çini Zavodunun nümayəndələrinin saray üçün istehsal olunan bəzi xüsusi əşyaların hərrac saytlarında satışa çıxarıldığını aşkar etməsi ilə başlayıb. İstintaq nəticəsində anbarlara çıxış imkanı olan yeganə əməkdaş kimi Tomas M.-nin üzərində şübhələr cəmləşib.

Məlumata görə, oğurlanan əşyaların ümumi dəyəri təxminən 377 min avro olaraq qiymətləndirilir. Təqsirləndirilən şəxs isə məhkəmədə əşyaları əvvəlcə “estetik dəyərlərinə görə” götürdüyünü, daha sonra isə maliyyə çətinlikləri səbəbilə satdığını bildirib.