“Bir cana üçün min qabağa diz qoyan” – Dəli Domrul

bir-cana-ucun-min-qabaga-diz-qoyan-deli-domrul
Oxunma sayı: 1960

Bilən bilir, bilməyənlər bilsin, ər oğlu ərəm. O vaxtı gün qarşı yatan qara dağların arxasından baş qaldırardı, axşam günəş qürubuna yolçuluq edərdi onda bir kimsənin cürəti yetməzdi bizim körpünün üstənə vara, ordan özünə yol eləyə. Həmən igidi əcəl qarşılayar, ölüm yola salardı. Biz ölümü Haq Taala əmri bilmişdik, demə, Domrul böylə sanmazmış, ölümü öz əlinə keçirmişdi. Bir dəfə Dəli Domrulun özgə bir vilayətə səfər etdiyi vaxtlar idi və quru çayın üstündəki körpünü ər oğlu ərəmənə tapşırmışdı. Mən orda olalı hələ bir qovğa görən, bir şüvən eşidən olmamışdı. O vaxt ki, mən gedərdim dağ arxası güdməyə, Domrul gələrdi öz yerinə, qan-qana bulaşardı. Dəli Domrul da gücümə bələd idi, ona görə də özü gələn kimi buyruq eləyərdi, – qalx, bizi qoru. Mən, Dəli Domrula o qədər oxşaram, göz istər baxa, seçə. Bizi ayıra bilən bircə Haq Taala idi. Dəli Domrul bac alardı, keçəndən qırx axça, keçməyəndən də dögə-dögə əlli axça, amma bizə aldıqlarnı on axça az deyərdi. Bunu mən bilirdim, özgələri yox. O vaxt bizim köprünün yamacına bir oba yer eləyəndə, sayru igid əzrailə can verəndə, olanlardan mən də halıydım. Dəli Domrul olanları məndən sordu, dinməz olmadım, dinən oldum, açıb-dedim. Dəli Domrul inanmadı ki, əzrail can alandı, kor tutduğunu buraxdı, Domrul əlindəkini yox. Dedi, yerəm əzraili, xırdalaram. Səbr basmadı, qanar olmadı, odur aldı cəzasını. Çağırdı əzraili.

Haq Taala buyruq elədi, əzrail yerə gəldi. Dəli Domrul qırx yigitlə yeyib-içəndə əzrail gəldi. Dastanda Dədəmiz nəql edər ki, onu nə çavuş gördü, nə qapıçı. Yox elə degil, mən gördüm. Özüm adladdım əzraili Dəli Domrulun yanına, tanısın əzraili degə. Bilirdim, Ala qanatlu əzrail sinəsinə qonanda görər gözü görməz olacaq, tutar əli tutmaz olacaq. Dəli Domrul çox döşünə döyürdü. Məni də igidlərinə qatmazıdı, ol səbəbdən mən şərab içməz idim. Buraxdım əzraili, bir də onu eşitdik, Dəli Domrul söylər:

Vay nə heybətli qocasan,
Qapçılar səni görmədi,
Görən gözüm tutuldu,
Tutan əlim yoruldu.


Sonra qılıncını sıyırdı, elə bildi, Əzrail özüdü, qanmaz Domrulu qandırmaq çətin idi. Əzrail gögərçin oldu, pır eləyib uçdu. Dəli Domrul qas-qas güldü, qanmadı, qanmadı. Sonra Əzrail atının gözünə göründü, atdan aşdı Domrul, əzrail qondu onun sinəsinə. Domrul xırlamağa başladı: Yenə başladı yalvarmağa. Qandıra bilməmişdim, əzraili Haq Taala göndərib... O əzrailə yalvardıqca allahsızlaşırdı.

Bəgligə usanmadım, yigidlikdən doymadım
Canım alma, Əzrail, mədəd! ¬ Dedi.


Əzrail ona Haq Taalanı xatırlatdı: “Axmaq dəli, mənə nə yalvarırsan, Haq Taalaya yalvar”. Şzrail qandı ki, can verən-can alan Allahdır. Onda gənə Əzrail kiçik göründü ona “ya pəs, sən nə eyləməkdəsən”. Sən aradan çıxgil, mən Allah Taala ilə xəbərləşim”. Sonra da üz qoydu Allaha yalvarmağa.

Mən bilirdim, bilirdim, Əzrail onun canını almaz, çün Haq Taala bir igidin yerinə özgə igid qoymadıqca o igidi öldürməzdi, yuvaları yigəsiz qoymazdı. Amma Dəli Domrul ha qorxaqmış yaman. Bir can üçün döymədigi qapı qoymadı. Dəli Domrul üz tutdu birinci igidlərinə, qırx igiddən can istədi. Amma Dədəm bunu dastanda demədi, söyləmədi, ar elədi. Mən gizlətmərəm, saxlatmaram sözü canda. Söz olubsa, gizləməyin adı nə.

Dəli Domrul yigitlərə üz tutdu.

Qarşıma baş qoyan yigitlər, hey, yigitlər.
Kim ölümün, mənimkiylə əvəzlər.


Yigitlərin yigitliyi göyə çəkildi, duman oldu, dağların başına qalxdı. Lal oldu igidlər, dinməz oldular. Öncə bir-birinin üzünə baxdılar, sonra da qara torpağa. Qara torpağa baxdıqca gözləri qorxdu ölümdən. Dəli Domrul anladı, anladı ki, yolunda can fəda deyən yigitlər, yalan söyləmişlər bu çağacan. Dar gündə dağlardan özgə kimsə qalmaz arxanda. Üz qoydu atasının yanına, vardı, əlini öpdü, sirr saxlancını açdı, soyladı, görək, nə soyladı.

“Baba, səndən can dilərəm, verərmisən?
Yoxsa oğul Dəli Domrul!” deyü ağlarmısan?”


Dədəm burasını dastanda doğru ərz eləmiş. Amma mal-mülkünü oğluna fəda edərərəm deyə boş-boş danışan baba (ata), canından keçə bilmədi. Atası Domrula göstəriş elədi ki, yarı yarcan sevən olmaz, var halalından istə can o dinmə-söyləməz verər canını. Domrul el-el dolaşdı, yolunda canım fəda deyənlər, ona can qıymadılar, üz tutdu yad qızı halalının yanına:

Kimə dedim, dünya şirin can tatlu dedilər
Bir kimsə can vermədi.
Sən nə dersən.


Halalı döndü oldu əzazil, tikə-tikə danışdı. Ərz elədi ki, doğmalar can vermədi, mən niyə can verəyim. Ellərə qan uddurmazdın, indi bu çətin halına bir carə qılan olardı. Mən ballarımın yolunda fəda olaram, sən yolda yox, yürü ananın yanına, qoy o bir carə qılsın. Domrul olmadı tənbəl, yürüdü anasının yanına. Anası oğlunu gördü, bağrı şan-şan oldu. Doqquz ay dar qarnında bəslədiyi, on ay deyəndə dünyaya gətirdiyi oğluna can lazım olduğunu həmən bilib dindi.

Dünya şirin, can əzizsə də,
Canım qurban sənə.


Yürüdü ölümə sarı ana, elə ki, gördü ağ birçəkli anası əzrailə yetə-yetdədi, durmadı yürüdü. Keçdi anasının önünə qaldı əzraillə göz-gözə. Anası ona adlayıb irəli keçdi, o anasını adlayıb əzraillə göz-gözə durdu. Allah tamaşa elədi, ağladı. Ayrımadı, balanı anadan, ananı baladan. Onların bir-birinin ölümünü əvəzləməsi Allaha xoş gəldi. Əzrailə əmr elədi onların ömrünə yüz qırx yıl ömür yaz. Qoy, Dəli Domrul sığınsın anasının qoynuna. Dəli Domrul atdı hamını, yetdi dağlara, dəlilik çəkildi başından, atasını da, yarını da, yarı-yoldaşı da tanıdı. Anladı hamının vəfasın, bildi dəlilik hədər şeymiş, anladı ki, köpri də, çay da boş şeymiş, vətən ana qucağıymış, anladı ki anasından özgə hamı çəkiləsi duman imiş, dolublarmuş dörd yanına. Domrulun halalı və atasının da canını Haq Taala yazulmuş vaxtda aldı, cəzalandırmadı onlar. O da bilirdi ki, can şirindir. Hər kəsin öz canu var, heç kəsin, canını heç kəsə əvəz qılmazdı Tanrı. Yüz qırx ildə sona çatanda Tanrı onları elə öldürdü, nə Ana bala dağı gördü, nə bala ana dağı.

Dədəm Qorqud boy söyləmiş, amma olanları səhih deməmiş, o yarı yara vəfalı qılmış. Amma mən olanları doğru-dürüst söylərəm.

Dədəm Qorqud dastan bağlamışsa da, mən bildiklərimi sizə yetirməliydim, sirr qəbirə varar, amma susuz torpaq dilim-dilim oldumu qalxar, dolar havaya, hayandansa qulağımıza yetər deyə düşündüm, söylədim.

Onu da biləsiniz ər oğlu ərəm, o adam ki, can verməyə hazır degil, ona igid demərəm.

Fərid Hüseyn