“Bilirlər, di gəl erməniliklərindən də qalmırlar...”

bilirler-di-gel-ermeniliklerinden-de-qalmirlar
Oxunma sayı: 582

Baş verən hadisələrə “soyuq başla”, yəni hadisənin baş verdiyi andan və ya günlərdən bir az sonra baxmağın tərəfdarıyam. Bu halda “daşlar yerinə oturur”, toz-duman çəkilir və əslində nə baş verdiyini daha dəqiq görüb, baş verən hadisənin ölkə içindəki sədalarını və ölkə xaricindən gələn “əks-sədaları”nı daha aydın müşahidə etmək və dəyərləndirmək olur.

“Səda”ları hamımız kifayət qədər görüb eşitdiyimizdən mən bu yazıda son səfərin “əks-sədaları”ndan danışmaq istəyirəm.

Bəli, söhbət Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə, konkret olaraq Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfərindən gedir. Səfərə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin birbaşa rəhbərlik etməsi səfərin ən yüksək səviyyədə təşkili və diqqət mərkəzindən olmasından xəbər verməklə yanaşı, həm də diplomatlara bir çox həqiqətlərin “dövlət ağzı” ilə çatdırılacağının göstəricisi idi. Bu mənada baş tutan səfəri son illərin ən uğurlu diplomatik hadisələrindən biri kimi dəyərləndirmək olar. Səfərin rəsmi xronikası ilə artıq çoxdan tanışsınız deyə, bu haqda nəsə yazıb sizi yormayacağam. Yuxarıda da dediyim kimi, məsələ səfərə qonşu ölkədən, Ermənistandan gələn reaksiyalardır.

Qoy ən başda bir haşiyə çıxım, sonra davam edək. Biz illərdir ki, Ermənistandakı xarici ölkə səfirlərinin, diplomatların və bu ölkəyə səfər edən ali qonaqların “qondarma erməni soyqırımı” abidəsini ziyarət edib, gül çələngi qoymağını təəssüf hissi ilə izləyirik. Böyük bir yalana alət olan yüksəkçinli diplomatların görüntülərinə baxıb əsəbləşirik, narahatlıq keçiririk. Lakin heç bir halda nə televiziyalarımızda, nə böyük saytlarda o ölkələr haqqında, o diplomatlar haqqında təhqiredici ifadələrlə, hərzə-hədyanla danışırıq. Həqiqətin gec-tez öz yerini tapacağına ümid etmişik, edirik və edəcəyik də.

Di gəl, bu bizim qonşular... Televiziyaları, “armenia today”ları, “panarmenian”ları bir tərəfdən, sosial şəbəkələrdəki yüzlərlə səhifələri də o biri tərəfdən. Tökülüşüblər səfərdə iştirak edən diplomatların üstünə. Söyürlər, təhqir edirlər, hətta təhdid edirlər. Bəzi erməni resurları “erməniliyinə salıb” şişirdərək səfərdə 150 səfirin iştirak etdiyini yazır. Bu say, bu ifadə bildiyimiz, daha doğrusu onların daha yaxşı bildiyi manipulyasiyadan başqa bir şey deyil. Özləri də yaxşı bilir ki, orada söhbət 150 səfirdən yox, 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən ümumilikdə 150 diplomatik korpus nümayəndəsindən gedir. Bilirlər, di gəl erməniliklərindən də qalmırlar. Özlərinə necə sərf edirsə, “həqiqət” də odur.

Şəxsən mənim qarşıma ən az 4-5 erməni səhifəsi çıxıb. İnternetin mövcud imkanlarından istifadə edib tərcümə eləyəndə görmüşəm ki, birində diplomatların Şuşada getdiyi yallıdan, elədiyi rəqsdən yanıqlı-yanıqlı danışırlar, digərində Hikmət Hacıyevin Gəncəsər monastırında diplomatlara nümayiş etdirdiyi “erməni tarixi qaynağı”nın əslində içində heç nə yazılmayan boş kitablar olduğunu göstərən kadrlara “od püskürürlər”, üçüncüsündə o səfərdə iştirak edən diplomatlar haqda, mənsub olduqları ölkələr haqda ağır ifadələr işlədərək, hamını ucdantutma düşmən elan edirlər. Bildiyimiz erməni xisləti...

(Burada yenə də kiçik bir haşiyə çıxaraq, diplomatların səfərinin Ermənistanın təkcə ənənəvi mediasında yox, sosial mediadakı səhifələrində də ajiotaj yaratmasında səfərdə iştirak edən, elə qonşu ölkənin özündən də xeyli izləyici kütləsinə malik olan, savadlı və səviyyəli bloqerlərin rolu danılmazdır. Gəlin etiraf edək ki, biz özümüz də xalq olaraq Ermənistanda baş verən hadisələri onların televiziya və ya saytlarından izləmirik, sosial media resurlarındakı səhifələr və bloqerləri vasitəsilə xəbər tuturuq. Bu mənada bu cür səfərlərdə bloqerlərin iştirakı əslində doğru addımdır. Konkret misal çəkəsi olsaq, Kamran Razmovar kimi həm danışıq və izah etmə qabiliyyəti yüksək olan, həm də kifayət qədər izləyiciyə malik səhifələri və profilləri olan bir bloqerin belə bir səfərdə iştirakı çox doğru seçimdir.)

Ən böyük saytlarından tutdu, ən kiçik səhifələrinə qədər, hamısında da bizim tarixi torpaqlarımızın, dədə-baba yurdlarımızın adını öz erməni ağızlarına uyğun, əzib-büzüb yazırlar. Guya dedikləri bu adlar onların toponimləridir, əsl adları belədir. Azad olunmuş ərazilər, Şərqi Zəngəzur, tarixi-mədəni irs kimi sözlər bu yazıq bəndələr üçün hələ dırnaq içərisindədir. Anlamırlar ki, sözləri də, anlayışları da dırnaq içinə alan və dırnaqdan çıxaran güc artıq onlar deyil və heç vaxt da olmayacaqlar. Bütün bunları təkcə səhifə adminləri və ya sayt redaktorları etsə, dərd yarı, parlamentlərindəki başbilən sayıb seçdikləri Ruben Rubinyan, Lilit Qalstyan kimi şəxslər də “ulduza hürür”, diplomatların Gəncəsər və Xudavəng monastırlarına aparılması, abidələrin Qafqaz Albaniyasına aid dini-tarixi irs kimi təqdim olunması ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi və kəskin bəyanat verməsini tələb edirlər. Səfərdə baş verən hər şeyə ucdantutma etiraz edirlər. Hətta səfər iştirakçılarının yallı getməsinə də. Kefdilər e, vallah...

Birdəfəlik anlamaq, başa düşmək lazımdır. Əgər yallını bir ölkənin vətəndaşları öz dədə-baba torpağında, bu torpağa dəvət etdiyi qonaqlarla gedirsə, bundan sizə nə? Bunun əksi, yəni başqasının tarixi elini, yurdunu kimlərinsə köməkliyi ilə işğal edib, illərlə işğalda saxlamaq, başıpozuq dəstələrlə “yallı” getmək, üstəgəl dövlət başçısı səviyyəsində bu bədnam “yallı”ya qoşulmaq yolverilməzdir və çox ağır nəticələrə gətirib çıxara bilir. Bilər yox a, məhz bilir! Ən yaxın tarixdə siz özünüz bunun canlı şahidi oldunuz axı. Yenə nə istəyirsiniz? Hələ mən onu demirəm ki, ümumiyyətlə, yallıdan sizə nə? Yallı hara, siz hara?

Ümumiyyətlə yekə-yekə danışıb, böyük planlar qurmağınızın acı nəticələri sizə bəs etmirmi? Bir zamanlar dünyaya bəyan edib, dərsliklərinizə saldığınız “böyük Ermənistan” xəritəsi kiçilib-kiçilib dövlət başçınızın kostyumunun yaxasına yerləşən nişana dönmədimi? O “nişan xəritə”nin içindəki ərazilərin də bizim tarixi torpaqlarımız olduğunu yaxşı bilirsiniz. Bəlkə elə buna görə dövlət başçınız Azərbaycan dövlətinin başçısı ilə görüşə yaxasında o nişanla gəlir, öz aləmində hazırkı sərhədlərinizi beləcə “legitimləşdirməyə” çalışırsınız?

Biz düz 30 ildir ki, sülh deyib, həqiqət deyib, ədalət deyib durmuşuq. İllərlə sülhü sakitcə təklif etdik, olmadı. Bütün dünyanın gözü önündə, bütün görüşlərdə həm rəhbərlərini, həm xalqı sülhə çağırdıq, o da alınmadı. Nəticədə ölkə və dövlət olaraq, “sülhə məcbur etmə” əməliyyatına başladıq. Bu əməliyyatın hərbi hissəsi yekunlaşmış sayılsa da, danışıqlar hissəsi, diplomatik hissə hələ də davam edir. Bəlkə elə sonuncu təşkil edilmiş səfər də “sülhə məcbur etmə”yə töhfə vermək üçün görülən işlərdən növbəti biri idi. Həm dövlətinizə, həm rəhbərlərinizə, həm də xalqınıza növbəti dəfə göstərirdik ki, tarixi ədalət tam da olmasa, bərpa olunub. Və bu ədalətin bərpası prosesində olmasa da, indiki mərhələsində bütün dünya bizim, haqq-ədalətin yanındadır. Hamı buradadır!

İstəsəniz də, istəməsəniz də, başqa çıxış yolunuz yoxdur, siz də gələcəksiniz...

Çingiz Özgür