Bu gün gecə boyu Leonid meteor selinin piki baş verəcək.
Bu barədə “Qafqazinfo”ya Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq. Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görə bilərsiniz. Meteorlar gecəyarısına yaxın üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaq. Leonidləri dekabrın 2-nə kimi müşahidə etmək mümkün olacaq.
Yer atmosferinə paralel traektoriya ilə daxil olan meteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən meteor selləri həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.
Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşmüşdü. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağmışdı. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından keçməsi barədə təəssürat yaratdı. Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.
2023-cü ilin sonunadək 14-15 dekabrda Geminid meteor selinin, 22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150, Ursidlərdə isə 10-dan çox meteor düşür. Təəssüf ki 21-22 dekabrda Ay bədrlənmiş Ay fazasına yaxın olduğundan Ursidlərin müşahidəsinə mane olacaq.