Böyükşor gölünün ətrafını bürüyən köpük yuyucu vasitələrlə bağlı ola bilər - Rəsmi - Video

boyuksor-golunun-etrafini-buruyen-kopuk-yuyucu-vasitelerle-bagli-ola-biler
Oxunma sayı: 944

Böyükşor gölünün ətrafında suyun kənarının köpüklü olması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Məsələ ilə bağlı ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, göl səthində müşahidə olunan ağ köpüyün məişət tullantı sularının tərkibində yüksək miqdarda yuyucu vasitələrin olması ehtimal edilir: “Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin mövcud olmaması səbəbindən tullantı sularının bir hissəsi birbaşa sözügedən gölə axıdılır. Tullantı suları əsasən göl ətrafında məskunlaşmış əhalinin məişət suları, eləcə də həmin ərazidə fəaliyyət göstərən müəssisələrin istehsalat tullantıları hesabına formalaşır. Göl səthində müşahidə olunan ağ köpüyün yaranmasının əsas səbəbi kimi məişət tullantı sularının tərkibində yüksək miqdarda yuyucu vasitələrin olması ehtimal edilir. Lakin dəqiq nəticələr yalnız götürülmüş su nümunələrinin laborator analizindən sonra məlum olacaq”.

Qurumdan həmçinin bildirilib ki, Böyükşor gölünün ətrafında XIX əsrin II yarısından başlayaraq neft sənayesinin sürətli inkişafı nəticəsində bir çox neft quyuları qazılıb və bu, gölün çirklənməsinə səbəb olub: “Ətrafdakı yaşayış sahələrinin genişləndirilməsi və burada yaranan tullantı sularının birbaşa gölə axıdılması gölün çirklənmə səviyyəsini artırıb. 26 dekabr 2013-cü il tarixli “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Azərbaycan Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyət dairəsi genişləndikdən sonra Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Böyükşor gölünə tullantı sularının axıdılması ilə bağlı 30 fakt üzrə təqsirkar şəxslər barədə inzibati xəta haqqında protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.