“Beş yüz minlik YAP-dan bizim qarşımıza çıxan olmayıb” - Müsahibə

bes-yuz-minlik-yap-dan-bizim-qarsimiza-cixan-olmayib-musahibe-
Oxunma sayı: 905

AXCP-nin Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının “Qafqazinfo”ya müsahibəsi:

- İlk olaraq ondan başlayım ki, sizi son piketlərdə aktiv görmədim.
- Doğurdan? Əksinə, piketlərdə partiyanın əsas təşkilatçılarından biri kimi iştirak edirəm. Biz piketlərə əsasən iki kolonla gəlirik. O kolonlaradan birinə iki nəfər rəhbərlik edir ki, onlardan biri də mənəm. Görünür kamerlar...

- Sizi çəkmirlər?
- Xeyr, mən kameralara doğru getmirəm. Piketin qaynar yerlərində oluruq ona görə.

- Ümumiyyətlə, çoxları sizin son fəaliyyətinizi əvvəlki illərdəki kimi aktiv hesab etmirlər. Nə ilə bağlıdır?
- Əvvəlki illərdə biz ortada tək idik. Bütün tədbirləri özümüz keçirirdik. Yadımdadır, 2009-cu ilin fevralın 15-də Gənclər Komitəsinə sədrliyim vaxtı bizim o zaman da qərargahımız yox idi, amma Cəfər Cabbarlı küçəsində yerləşən Norveç İnsan Haqları evində bizim hər həftə tədbirlərimiz olurdu. Bu tədbirlərə həm siyasi partiyaların gənclər təşkilatlarını, həm də bu gün müxtəlif ictimai təşkilatlarda təmsil olunan gəncləri dəvət edirdik. Demək olar ki, ortada bütün fəaliyyəti biz həyata keçirirdik. İndi şükürlər olsun ki, həm siyasi partiyaların gənclər təşkilatları fəallaşıb, həm yeni ictimai təşkilatlar yaranıb, yeni fəal gənclər var ortada. Ola bilsin ki, onların hamısının birgə fəaliyyətləri fonunda mənim fəaliyyətim qabarıq görünmür. Lakin bununla da razı deyiləm. Çünki bu da mənim aktivliyimi məncə aşağı salmır. AXCP Gənclər Komitəsinin fəaliyyətini izləyən hər kəs bilir ki, biz hər həftə tədbirlər keçiririk, müxtəlif aksiyalarda iştirak edirik, ən müxtəlif formada təşkilatlanma ilə bağlı tədbirlərimiz davam edir. Artıq Gənclər Komitəsi də həmin illərdəki Gənclər Komitəsi deyil. Xeyli sayda yeni, parlaq gənclər var ki, mən müxtəlif tədbirlərin aparıcılığını, təşkilatçılığını onlara həvalə edirəm ki, onlar artıq formalaşsın, yetişsinlər.

- Məncə, Siz daha çox icazəli aksiyalarda fəalsınız...
- Mən bütün aksiyalarda fəalam, istər icazəli, istər icazəsiz. Hər bir aksiyada üzərimə düşən işlər var, xüsusən Xalq Cəbhəsinin Gənclər Komitəsinin fəaliyyətini koordinasiya etmək var ki, mən onu bütün hallarda ən yaxşı formada həyata keçirirəm. İnanmıram ki, Azərbaycanda hər hansı gənclər təşkilatlarının sədri Tural Abbaslını çıxmaq şərti ilə mənim qədər həbslərə məruz qalsın.

- Belə bir qorxunuz yoxdur demək?
- Qətiyyən, həbs edilməkdən qorxsaydım burda niyə otururdum ki?

- AXCP-nin əvvəlki fəallarından olan, kifayət qədər radikallığı ilə tanınan Ruslan Bəşirlinin aqibətini yaşaya bilərsiniz.
- Ruslan Bəşirli yeddi ilə yaxın həbsdə yatdı. Azərbaycanda bu həbs şəraitini çox azsaylı insanlar yaşayıb. Ruslan Bəşirlinin taleyi çətin olub, amma düşünürəm ki, bu sınaqdan yaxşı keçib. Əlbəttə, daha yaxşı keçə bilərdi. Açığı mən qorxmuram. Hökumətin hər hansı bir təzyiqlərinə, həbsə hazıram. 2003-cü ildən Xalq Cəbhəsinin üzvüyəm. Universitet dövrlərində də cəbhənin təşkilatçılıq fəaliyyəti ilə məşğul olmuşam. Daha sonra Universitet şöbəsində Kitabxanaçılıq dayaq dəstəsinin sədri, eyni zamanda hazırda həbsdə olan Məhəmməd Məcidlinin müavini, AXCP Gənclər Komitəsi sədrinin təşkilati məsələlər üzrə müavini olmuşam. Bütün dövrlərdə aktiv şəkildə iştirak etmişəm.

- Ruslan Bəşirlinin 6 illik həbs həyatından sonra əfv ərizəsi yazmasını necə qarşıladınız?
- Mənə elə gəlir ki, məsələnin daha çox o tərəfini düşünmək lazımdır ki, Ruslan Bəşirli hansı məhrumiyyətlər yaşayıb. Nişanlı, yeddi ilə yaxın həbs, ona qarşı qara və rəzil bir piar aparılıb. Ona qarşı Azərbaycan hüquq mühafizə orqanları rəzil bir əməliyyat həyata keçirib. Mənə elə gəlir ki, əsasən vurğunu və diqqəti ora yönəltmək lazımdır.

- Amma həbsdən sonrakı fəaliyyətində əvvəlki fəallıq hiss olunmadı.
- Hələ ki, Ruslan Bəşirli həbsdən çox qısa müddətdə çıxıb, gələcəyi gözləyək.

- Gənclər Təşkilatının sədrisiniz. Bu status liderlik xüsusiyyəti tələb edir. Məncə gənclər arasında xüsusi rəğbətiniz var, mitinqlərdə pafoslu çıxışlarınızla yadda qalırsınız. Liderlik keyfiyyətini aşılamaq üçün başqa hansı vasitələr var sizin üçün?
- Yaxşıdır ki, əvvəlki suallarınızı bu sualınızla təkzib etdiniz. Qaldı ki rəğbət məsələsinə özüm haqqında yüksək fikirlər səsləndirməyi sevmirəm. Lakin Gənclər Komitəsinin sədrindən əlavə mən Xalq Cəbhəsinin üzvü olan hər bir gənclə, ümumiyyətlə ictimai-siyasi sektorda olan hər bir gənci özümə dost, qardaş hesab edirəm. Bizim partiyada da artıq belə bir ənənə var ki, bizim ən yaxın dostlarımız, qohumlarımız bu proseslərdə iştirak edən insanlardır. Mən özümə yaxın olan insanları bu düşərgədə olan insanlar hesab edirəm. Siyasi partiyalarda təmsil olunanlardan tutmuş, vətəndaş cəmiyyətində təmsil olunanlara qədər. Bəlkə də bundan irəli gəlir. Rəğbət göstərirlərsə sağ olsunlar, amma bunun səbəbini onlardan soruşmaq lazımdır.

- Mən təkzib etdiyimi düşünmürəm. Rəğbət ola bilər, amma aktivlik yoxdur dedim.
- O zaman nəticəni oxucuların öhdəsinə buraxaq. (gülür)

- İctimai Palatanın “Evrovision” ərəfəsində mitinq keçirməsi ölkənin imici baxımından sizcə nə dərəcədə məqsədəuyğundur?
- Mən birmənalı şəkildə İctimai Palatanın hazırda keçirdiyi icazəsiz aksiyaların tərəfdarıyam. Bu aksiyaların 22-dən başlayaraq hər gün keçirilməsini dəstəkləyirəm. Partiyada da bizim tərəfimizdən belə bir mövqe ortaya qoyulur və belə bir mövqe davam etdiriləcək. İmic məsələsinə gəlincə, ölkəmizin imici biz korlamamışıq. Onu Azərbaycana rəhbərlik edən İlham Əliyev və onun komandası korlayıb. Onun yaxınları, korrupsiya ilə məşğul olan nazirləri korlayıb. Bizim fəaliyyətimiz isə Azərbaycanda ifadə azadlığı, mülkiyyət azadlığı, gənc fəalların həbs olunmasına qarşıdır. Belə bir məqamda düşünürəm ki, hər bir azərbaycanlı gənc bu prosesdə bacardığı qədər fəal olmalıdır. Biz bu avtoritar rejimdən nə qədər tez canımızı qurtarsaq, bu, növbəti mərhələlərdə Azərbaycanın imicini daha yaxşı tanıdacaq. Məsələn, payızda Azərbaycanda böyük bir “İnternet idarəçiliyi forumu” keçiriləcək. Onlarla ölkədən nümayəndə heyəti gələcək. Təxminən “Evrovision” a bənzər bir forum, kampaniya olacaq. Əgər bu kampaniyada da eyni məsələlər dava etsə bunun yenə də günahı Azərbaycan hökumətinin üzərində qalacaq. Avropa Yayım Birliyinin nümayəndəsi bu yaxınlarda çıxış edərək deyib ki, ilk dəfədir ki, “Evrovision” tarixində Azərbaycan kimi insan haqlarının tapdalandığı bir ölkəyə rast gəlirik. O baxımdan bizim etdiyimiz doğrudur. Biz öz ölkəmizin dəyişilməsini istəyirik. Zəhmət çəksinlər Azərbaycanı bu gündə görmək istəmirlərsə islahatlara getsinlər.

- Ola bilməzdi ki, aksiyaları müsabiqə ərəfəsində təxirə salmaq, ölkədaxili prosesləri başqalarının müdaxiləsi olmadan həll etmək?
- İnsan haqları, demokratiya daxili məsələ deyil. Bu, bütün dünyada ümumbəşəri dəyərdir və hamı tərəfindən qəbul olunur, dünyanın sivil ölkələri tərəfindən də qorunur. Bilirsiniz, biz “Evrovision”dan əvvəl də biz bunu etmişik. Ən müxtəlif mərhələlərdə ölkə müxalifəti müxtəlif siyasi tədbirlər, aksiyalar həyata keçirib. Açıq deyək ki, bu, bizim üçün də, xalqımız üçün, eləcə də hakimiyyət üçün bir fürsətdir. Hamımız üçün bir fürsətdir ki, Azərbaycan dəyişsin. İndi hökumət bunu başa düşmək istəmir və özlərini çox pis vəziyyətdə aparırlar. Mən heç vaxt şahid olmamışdım ki, İlham Əliyevin korteji səhər prezident aparatına gələndə yollar birtərəfli bağlansın. Həmişə yollar ikitərəfli bağlanırdı, hətta prezidentin xanımı da keçəndə. Amma bu gün şahidi oldum ki, ölkə prezidentinin korteji gəlir və yollar birtərəfli bağlanır. Yəni adamların bu qədər formadan-formaya keçməsi nəyə lazımdır? Elə bunu həmişə etsinlər. Bizim də istəyimiz budur ki, necə olur ki, xarici medianın gözü qarşısında siz özünüzü başqa cür aparırsınız. Məsələn, Əli Həsənovun son iki açıqlamalarına fikir verin. Müxalifətin varlığı ilə bağlı, İctimai Palatanın vurduğu ziyanla bağlı. O dövlət ifadə edir, əslində isə Azərbaycan hakimiyyətinə vurduğu zərbəni nəzərdə tutur. Bu adamlar əvvəllər belə etiraf etmirdilər, bizim yoxluğumuzdan danışırdılar. Ona görə də indi özlərini apardıqları kimi, necə ki aksiyalarda əvvəlki kimi zorakı deyillər, zəhmət çəksinlər bunu həmişə etsinlər və daha çox islahatlara getsinlər.

- Seymur Orucovu debata çağırmısınız...
- Bəli sizin saytınızda açıqlama vermişdilər ki, Xalq Cəbhəsinin Gəncləri Komitəsi kitab, qəzet oxumayıb. Biz əslində həmişə debata çağırmışıq. Lakin görünür, İlham Əliyev öz opponentləri ilə necə debata çıxmamaq siyasəti aparırsa, onun gəncləri də bu siyasəti “uğurla” həyata keçirirlər. Bəli, biz əvvəllər də debata dəvət etmişik. Təəssüflər olsun ki, 500 minlik Yeni Azərbaycan Partiyasından bizim qarşımıza çıxan olmayıb. Nə cəbhəçilərin, nə müsavatçıların, nə də digər demokratik düşərgədə olan gənclərin qarşısına heç kim çıxmayıb. Həmişə onları başqa sahədə olan adamlar təmsil ediblər. İctimai rəy ondan ibarətdir ki, bu da onların arqumentinin olmamasından irəli gəlir. Bəli, debata da dəvət etmişəm, Xalq Cəbhəsi, Gənclər Komitəsi haqqında dedikləri fikirlərini əsaslandırmasını istəyirəm. Fürsətdən istifadə edib demək istəyirəm ki, Azərbaycanda təhsilin geriləməsi məhz Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu, xüsusən də son 3 ildə baş verib. 2009, 2010, 2011-ci ildə sənəd verənlərin tam yarısının topladığı bal 200-dən artıq olmayıb. Bütövlükdə ölkədə əmək qabiliyyəti olan əhalinin yalnız 11% ali təhsillidir. Xaricə təhsil almağa göndərilənlərin sayı azalıb. Məsələn, Qazaxıstan 19 milyon əhalisi var, hər il 5 min nəfər xaricdə təhsil almağa göndərilir. Azərbaycan Qazaxıstanın yarısı qədərdir, bir neçə yüz nəfəri göndərirlər. Bir gül bayramına xərclənən pullar Azərbaycanda xaricdə təhsil almaq üçün xərclənmir. Yalnız 32 saat ömrü olan güllər. Seymur Orucov da onu fikirləşməlidir ki, məhz onun dəstəklədiyi partiyanın hakimiyyətdə olduğu dövrdə Azərbaycana təhsili nə günə qalıb. Azərbaycan universitetlərində tədris proqramları necə tətbiq olunur, Azərbaycan gəncliyi necə təhsilsizlik durumunda yaşayır. Ondan sonra kitabdan, qəzetdən, jurnallardan danışsınlar. Bundan başqa, buyursunlar oxuduğumuz və bəzən mənim də yazdığım “Azadlıq” qəzetini və özünün redaksiyasında həmişə olan “Səs” qəzetini müqayisə etsin. Hər iki qəzet bizim intellektimizin nümunəsidir. Demirəm “Azadlıq”dakı bütün yazıları biz yazırıq, amma ən azından hər həftənin 6-cı günü həmin qəzetdə “Gənclər meydanı” çıxır və oradakı yazıları AXCP Gənclər Komitəsinin üzvləri hazırlayırlar.

- Yeri gəlmişkən soruşum, mütaliə ilə aranız necədir?
- Mütaliə etməyə məcburuq. Açığı, bəzən çox yorğun oluruq. Hər gün müxtəlif tədbirlər, yeni gənclər olur, onlarla görüşürük. Məsələn, sabah bir tədbirə hazırlaşırıq onunla bağlı görüşlərimiz var. Bildiyiniz kimi Xalq Cəbhəsinin üzvü Əlirza Muxtarın qardaşı həbs olunub, onun mətbuat konfransında iştirak edəcəyik. Bizim komitənin üzvü olan İslam bəyin fotosərgisi olacaq, orada iştirak edəcəyik. Lakin buna baxmayaraq, başa düşürük ki, mütaliə vacibdir, bizim mübarizəmizin arxasında mütləq kitab dayanmalıdır. Biz vaxtaşırı kitab təqdimatları, müxtəlif kinomüzakirələr həyata keçiririk, Artıq Gənclər Komitəsinin nəzdində kitabxana və tədris mərkəzi yaranıb ki, ölkənin tanınmış ziyalılarına müraciət edib kitablar toplayırıq. Bu, Gənclər Komitəsinin üzvlərinin , ümumiyyətlə ictimai-siyasi düşərgədə olan gənclərin maariflənməsi üçün vacibdir.

- Əsasən kimləri oxuyursunuz?
- Azərbaycan ədəbiyyatındakı azad yazarların kitablarını müntəzəm oxuyuram. Bu, Seymur Baycan, Pərviz Cəbrayıl, Ələkbər Əliyev, Zümrüd Yağmurdur ki, onları daim izləyirəm. Azərbaycan çağdaş ədəbiyyatının əsasən azad tərəfini izləməyi özümüzə borc bilirik. Biz onu həm oxumalı, həm də təbliğ etməliyik.
Xarici ədəbiyyatda seçimlər müxtəlif olur. Son dörlərdə Stefan Sveyqi oxuyuram. Leninin əsərlərini ardıcıl oxumasam da, arada vərəqləyirəm. Çünki orada təşkilatçılıq, partiya quruculuğu ilə çox yaxşı fikirlər var.

- Seymur Baycanı, Əli Əkbərin əsərlərinə münasibətiniz necədir, bəyənirsiniz?
- Seymur Baycanı tamamilə bəyənirəm, həm yazar, həm insan kimi. Bizə də çox böyük dəstəyi olub, həm kitab seçimində, həm digər ədəbi məsələlərlə bağlı. O biri dostlarımız inciməsin, amma Seymur Baycanı daha yüksək qiymətləndirirəm.

- Seymur Baycan müxalifət düşərgəsindən çıxışlar edir, amma aksiyalarda fəal iştirak etmədiyi üçün bir çox hallarda qınaq obyektinə çevrilir.
- Seymur Baycan ədəbiyyat nümayəndəsidir. Ədəbiyyatda da iqtidarda olan Anardır. Seymur Baycan da mübarizəsini ona görə aparır. Eyni zamanda, iki aprel mitinqində aktiv iştirak edirdi. Biz də Seymur Baycanın indikindən daha radikal olsun, amma biz onu belə də sevirik.

- Əslində həm Seymur Baycan, həm Əli Əkbərin əsərləri heç də hər zaman birmənalı qarşılanmır...
- Bu məsələlərin müzakirəsi, qınaq məsələsi bizim üçün də çətindir. Çünki bizim partiya əsasən mühafizəkar dairəyə mənsubdur. Biz artıq bir neçə ildir ki, özümüz üçün o prinsipi qəbul etmişik heç bir ideoloji ayrı-seçkiliyə yol vermədən hər kəsi bu rejimə qarşı mübarizədə birləşdirəcəyik. Mənə elə gəlir ki, bu məsələlərdə dözümlü olmaq lazımdır.

- Sizinlə eyni düşərgədə olan ictimai-siyasi sektorun nümayəndələri var ki, onlar istər təşkil etdikləri aksiyalarda, istər sosial şəbəkələrdəki fəaliyətlərində daha azadfikirlilikləri ilə fərqlənirlər. Eyni ideologiya ətrafında birləşmək çətin olmur sizin üçün?
- Bizim də fikirlərimiz azaddır.

- Söhbət siyasi mövzulardan getmir.
- Mən özümü şəxsən mühafizəkar hesab etmirəm. Biz Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin müxtəlif təbəqələrini özümüzdə birləşdiririk. Bizim Gənclər Komitəsində mühafizəkarlar da var, qeyri-mühafizəkarlar da. Bizim üçün bu məsələnin fərqi yoxdur. Hamımız bir hədəfə qarşı birləşirik. Bu məsələdə hər kəsin fikirlərinə hörmətlə yanaşmağın tərəfdarıyam.

- Əbülfəz Qurbanlı bir neçə ildən sonra özünü harada görür?
- Bir neçə ildən sonra özümüzü Azərbaycan hakimiyyətində təmsil olunmuş görürük.

- Hansı pozisiyada?
- Bununla bağlı konkret heç bir şey düşünməmişəm.

- Məqsəd uğrunda mübarizə aparıb, buna nail olduqdan sonra siyasətdən çəkilə bilərsiniz?
- Hər bir variant ola bilər, amma bu haqda heç düşünməmişəm və bunu tez hesab edirəm. İqtidarda təmsil olunanda ozamankı milli demokratik hökumət nəyi tapşıracaqsa onunla da məşğul olacağıq. Eyni zamanda, öz üzərimdə işləyib hansısa Avropa universitetlərinin birində təhsilimi davam etdirmək istəyirəm.


Səidə İsmayılova

PS: Qeyd edək ki, müsahibə Ruslan Bəşirlinin son bəyanatından və İctimai Palatanın mayın 21-də keçirilən aksiyasından əvvəl alınıb.