Bu halda da cərimələnə bilərsiniz - Rəsmi

bu-halda-da-cerimelene-bilersiniz
Oxunma sayı: 14225

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət icaze.e-gov.az portalı üzərində əldə edilən icazələr əsasında tənzimlənir.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib.

Qeyd olunub ki, əvvəlcədən icazəsi olan şəxslərin hazırda icazələri aktiv deyil. Yalnız fəaliyyətinə icazə verilən qurumların möhür səlahiyyətli şəxsi sistemə daxil olaraq vaxtı bitmiş icazəni aktivləşdirdikdən sonra icazə qüvvədə olur.

Əməkdaşlar haqqında məlumatlar düzgün daxil edilməlidir. Düzgün daxil olunmuş və göndərilmiş kimi qeyd olunan icazələr gün ərzində təsdiqlənir.

Yalnız vaxtı bitmiş icazələri aktivləşdirmək mümkündür. Əks halda sistemə yeni icazə kimi əlavə edilməlidir.

Məlumatda bildirilir ki, fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında təqdim edilib.

Əgər vətəndaşların fəaliyyət istiqaməti Operativ Qərargahın qərarı ilə təsdiqlənmirsə, sistemdə onların icazəsi aktivləşdirilsə belə yaşayış yerini tərk etdikləri təqdirdə karantin qaydalarının pozulmasına görə cərimələnə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində  2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Qeyd olunan şəhərlər və rayonun   ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.