Cari ilin yanvar-oktyabr ayları ərzində görülən işlər “Açıq qapı”da açıqlandı

cari-ilin-yanvar-oktyabr-aylari-erzinde-gorulen-isler-aciq-qapida-aciqlandi
Oxunma sayı: 1217

“Cari ilin yanvar-oktyabr ayları ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı Xidmətinə 758 068 müraciət daxil olub. Ötən ilin müvafiq dövründə isə 811 335 müraciət təşkil edib. Cari ildə ünvanlanan müraciətlərin sayını ötən ilin analoji dövrü ilə müqayisə etsək, 53 267 müraciət azalma müşahidə olunur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Qurum rəsmisi cari ilin on ayı ərzində limitlə bağlı da məlumat verib. Onun sözlərinə görə əhali sektorunda təbii qazla təmin olunan 1 520 814 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 60,2 %-i), 866 510 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 34,3 %-i), 138 945 abonent isə 25 qəpik tariflə (ümumi abonentlərin 5,5 %-i) təbii qazdan istifadə edib. Görüş zamanı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə daxil olan müraciətlərin statistikası da təqdim olunub.

“2023-cü ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhəri üzrə “ASAN Kommunal”, regionlar üzrə “ASAN xidmət” mərkəzlərinə və KOB evlərinə 338 809 vətəndaş tərəfindən müraciət daxil olub. Daxil olan müraciətlərlə bağlı vətəndaşlara 371 191 xidmət göstərilib”, - deyə Eldəniz Vəliyev bildirib.

Qazlaşma və təmir işləri ilə bağlı ən son məlumatlar da media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd edilib ki, yanvar-oktyabr ayları ərzində 392 km yeni qaz xətti çəkilib. Görülən işlər nəticəsində 253 km uzunluğunda qaz xətti təmir edilib. İstismar müddəti başa çatan, korroziyaya uğrayan qaz xətlərinin yenilənməsi istiqamətində də işlər davam etdirilir.

Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

Ətraflı video materialda: