“Bunlar şeytanın ayağına daş atan insanlardır” - YAP rəsmisi

bunlar-seytanin-ayagina-das-atan-insanlardir-yap-resmisi
Oxunma sayı: 681

“İctimai Palatanı heç vaxt ciddi qurum hesab etməmişəm. Bu qurum müəyyən partiyaların monopoliyası altında fəaliyyət göstərir. Digər partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələrinin bu quruma daxil olmasına imkan vermirlər”.

Bu sözləri “Qafqazinfo” ya açıqlamasında millət vəkili Siyavuş Novruzov İctimai Palatanın prezident seçkiləri ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, İctimai Palatada əsas rol oynayan iki partiya rəhbəri özünün beynəlxalq təşkilatlara göstərmək üçün belə qərarlar qəbul edirlər: “Bu qurumun perspektivinə inanmıram. Prezident seçkilərinə kimi İctimai Palata dağılacaq”.

Siyavuş Novruzov YAP-nın prezident seçkilərinə hazırlıq prosesinə də toxunub. Qeyd edib ki, YAP 2013-cü il prezident seçkilərinə artıq start verib: “Bununla bağlı partiyanın rayon təşkilatları mühüm işlər görüblər. Texniki məsələlər həll edilir. Proses başlayıb. YAP-nın qurultayında İlham Əliyevi partiyamızın vahid namizədi kimi irəli sürəcəyik”.

Millət vəkili eyni zamanda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatının prezident İlham Əliyevi ilin korrupsioner siyasətçisi elan etməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bütün beynəlxalq təşkilatların əksəriyyəti elan edirlər ki, İlham Əliyevə alternativ olan siyasətçi yoxdur: “Hansısa Dağlıq Qarabağ ermənisi, orada terror əməliyyatları həyata keçirən, azərbaycanlı əsirlərə işgəncə verən Edvard Baqdasaryanın rəhbərlik etdiyi bir təşkilat belə bir hesabat açıqlayıb. Təşkilat həmin hesabatı Azadlıq , Azad Avropa radioları korporasiyasının araşdırmalrına əsas götürdüyünü qeyd edib. Bu mediaları istinad kimi göstərib. Bunlar erməni lobbisinə xidmət edən, şeytanın ayağına daş atan insanlardır. Onlar Azərbaycan xalqının maraqlarına xidmət etmirlər”.

Günel