BMU-da Çindən olan doktorantların iştirakı ilə elmi seminar keçirilir - Fotolar

bmu-da-cinden-olan-doktorantlarin-istiraki-ile-elmi-seminar-kecirilir
Oxunma sayı: 913

Bakı Mühəndislik Universiteti (BMU) və Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında icra olunan ikili diplom proqramı əsasında  Çindən 32 doktorant, həmçinin professor-müəllim heyəti ölkəmizdə səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, səfər proqramı çərçivəsində “Mühəndislik tətbiqlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri” mövzusunda doktorantların beynəlxalq elmi-praktik seminarı öz işinə başlayıb.

Seminarın açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev PKTU ilə bu il qurulan səmərəli əməkdaşlıqdan, bakalavr səviyyəsində ilk ikili diplom proqramının uğurlu icrasından məmnunluğunu dilə gətirib və doktorantların iştirakı ilə keçirilən seminarın elmi bilik mübadiləsi baxımından mühüm önəm daşıdığını vurğulayıb. Çıxışda Azərbaycan və Çin arasında münasibətlərin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Dövlət başçısının cari ildə bu ölkəyə səfərləri çərçivəsində Çin Sədri Si Cinpin ilə birgə qəbul edilən hərtərəfli strateji tərəfdaşlıq qurulması haqqında Birgə Bəyanatın, vizasız rejimin tətbiqi və digər sahələr üzrə əməkdaşlığa dair sazişlərin iki ölkə münasibətlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Seminarın təkcə elmi müzakirələrin miqyası ilə deyil, həm də qlobal dayanıqlı gələcəyə töhfə baxımından olduqca böyük əhəmiyyət kəsb etdiyini deyən rektor tədbirin yeni tədqiqat ideyalarının formalaşmasına və əməkdaşlığın dərinləşməsinə mühüm zəmin yaradacağına, birgə layihələrin başlanğıcı olacağına əminliyini vurğulayıb. 

Tədbirin davamında PKTU-nun Beynəlxalq Təhsil Departamentinin müavini, professor Yu Yue PKTU ilə bağlı təqdimatla çıxış edib. Çıxışda universitetin elmi-tədqiqat istiqamətlərinə, xarici ali məktəblərlə həyata keçirdiyi birgə ikili diplom proqramlarına toxunulub. Təqdimat zamanı BMU-PKTU üzrə hazırda Çində təhsil alan tələbələrin videomüsahibəsi nümayiş etdirilib.

Sonra seminarda BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov, PKTU doktorantları Shang Yizhuo, Shao Yusheng, Fizika İnstitutunun əməkdaşı Təranə Nurubəyli, həmçinin BMU-nun professorları Vəli Hüseynov, Rakib Əfəndiyev və dosent Elmir Babayevin elmi məruzələri, gələcək əməkdaşlıqla bağlı çıxışları dinlənilib və fikir mübadiləsi aparılıb.

Seminar doktorantların ixtisaslaşmış təqdimatları və interaktiv panel müzakirələr ilə davam edir. Sessiyalarda BMU alimləri ilə yanaşı, AMEA, o cümlədən digər universitetlərdən dəvət olunmuş alim və tədqiqatçılar iştirak edirlər.

Doktorantların ölkəmizə səfəri çərçivəsində başqa ali təhsil ocaqlarına, o cümlədən bir sıra qurumlara ziyarətlərinin təşkili də nəzərdə tutulur.