Bir səfərin izi ilə… - Fotolar

bir-seferin-izi-ile
Oxunma sayı: 286

Mayın 6-da Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Bir səfərin izi ilə” adlı sənədli filminin növbəti bölümlərinin nümayişi olub.

“Qafqazinfo” xəbər verir ki, film Ulu Öndərin fərqli ölkələrə rəsmi səfərlərindən bəhs edir.

Bu dəfə “Bir səfərin izi ilə” silsiləsindən Ümummilli Liderin Fransa, Böyük Britaniya, Belçika və Lüksemburq, həmçinin Çin, Yaponiya və Türk dünyası istiqamətləri üzrə rəsmi səfərlərini əks etdirən ekran işlərinin nümayişi olub. 

Nümayişdən sonra tədbir iştirakçıları ekran işi ilə bağlı təəssüratlarını bölüşüblər. Tamaşaçılar sırasında olan tələbələr tədbirin maarifləndirici və əlçatan olmasını xüsusilə vurğulayıb.

İzləyicilərdən biri olan Nəzrin Həmzəzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika ixtisası üzrə birinci kurs tələbəsidir.

O bildirib ki, daha əvvəl də bu tip layihələrdə iştirak edib və xüsusilə belə bir tədbirdə yer almaq onun üçün əhəmiyyətlidir:

“Ulu Öndər Heydər Əliyevin həyatının xüsusilə xarici səfərlərlə bağlı məqamlarını izləmək maraqlı və faydalıdır. Layihənin ödənişsiz olması tələbələr üçün əlavə imkan yaradır. Bu cür tədbirlər həm yeni məlumatlar əldə etməyə, həm də gələcək planlara müəyyən istiqamət verməyə kömək edir”.

Məlumat üçün bildirək ki, filmlər “Heydər Əliyev və diplomatiya məktəbi” layihəsi çərçivəsində nümayiş olunur və Ulu Öndərin zəngin irsinin, xüsusilə həyata keçirdiyi xarici siyasət strategiyasının öyrənilməsi və təbliği məqsədi daşıyır.

Filmlərin müəllifi, tanınmış səyyah və jurnalist Azər Qərib fikirlərini bölüşərək bildirib ki, “Bir səfərin izi ilə” sənədli ekran əsəri silsilə xarakter daşıyır və ilkin mərhələdə 10 filmdən ibarət olması nəzərdə tutulur:

“Filmlər Heydər Əliyevin rəsmi xarici səfərlərinə həsr olunsa da, əsas diqqət daha çox bu səfərlərin qeyri-rəsmi tərəflərinə yönəlib.

Ekran işlərində protokol çərçivəsindən kənarda qalan məqamlar, pərdəarxası görüşlər, Ümummilli Liderin maraq göstərdiyi memarlıq nümunələri və səfər etdiyi məkanların tarixi xüsusilə ön plana çıxarılır. Məqsəd onun şəxsiyyətini fərqli rakursdan təqdim etmək və tamaşaçıya səfərlərin həm mahiyyətini, həm də məqsədini daha dolğun şəkildə çatdırmaqdır”.

Müəllif vurğulayıb ki, bu məqsədlə çəkiliş qrupu Ulu Öndərin səfər etdiyi şəhərlərə gedir, həmin məkanları ziyarət edir və onların tarixini təqdim edir. Bu yanaşma izləyicinin mövzuya daha dərindən bələd olmasına imkan yaradır:

“İndiyədək olan filmlər Amerika, İtaliya, Böyük Britaniya, Fransa, Belçika, Lüksemburq, Çin, Yaponiya və türkdilli ölkələrə səfərləri əhatə edir. Növbəti mərhələdə Gürcüstan istiqamətinin də daxil edilməsi planlaşdırılır. 10-cu film üzrə seçim isə arxiv materiallarının araşdırılmasından sonra müəyyənləşdiriləcək”.

Lamiyə Məmmədova