SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə “İnformasiya təhlükəsizliyi testləri” laboratoriyası fəaliyyətə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, BANM-in rektoru Elmar Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Carmen Elena Cirnu və digər qonaqlar iştirak ediblər.
Laboratoriyanın açılış mərasimində çıxış edən Elmar Qasımov bildirib ki, BANM-də yaradılmış “İnformasiya təhlükəsizliyi testləri” laboratoriyası ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor vurğulayıb ki, bu laboratoriya tələbələrin müasir texnoloji biliklərə yiyələnməsi, real sınaq platformalarında təcrübə qazanması və gələcəkdə ölkənin kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislər kimi formalaşması baxımından əhəmiyyətlidir. E.Qasımov dövlət qurumu ilə ali təhsil müəssisəsi arasında qurulan bu əməkdaşlıq modelinin elmi potensialın gücləndirilməsinə və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.
İlqar Musayev laboratoriyanın XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın aidiyyati tələblərinin icrası çərçivəsində qurulduğunu qeyd edib. O, sözügedən Strategiyanın müvafiq bəndinin icrası çərçivəsində laboratoriyanın texniki imkanlarının artırılması üçün xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təmin edilməsi üzrə işlərin İqtisadiyyat Nazirliyi ilə birgə davam etdirildiyini vurğulayıb.
Carmen Elena Cirnu çıxışında bildirib ki, layihə kibertəhlükəsizlik sahəsində simulyasiya əsaslı təlim və test mexanizmlərini birləşdirən müasir platforma olmaqla, iştirakçılara real kiberhücum ssenariləri üzərində praktiki bacarıqların formalaşdırılması imkanı yaradır. O, BANM-də SOCAR-ın dəstəyi ilə formalaşdırılmış kibertəhlükəsizlik mühitinin bir çox Avropa ölkələrində belə nadir rast gəlinən nümunə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Davud Rüstəmov qeyd edib ki, laboratoriyanın istifadəyə verilməsi Azərbaycanda mövcud proqram və aparat təminatlarında boşluqların vaxtında aşkarlanması, risklərin azaldılması və kiberinsidentlərin qarşısının qabaqlayıcı şəkildə alınması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, BANM kimi elmi və tədris potensialı ilə ön sıralarda yer alan ali təhsil ocağında belə laboratoriyanın yaradılması sevindirici haldır.
Anar Nərimanov çıxışında vurğulayıb ki, laboratoriya təkcə fiziki texnologiyaların yerləşdirildiyi məkan deyil, həm də insan kapitalının – tələbələr, tədqiqatçılar və gələcək kibermütəxəssislərin yetişdirildiyi mərkəzdir. Burada tələbələr həm rəqəmsal bacarıqlarını inkişaf etdirəcək, həm də DIH-lərdə (Digital Innovation Hub) və digər texnoloji mərkəzlərdə real layihələr üzərində çalışaraq yeni məhsul və startapların yaranmasına dəstək verəcəklər.
Sonra dövlət rəsmiləri və xarici qonaqlar laboratoriya ilə tanış olublar.







