“Bu yolda yerimək təhlükəli hal alıb” - Video

bu-yolda-yerimek-tehlukeli-hal-alib
Oxunma sayı: 1373

“Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur”.

Bu şikayətlə “Qafqazinfo”ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib.

Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır: “Bu, 119 saylı marşrut xəttinin son dayanacağına gedən yoldur. Hər gün bu yoldan istifadə edirik. Avtobuslar, avtomobillər küçədən keçəndə pis hala qalır. Hava qaralanda da bu yolda yerimək təhlükəli hal alıb. Qaranlıqda ayağımız bu çuxura düşüb zədələnə bilər. Bir az yağış yağanda yol daha da bərbad olur”. 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Seymur Qasımov bildirdi ki, yaxın günlərdə bu istiqamətdə işlərə başlanılacaq: “2022-2023-cü illər ərzində Abşeron rayonunun Xırdalan şəhərində 19 adda küçə gecə işıqlandırması ilə təmin edilib. Onlardan 13-ü Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən, digər 6 küçə isə Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı Abadlıq İdarəsi tərəfindən çəkilib. Ötən il Xırdalan şəhərinin 37 küçəsi asfaltlanıb.

Qeyd etmək istərdik ki, Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən Qəzənfər Xaliqov küçəsində bu il ərzində cari təmir işlərinin aparılması və gecə işıqlandırılması ilə təmin edilməsi məsələləri 2024-cü ilin Tədbirlər Planına daxil edilib və yaxın günlərdə bu istiqamətdə işlərə başlanılacaq”.

Lamiyə Məmmədova