Son aylarda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən bir sıra layihələr, atılan addımlar ictimai nəqliyyatın fəaliyyətinə müsbət təsir göstərməkdədir.
Bakı şəhərində ən böyük özəl daşıyıcı şirkət olan “Xaliq Faiqoğlu” şikətindən “Qafqazinfo”ya bildirilib ki, həyata keçirilən yeniliklərin nəticəsində ictimai nəqliyyatdan istifadə edən şəxslərin sayı artmaqdadır. Bununla əlaqədar olaraq mayın 1-dən 31-dək “Xaliq Faiqoğlu” tərəfindən şirkətin istismarında olan müntəzəm marşrut xətləri üzrə xidmət keyfiyyətinin səviyyəsinin və sərnişin məmnuniyyətinin araşdırılması məqsədi ilə növbəti sorğu keçiriləcək.
Qeyd edilib ki, xidmət keyfiyyətinin artırılması və maarifləndirmə işinin təşkili baxımından əhəmiyyətli olan layihənin həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb. Sorğuda sərnişinlərlə yanaşı sürücülərin də fikirlərinə yer veriləcək.
Bununla yanaşı, “Xaliq Faiqoğlu” şirkətinin nəqliyyat vasitələrinin təmizliyinə, avtobusların həm xarici, həm də daxili hissələrinin daim standartlara uyğun formada saxlanılmasına xüsusi diqqət göstərməsi də vurğulanıb: “Nəqliyyat vasitələri hər gün ixtisaslaşmış şirkət tərəfindən yuyulur, salondakı hissələr, sərnişinlərin təmas etdiyi yerlər silinir. Həmçinin mövsümi olaraq avtobusların dezinfeksiya edilməsi və kimyəvi təmizlənməsi də həyata keçirilir. May ayı ərzində də “Təhlükəsizlik ayı” çərçivəsində təmizliklə bağlı əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.
Şirkətdən verilən digər məlumata görə, avtobusların yay rejiminə keçidi ilə bağlı işlər yekunlaşır: “Sürücülərin geyim formalarının mövsümə uyğunlaşdırılması, avtobusların havasərinlədici sistemlərinin texniki yoxlanışı başa çatdırılmaq üzrədir. Hava şəraitinə uyğun olaraq kondisionerlərin qoşulması da təmin ediləcək”.