“Bu nəticə bizi arxayın etməməlidir” - Firdovsi Umudov

bu-netice-bizi-arxayin-etmemelidir
Oxunma sayı: 1487

“Dadaş Dadaşbəylinin qazandığı üç qızıl medal böyük uğurdur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəylinin çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

O, bu uğurun yenidən təkrarlanmasına görə xoşbəxt olduğunu bildirib: “Bilirsiniz ki, sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Babayev tarixi nəticə qazanmışdı. Dövlətimizin idmana göstərdiyi qayğı nəticəsində nailiyyətlərimiz daha da artır”.

F.Umudov federasiyası olaraq qarşılarına daha böyük hədəflər qoyduqlarını söyləyib: “Turnirdə Azərbaycanı doqquz ağırlıqqaldıran təmsil edirdi. Dadaş istisna olmaqla digərləri gənc idmançılar idi. İndi daha böyük uğurlar qazanmaq istəyirik. Bu nəticə bizi arxayınlaşdırmamalıdır. Hədəfimiz gənclərin üzərində daha çox işləyib gələcək yarışlara yüksək səviyyədə hazırlamaqdır. Ən böyük məqsədlərdən biri də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq və ölkəmizi layiqincə təmsil etməkdir”.