Bu gün geomaqnit qasırğası gözlənilir

bu-gun-geomaqnit-qasirgasi-gozlenilir
Oxunma sayı: 1452

“Bu gün geomaqnit qasırğası gözlənilir”.

Bu barədə “Qafqazinfo”ya Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından bildirilib.

Qeyd olunub ki, ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif impulsiv alışma baş verib:

“Günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub. 2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan 2-3 dəfə yüksək olub. Günəş küləyinin sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb. 

Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur”.

Həmçinin bildirilib ki, 21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır:

“Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək”.