Bu da fransız demokratiyası...

bu-da-fransiz-demokratiyasi
Oxunma sayı: 2217

Fransada Valeri adlı qadın ölkə Prezidenti Emmanuel Makron haqqında feysbukda yazdığı paylaşımda “Bu zibil saat 13:00-da çıxış etməyə hazırlaşır... Bu murdarı hər dəfə televizorda görürük” dediyi üçün həbs oluna da bilər.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, iyunda keçiriləcək məhkəmədə təqsirli bilinərsə, 12 min avro cərimələnmə ehtimalı var.

50 yaşlarında olan qadın 2018-2019-cu illərdə Makronu ilk mandatı zamanı sarsıdan “Sarı jiletlilər” etirazlarının tərəfdarı olub.

Prokuror bildirib ki, o, “respublika prezidentini təhqir etməkdə” ittiham olunur və iyunun 20-də Sen-Omerdə mühakimə olunacaq.

Fransanın “La voix Du Nord” qəzetinə danışan Valeri səhər saatlarında polisin onu həbs etmək üçün evinə gəldiyini biləndə çaşdığını söyləyib.

"Mən onlardan bunun zarafat olub-olmadığını soruşdum, heç vaxt həbs olunmamışam. Mən bir nömrəli xalq düşməni deyiləm", - deyə qadın bildirib.

Qeyd edək ki, pensiya islahatına  qarşı davam edən etiraz aksiyaları Fransada sosial gərginliyi artırıb və Makron hökuməti geri çəkilməkdən imtina edib.

Çərşənbə günü polislə etirazçılar arasında yeni toqquşmalar başlayıb. Həmkarlar ittifaqları aprelin 6-nı tətil və etirazların yeni günü elan ediblər.