“Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumundan azadolmaların tətbiqi müəyyən kateqoriyaya aid şəxslərin - Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda sağlamlığını itirmiş və əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də şəhid ailələrinin hüquqi və maddi yükünü əhəmiyyətli dərəcədə azaldır, onların mülki hüquqlardan daha rahat və maneəsiz istifadə etməsinə şərait yaradır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Xüsusilə müharibə, 20 Yanvar hadisələri və Çernobıl AES-də xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin bu güzəştlərdən faydalanması sosial dövlət prinsiplərinə tam uyğundur və bu, təqdirəlayiqdir.
Layihə, həmçinin hüquqi mexanizmlərin sadələşdirilməsinə, daşınmaz əmlakla bağlı əməliyyatların əlçatanlığının artırılmasına və sosial ədalətin təmin olunmasına xidmət edir ki, bu da onu aktual və zəruri edir.
Hesab edirəm ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumunun ödənilməsindən azad olunanların kateqoriyasına təltifi olan müharibə veteranlarının da daxil edilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Bu addım vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə, habelə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini nəzərdə tutan normativ hüquqi aktların məqsədlərinə uyğundur.
Eyni zamanda, hesab edirəm ki, layihənin icrasının daha effektiv təşkili məqsədilə dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılması və bu məlumatların bütün dövlət xidmətlərinin, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olardı.
Bu addım, hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, dövlət rüsumlarından azadolma hüququ olan şəxslərin bu hüquqlarını hansısa arayışla təsdiq edilməsi mexanizlərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların operativ və şəffaf icrasının təmin edilməsinə xidmət edər”, - deputat əlavə edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər