Cahangir Hacıyevin şahid kimi ifadəsi elan olundu - Yenilənib

cahangir-haciyevin-sahid-kimi-ifadesi-elan-olundu
Oxunma sayı: 11460

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev məhkəməyə gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, 8 ildir həbsdə olan C.Hacıyev yaxın dostu, sabiq deputat Dünyamin Xəlilovun yeni cinayət işi üzrə şahid qismində ifadə verəcək.

O, cəzaçəkmə müəssisəsindən təcridxanaya etap olunub, kanvoyun müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Proses günün ikinci yarısında başlayacaq.

***

Hakim Əli Məmmədovun sədrliyi ilə növbəti məhkəmə baxışı keçirilibCahangir Hacıyev prosesdən əvvəl ərizə verərək səhhəti ilə bağlı hakim qarşısında ifadə vermək istəmədiyini deyib. Eks-bankirin əvvəlki ifadəsi elan olunub.

C.Hacıyev deyib ki, bankdan götürülmüş milyonlarla manatlıq kreditlərin indiyədək ödənilməməsinə görə “Aqrarkredit” QSC məsuliyyət daşıyır. O təsdiqləyib ki, müxtəlif adamların adına iri məbləğdə kreditlər rəsmiləşdirilib. Lakin ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub.

“Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməli idi. Lakin 2015-ci ildə Prezidentin Fərmanı ilə o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”, - deyə Cahangir Hacıyev ifadəsində qeyd edib.

Proses dekabrın 4-ü davam etdiriləcək.

Qeyd edək ki, sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadova yeni cinayət işi açılıb.

İttihama görə, hazırda həbsdə olan Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

D. Xəlilov və A.Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadov Cahangir Hacıyevlə birgə məhkum ediliblər. C.Hacıyev 16 il 6 ay, D. Xəlilov 14 il 6 ay, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Sail Ağasəlim