“Burada həmişə tıxac yaranırdı, döngə də çox dar idi” - Prezident

“Burada həmişə tıxac yaranırdı, döngə də çox dar idi”
Oxunma sayı: 6209

“Son illər ərzində Bakıda bir çox yol-nəqliyyat layihələri icra edilmişdir. Əgər bu layihələr icra edilməsəydi, bu gün Bakıda tıxacdan tərpənmək mümkün deyildi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib. 

Dövlət başçısı bildirib ko, onlarla körpü, yol qovşaqları, yeni yolların çəkilişi, yolların genişləndirilməsi, yol çəkilişində nəzərdə tutulan standartlar:

“Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək.

Nəzərə alsaq ki, Bakı-Sumqayıt yolu artıq mövcud olan nəqliyyatı götürə bilmir və hərəkət çox intensiv xarakter daşıyır, əlbəttə, bu yolun genişləndirilməsi zəruri idi. Çünki indi Bakı ilə Sumqayıt elə bil ki, birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda yaşayırlar və əksinə. Ona görə bu yolun strateji xarakterini nəzərə alaraq, - eyni zamanda, bu, şimal istiqamətə gedən yoldur, - biz bu layihəni icra edirik. Bu, əlbəttə, texniki cəhətdən asan layihə deyil. Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur. Ona görə piyada keçidlərinin tikintisi, - bu istiqamətdə də son illər böyük işlər görülüb və vətəndaşların təhlükəsizliyi üçün bunun çox böyük əhəmiyyəti var, - yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaqdır. Əlbəttə, Azəravtoyol, Bakı Nəqliyyat Agentliyi, nəqliyyatla məşğul olan digər qurumlar həm yolların genişləndirilməsi, həm də keyfiyyəti ilə bağlı bütün bu işləri əlaqəli şəkildə aparmalıdırlar. Eyni zamanda, yollarda tənzimləyici qaydaların tətbiq edilməsi nəticəsində “yaşıl dəhlizlər”in yaradılması da nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır. Ona görə bu işləri davam etdirmək lazımdır. Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir. Bu, insanlara rahatlıq gətirəcək və bu yolda tıxacların yaranmasına imkan verməyəcək”.

Açılışda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Saleh Məmmədov da iştirak edib: “Cənab Prezident, bunlar hamısı Sizin göstərişiniz əsasında həyata keçirilir. Biz də söz veririk ki, bütün bu işləri iki ay müddətinə başa çatdıraq və bununla da insanların Sumqayıt və Rusiya istiqamətində rahat hərəkətini tam tənzimləyək.

İlham Əliyev: Şamaxı yolunun bu hissəsini də genişləndirirsiniz?

Saleh Məmmədov: Bəli. Buradan gələn maşınların düz keçəndə bir-birinə maneə törətməməsi üçün.

İlham Əliyev: Burada həmişə tıxac yaranırdı, döngə də çox dar idi.

Saleh Məmmədov: Bəli, bu hissə dar idi.

İlham Əliyev: Hansı tərəfin hesabına genişləndirirsiniz?

Saleh Məmmədov: Sağ tərəfdəki o dairənin hesabına.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi