Sərnişinlərin hava limanı istiqamətində nəqliyyat xidmətlərinin daha əlçatan və sistemli təşkili, eləcə də paytaxta gələn qonaqların hava limanından şəhər mərkəzinə rahat və fasiləsiz gedişinin təmin edilməsi məqsədilə “BakuBus” MMC tərəfindən H1 hava limanı ekspres xəttinin tanıdılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görülən tədbirlər çərçivəsində “BakuBus” H1 hava limanı ekspres xəttinin fasiləsiz fəaliyyət göstərməsi təmin edilib, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində “BakuBus”a məxsus məlumat stendi yerləşdirilib. Stenddə gün ərzində sərnişinlərə xidmət göstərən məlumat köşkü mütəxəssisləri fəaliyyət göstərir. Mütəxəssislər H1 ekspres xətti üzrə marşrut, hərəkət qrafiki, ödəniş qaydaları və göstərilən xidmətlərlə bağlı sərnişinləri operativ şəkildə məlumatlandırır.
Qeyd olunan marşrut üzrə sərnişindaşıma fəaliyyəti 24/7 rejimində təşkil edilir ki, bu da günün istənilən saatında hava limanına gələn və şəhər mərkəzinə hərəkət etmək istəyən sərnişinlər üçün fasiləsiz nəqliyyat imkanının yaradılmasına xidmət edir.
Həyata keçirilən tədbirlər sərnişinlərin, eləcə də şəhərimizə gələn qonaqların hava limanı ilə şəhər mərkəzi arasında daha rahat, operativ və aydın nəqliyyat imkanlarından istifadə etməsinə şərait yaradır. “BakuBus” MMC göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Son xəbərlər
Son Xəbərlər