Bərdə terrorunda yaralanan daha bir vətəndaş şikayətçidir

berde-terrorunda-yaralanan-daha-bir-vetendas-sikayetcidir
Oxunma sayı: 1635

“Oktyabrın 28-i Bərdə şəhəri bombalanan zaman rayonda taksi fəaliyyəti ilə məşğul idim. Sol tərəfimə düşən raketin təsirindən avtomobilin bir hissəsi yararsız hala düşdü, özüm isə ağır qəlpə yaraları aldım. Məni polis əməkdaşı avtomobildən çıxararaq xəstəxanaya yola saldı...”

“Qafqazinfo”ya müraciət edən Bərdə sakini Telman Orucov ötən ilin həmin faciəli gününü belə xatırlayır. Onun sözlərinə görə, Yevlax rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, mədə və onikibarmaq bağırsaqdan qəlpələri çıxarıblar, 7 gün sonra xəstəxanadan evə buraxılıb. Lakin bir neçə gün sonra halı pisləşdiyindən yenidən həkimə müraciət etməli olub: “Yenidən Bərdə xəstəxanasına müraciət etdim, ciyərimdə qan laxtalanıb qalmışdı. Mənə bildirdilər ki, hazırda baş həkim yoxdur. Bakıda özəl klinikaların birində əməliyyat  olundum. 2 min manat əməliyyata görə ödəniş elədim, 500 manata yaxın analizlərə pulum çıxdı. Amma hələ də bədənimdə iki qəlpə qalıb, başımda gicəllənmələr olur. Bərdədə MRT yoxdur, göndəriş alıb Mingəçevirdə MRT-dən keçmək istəyirəm. Lakin xəstəxana göndəriş vermir”. 

T. Orucov bildirir ki, qəlpələr sol baldır hissəsindən girərək ayağının sümüyə yaxın ətini sıyırıb. Ona görə də yeriməkdə çətinlik çəkir. Həmçinin sol qoluna qəlpə dəydiyindən qolu yarıdan yuxarı qalxmır. Səhhəti işləməyə imkan vermədiyindən maddi baxımdan da çətinlik çəkir: 

“Bədənimdən 45 kiloqrama yaxın piy çıxarıblar, mədəmi tikiblər. Vəziyyətim heç də yaxşı deyil. Təxminən dekabr ayının əvvəllərində Baş Prokurorluğun istintaq qrupu tərəfindən ekspertiza olunmuşam. Dekabr ayından bütün sənədlərim hazırdır. Mənə dedilər ekspertiza  sənədləri DSMF-yə göndərəcək. Hələ ki, əlllik təyin olunmayıb. Avtomobilim də ciddi zərər çəkib, sol tərəfi yoxdur, təkərləri partlayıb, ona görə də ödəniş ala bilməmişəm”.

Bərdə sakininin müraciətiylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, əlillik təyin olunması üçün T. Orucov əvvəlcə yerli səhiyyə müəssisəsinə yaxınlaşmalıdır. Nazirliyin əməkdaşları vətəndaşla görüşərək bununla bağlı onu məlumatlandırıblar:

“Nazirliyin əməkdaşları Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olan, Bərdə şəhəri S.Zöhrabbəyov küçəsində “Yeməkxana” binası adlanan ünvanda müvəqqəti məskunlaşan məcburi köçkün Orucov Telman İldırım oğlunun yaşadığı ünvanda olublar. Telman Orucov yaralananadək taksi fəaliyyəti ilə məşğul olub və hazırda işləmir. Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən ona iş və özünüməşğulluq proqramı barədə məlumat verilib. Lakin vətəndaş iş qabilliyyətinin və özünüməşğulluq proqramına qoşulmaq üçün şəraitinin olmadığını bildirib. Eyni zamanda vətəndaşa bildirilib ki, əlillik təyin olunması üçün yerli səhiyyə müəssisəsinə yaxınlaşmalıdır. T. Orucovun yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən Əlillik Altsisteminə göndəriş (forma 88) hələ daxil edilməyib. Bu səbəbdən şəxsin əlilliyi ilə bağlı müvafiq qərar verilməyib. Ona əlilliyin təyin edilməsi qaydası ətraflı izah edilib”. 

Bərdə Rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, T. Orucova xəstəxanaya getməsi üçün kömək təklif olunsa da, imtina edib. Yararsız hala düşən avtomobilə gəlincə isə, bildirilib ki, Bərdə terrorunda zərər çəkən avtomobillər Prokurorluğun istintaq qrupu tərəfindən araşdırılıb və qeydiyyata alınıb. Bu hadisə ilə bağlı cinayət işi açılıb və hazırda araşdırma davam etdirilir. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından isə sorğumuza cavab olaraq deyilib ki, artıq T. Orucovla əlaqə saxlanılıb və müayinə üçün xəstəxanaya dəvət olunub. Vəziyyəti bu gün xəstəxanadakı müayinədən sonra dəyərləndiriləcək.

Gülnar Əliyeva