Baş Prokurorluqdan işəgötürənlərə - Müraciət

bas-prokurorluqdan-isegoturenlere
Oxunma sayı: 5690

Baş Prokurorluq müşahidə olunan hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib.

“Qafqazinfo” qurumun Mətbuat xidmətinə istinadən soyuq və küləkli hava şəraitində fasilələr və işin dayandırılmasının əsaslarını təqdim edir:

- “Əmək Məcəlləsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır;

- İşçilər ilin soyuq vaxtında, havanın temperaturu müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara fasilələr verilir və iş dayandırılır;

- Havanın temperaturu selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda, eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir;

- Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır;

- Tikinti işləri görüldükdə və ya dənizdə işləyərkən küləyin gücündən asılı olaraq qanunla nəzərdə tutulan bir sıra işlərin görülməsi dayandırılır;

- İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur;

- İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir;

- Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir;

- İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir;

- Həmçinin, iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır.