“Bu cür geyinmək onları hörmətdən salır”

bu-cur-geyinmek-onlari-hormetden-salir-
Oxunma sayı: 655

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın “Qafqazinfo”ya müsahibəsi:


- Fazil bəy “Bu şəhərdə”nin qəhrəmanları Rafael və Coşquna etirazınızla gündəmi dəyişməyi bacardınız. Bunu gözləyirdiniz?

- Mən bunu bir status olaraq yazmışdım. Görünür insanları da müəyyən dərəcədə maraqlandıran, narahat edən məsələ olduğuna görə, bu qədər reaksiyalar verildi.

- Amma reaksiyalar birmənalı olmadı. Sizi qınayanlar da oldu, razılaşanlar da. Buna münasibətiniz necədir?

- Adamlar var ki, mütləq mən dediyimə görə, bunu inkar etməyə çalışırlar və bu gözlənilən bir haldır. Təbii ki, məsələyə münasibət birmənalı olmaya bilər. Burada iki məsələ qoyulub: Kişilərin qadın paltarında reklama çarxlarına çəkilməyinə müsbət baxıram və ya mənfi baxıram. Ona görə də, burada bir qütblü yanaşma gözlənilən də deyildi.

- Ümumiyyətlə, sizi onların reklam çarxlarında qadın paltarları geyinməsi narahat edir, yoxsa tamaşalarda da?

- Mən tamaşaların o qədər də çox izləyə bilmirəm. İzləyəndə də təbii ki, istedadlı aktiyorlardır, normal yanaşıram. Müsbət yanaşdığım məqamlar var. Ümumiyyətlə, qadın paltarları ilə tamaşaların verilməsinə münasibətim müsbət deyil. Amma buna qarışmıram, çünki insanlar əgər bundan zövq alırlarsa və ya tamaşaya gedib bununla əylənirlərsə, buna bizim müdaxilə etməyimiz doğru deyil. Məni maraqlandıran ictimai həyatda, ictimai mühitdə bu cür reklamların yayılmasıdır, buna yalnış hesab edirəm. Mənim aktiyorlarla hansısa ədavətim yoxdur ki, buna cavab olaraq da bu cür addım atam. Mən ətrafımdakı insanların müraciətlərini də nəzərə aldım böyük əksəriyyət niyə bu məsələyə baxılmır, heç kim münasibət bildirmir deyə suallar verirdi. Mən də düşündüm ki, həqiqətən də heç özümə də xoş gəlmir bu məsələni qaldırdım. Düşünürəm ki, bu yaxşı bir ənənə formalaşdırmır, cəmiyyətdə yaxşı bir abu-hava yaratmır. Bu baxımdan da mən dostcasına ifadə etdim ki, bundan imtina etmək lazımdır. Mən hesab edirəm ki, kifayət qədər istedadlı insanlardır öz paltarlarında normal geyinib bu reklama çəkilsəydilər, bu daha yaxşı olardı və eyni zamanda da daha çox pul da qazanardılar. Bu cür geyinmək onların özünü də hörmətdən salan məsələdir. Mən ancaq reklam siferasına müdaxilə etmişəm. Onlar sənət adamlarıdır, öz auditoriyaları var. Özlərinin seçdikləri metodlar var. Mənim buna qarışmağım doğru deyil heç buna qarışmaram da.

- Bakı şəhəri İcra Hakimiyyətinni Başçısı Hacıbala Abutalıbova məktub göndərəcəyinizi də bildirmişdiniz. Müraciətinizi göndərdiniz?

- Müraciəti artıq hazırlamışam. Orada əsas məsələ odur ki, o afişalar yığışdırılsın. Cəmiyyətə bu hörmətsizlik davam etməsin. Mən Azərcell şirkətinə də formada öz iradımı bildirəcəyəm. Uzun zamandır Azərbaycanda fəaliyyət göstərən şirkət kimi bu cür addımlara yol verməməlidir.

- Bu yaxınlarda müğənni Xuram Şuşalının “Narkomaniyaya yox” devizi altında keçirdiyi konsertə də dəstək olmuşdunuz.

- Bəli, mən həmin şüara dəstək oldum. Mən, hətta, bildirmişəm ki, təkcə narkomaniyaya yox, siqaretə də yox deyək. Kim bu addıma atırsa, hansı xarakterdə, hansı dünyagörüşdə olmağından asılı olmayaraq bunu dəstəkləyirəm. Mən narkomaniyanın bu ölkənin gənclərini necə uçuruma apardığını həbsxanaların böyük əksəriyyətinin narkomanlardan ibarət olduğunu bilirəm. Buna görə də bunu önləmək üçün biz cəmiyyətin dinlədiyi kimsə bu kanpaniyanı aparırsa buna müsbət yanaşıram. Sabah eyni addımı Rafael və Coşqun da atsa, onlara da səmimi dəstəyimi verərəm. Belə məsələlərə münasibət də bildirəndə cəmiyyətdə bir xəstəlik var, hamı dərhal sual verir ki, yüzlərlə problem var onlara niyə münasibət bildirmirsiniz? Yüzlərlə problemin çoxuna daima münasibət bildirirəm. Hansı məsələyəsə ictimaiyyət daha çox diqqət ayırırsa, hansınasa diqqət yetirilmirsə bu bizim günahımız deyil. Çox vaxt hansısa məsələyə münasibət bildirən kimi məni qaralamaq üçünbu cür iradlar tuturlar. Başqa millət vəkili durursa, pis əməl törədirsə onun məsuliyyətini mən daşımıram axı. Məncə bundan insanlar bir-birini qınamaqdansa, müəyyən nəticə çıxarmalıdırlar.

- Bu gün birçox tədbirlərə qatılacağınızı söylədiniz. Hansı tədbirlərdi onlar?

- 11-13 dekabr İstanbul şəhərində keçirilən "Türk dünyasını aydınlatanlar” uluslararası sempoziuma məruzəçi olaraq qatılacağam. Burada toxunacağım mövzu Azərbaycan düşünürlərinin Türk dünyasının maarifləndirilməsində rolu olacaqdır. Buradan isə Avropa ölkələrinin birində Dağlıq Qarabağ dinləmələrində iştirak edəcəyəm. Bu gün də bir sıra tədbirlərdə iştirak edəcəyəm. Bu gün Avropa İttifaqının müıyyən dəvəti var.

- Bu gün İctimai Palata piket keçirir hər halda bundan da xəbəriniz var.

- Bəli, xəbərdaram, bilirəm ki, icazə ala bilməyiblər. Hakimiyyət bildirib ki, bu aksiyanın qarşısını alacaqlar. Mən hesab edirəm ki, bu məsələdə hər iki tərəfin müəyyən mənada günahı var, birincisi icazəli aksiyalar keçirmək lazımdır. Çünki gənclər hər hansı bir şəkildə polislə qarşıdurmaya cəlb olunmamalıdırlar.

- Çox vaxt aksiyayaların keçirilməsinə icazə verilmir axı.

- Mən hesab edirəm ki, hakimiyyət alternativ yerlər təşkil etməlidir. Çünki təkcə 20-ci sahədəki ərazi ilə kifayətlənmək olmaz. Ora həqiqətən də uzaqdır və normal bir neçə yerin təklif olunması vacibdir ki, müxalifət öz sözünü deyə bilsin.

- 2012-ci ilin siyasi yekunları ilə bağlı nə deyə bilərsiniz?

- 2012-ci ildə millət vəkili kimi fəaliyyətimdə iki qanunda dəyişikliklər illərdir mübarizə apardığım məsələlər müsbət yekunlaşdı. Birinci eks prezidentlər statusu haqqında qanun qəbul olunması, nəhayə qəbul olundu. İkinci siyasi partiyalar haqqında qanundaəlavə və düzəlişlərin edilməsi. Bu da həyata keçirildi. Məncə epizodik hadisələri çox da diqqətdə saxlayıb hansısa bir sensosin fakt kimi dilə gətirməyimiz doğru deyil. 212-ci il Qarabağ məsələsinin həll olunmadığı və ya bir addım da irəliləyə bilmədiyimiz bir il kimi qaldı. Mən daha çox bu meyarla ilə qiymət verilməsini tərəfdarıyam. Kim kimin videosunu çəkdi, bunlar ciddi məsələlərdi, amma ili xarakterizə edən məsələlər deyil . Çünki belə epizodlar hər ildə 5-6 dəfə ola bilər. Bu məsələdə məncə daha ciddi meyarı götürmək bacarmalıyıq. Mən hesab edirəm ki, 2012-ci il Azərbaycanın demokratiya yönündə, Qarabağ məsələsi iləbağlı ciddi irəliləyiş ili sayılmayacaqdır. Daha çox geriləmə ili sayılacaqdır.

- 2013-cü il seçki ilidir. Mühüm il hesab olunur. Bununla bağlı nə kimi proqnozlarınız var.

- Ümid edirəm ki, 2013-cü il Azərbaycanda demokratik islahatların keçirilməsi mümkün olacq. Bu ölkədə ciddi siyasi dəyişikliklər baş verəcək. Ölkədə insanların rifahının yaxşılaşmasında müəyyən müsbət addımlar olacaq. Ümid edirəm. Amma bu çox çətindir. Bunun əsası 2012-də qoyulmalı did. Çox təəssüf ki, bu istiqamətdə ciddi atdımlar atılmadı.

Gülnar Ədalətqızı