Britaniya ordusuna məxsus məxfi hərbi sənədlər zibil qutusundan tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilib ki, Britaniya Müdafiə Nazirliyi ölkənin ən böyük hərbi bazalarından biri olan Keterik qarnizonuna aid məxfi sənədlərin təsadüfən bələdiyyənin təkrar emal konteynerinə atılmasından sonra araşdırmaya başlayıb.
Məlumata görə, sənədlər qarnizondan təxminən 4 kilometr aralıda yerləşən təkrar emal məntəqəsində aşkarlanıb. Onların arasında əsgərlərin ad və rütbələri, silah anbarları ilə bağlı məlumatlar, mühafizə növbələrinin cədvəlləri, təhlükəsizlik protokolları və hərbi bazanın müdafiə sisteminə dair qeydlər yer alıb.
Sənədləri tapan şəxs onların adi kağız tullantıları arasında olduğunu bildirərək, yanlış əllərə keçməsinin qarşısını almaq üçün aidiyyəti qurumlara təhvil verdiyini deyib.
Hadisədən sonra Kral Hərbi Polisi araşdırmaya başlayıb. İstintaq çərçivəsində sənədlərin qarnizondan təkrar emal məntəqəsinə necə düşdüyü araşdırılır.
Aşkarlanan materiallarda bazada qeydə alınmış müxtəlif insidentlər də əks olunub. Onların arasında hərbi avadanlığın oğurlanması, perimetr hasarında açılmış dəlik, təhlükəsizlik növbələri, silahların uçotu, hərbi qulluqçuların intizam pozuntuları və digər daxili hadisələr barədə qeydlər var.
Britaniya Müdafiə Nazirliyi məlumatların qorunmasına ciddi yanaşdıqlarını bildirərək, ilkin araşdırmanın nəticələrinə görə sənədlərdə həssas əməliyyat xarakterli məlumatların olmadığını açıqlayıb.
Hadisə ilə bağlı daxili araşdırma davam etdirilir.



Son xəbərlər
Son Xəbərlər