“Bu, ölkəmizdə bioloji müxtəlifliyin qorunması işinə beynəlxalq səviyyədə verilən qiymətdir”

bu-olkemizde-bioloji-muxtelifliyin-qorunmasi-isine-beynelxalq-seviyyede-verilen-qiymetdir
Oxunma sayı: 1034

Azərbaycan UNESCO-nun İnsan və Biosfer (MAB) proqramının 2023-2027-ci illər üçün Beynəlxalq Əlaqələndirmə Şurasına böyük səs çoxluğu ilə üzv seçilib və ilk dəfədir ki, Azırbaycan biomüxtəlifliyin qorunması sahəsində UNESCO-nun hansısa bir qurumuna üzv olur”

“Qafqazinfo” xəbər verir ki, bunu UNESCO üzrə milli əlaqələndirici, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın UNESCO-nun İnsan və Biosfer proqramına üzv seçilməsi ölkəmizdə bioloji müxtəlifliyin qorunması işinə beynəlxalq səviyyədə verilən qiymətdir.

R.Allahverdiyev sözügedən  beynəlxalq qurumun fəaliyyəti və ölkəmizin quruma üzvlüyünün mahiyyəti barədə məlumat verib: “UNESCO-nun İnsan və Biosfer (MAB) proqramı bioloji müxtəlifliyin qorunmasına, bioloji müxtəlifliyin komponentlərinin insanlar və yerli icmalar tərəfindən dayanıqlı inkişaf üçün təşviq olunmasına əsaslanır. Təbiətdən insanların davamlı, dayanıqlı istifadəsini təşviq etmək, biosfer rezervatlarının yaradılması və bu rezervatlar daxilində yaşayan icmalara dəstək, onların təbiətdən istifadə etməsi ilə bağlı alətlərin təqdim olunması əsas istiqamətlər hesab olunur.

Azərbaycanın bu quruma üzvlüyü o deməkdir ki, ölkəmiz tərəfindən hazırlanan biosfer nominasiya sənədlərinə, yəni təbiət ərazilərində ətraf mühitə zərər vermədən insanların təbiətdən davamlı istifadəsi üçün təqdim olunan layihələrə MAB tərəfindən texniki dəstək veriləcək. Həmçinin transsərhəd ərazilərdə qonşu dövlətlərlə birgə bioloji rezervatların yaradılması fəaliyyəti stimullaşdırılacaq”.

Qurum rəsmisi onu da əlavə edib ki, bu quruma üzvlük biomüxtəlifliyin qorunması işində beynəlxalq səviyyədə Azərbaycanın imicini formalaşdıran əsas amildir və ölkəmizin bu sahədə qlobal öhdəliklərini yerinə yetirməsinin dəstəklənməsidir.