Cəlilabadda qarla bağlı bu işlər görülüb - Fotolar

celilabadda-qarla-bagli-bu-isler-gorulub
Oxunma sayı: 3595

Yanvarın 8-i gecə saatlarından etibarən Cəlilabadda hava şəraiti kəskin dəyişib, güclü qar yağmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad şəhərində 15-20 santimetr qalınlığında olan qar rayonun ucqar kəndlərində 25-30 santimetrə çatıb. Yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Elektrik verilişində yaranmış kəsilmələr, xüsusilə 35 kilovotluq “Ləkin” hava xəttində baş vermiş qəza qısa müddət ərzində bərpa edilib.

Qarlı hava şəraiti Cəlilabadın avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən qarın ən çox yağdığı ərazilərində vəziyyətə nəzarət edilir. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. “46 saylı Yol İstismarı” MMC-yə məxsus texnika və canlı qüvvə gecədən rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsi ilə məşğuldur. Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə səhər tezdən başlayaraq güclü qar örtüyü olan və buz bağlaması ehtimal edilən yollar qardan təmizlənir, yollara qum səpilib. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin edilib.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun ucqar Əsədli, Musalı, Ləkin, Şatırlı və digər kəndlərində olmuş, magistral yollarda və Cəlilabad şəhərinin mərkəzi küçələrində nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə görülən işlərlə maraqlanıb, zəruri tədbirlərin görülməsi ilə bağlı yerində tapşırıqlar verib.

Hazırda rayon ərazisində qarın yağması davam edir, soyuq hava şəraiti müşahidə olunur.