Bu filmə bütün Azərbaycan “onlarsız” baxacaq - Video

bu-filme-butun-azerbaycan-onlarsiz-baxacaq-video
Oxunma sayı: 686

«Onlar yoxdur» - martın 24-də, gecə saatlarında sosial şəbəkələrdə yayılan filmin adı belədir. Filmdə son zamanlar Azərbaycanda çoxalan müəmmalı əsgər ölümlərindən söz açılır.

Filmi Youtube-da bir neçə saat ərzində 5 mindən çox insan izləyib.

Filmin ssenaristi Aynur Zərintac AzadlıqRadiosuna müsahibəsində deyir ki, son zamanlar əsgərlərin şübhəli ölümləri vətəndaş kimi onu çox narahat edir:

- Son 3 ildə əsgər ölümləri ara vermir. Buna hərə bir cür etirazını bildirir. Biz də film yolunu seçdik... Əsgərlər sıraya düzüləndə adları çəkilincə «Mən» deyirlər. Amma son zamanlar bu qədər əsgər öləndə – tabutlar və əsgər geyimləri evlərə göndəriləndə düşünürsən ki, əsgərlərin adları çəkiləndə boş əsgər çəkmələrini göstərirlər.

Filmin büdcəsinə gəlincə, Aynur Zərintac deyir ki, filmi Media Hüquqları Mərkəzi İctimai Birliyinin layihəsi olan FreeSpace.az maliyyələdirib:

- Filmin büdcəsi üçün o qədər də çox pul lazım olmadı – 200 dollar vəsait ayrıldı. Gələcəkdə də qısa filmlər çəkməyi düşünürük.

***

Media Hüquqları Mərkəzindən “Qafqainfo”ya verilən məlumatda isə bildirilir ki, atəşkəs şəraitində yaşasaq da, hər gün əsgər tabutlarını qəbul edən Azərbaycan ailəsi müharibə şəraitində çox təəssüf ki, hələ də bu acı xəbərlərlə üz-üzə qalır: “Problemin aktuallığı cəmiyyətin ən ciddi həll edilmək sırasını səbrsizliklə gözləyən məsələlərdən birinə çevrilib. Cəmiyyətdə ciddi etirazlarla qarşılanmasına rəğmən orduda əsgər ölümləri davam edir və bunun durdurulmaması diqqəti özünə cəlb edir. Media Hüquqları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə ərsəyə gələn “Onlar yoxdur” qısametrajlı filmi özündə yuxarıda az öncə qeyd etdiyimiz problemi əks etdirir”.

Qeyd edək ki, Media Hüquqları Mərkəzi İB artıq ikinci ildir ki, Azərbycanda insan haqları problemlərinə həsr olunan qısametrajlı filmlərin çəkilişini həyata keçirir. Ötən il gənclər tərəfindən 10 film çəkilib. Hazırda müxtəlif insan haqları problemlərinə həsr olunan digər filmlərin çəkilişi aparılır. "Onlar yoxdur" bu il 2013-cü ildə sözügedən fəaliyyət çərçivəsində ərsəyə gələn ilk filmdir.