3.
Yaman yalançıyam. Ömrümdə mənim kimisinə rast gəlməzsiniz. Təhərsiz yalançı. Məsələn, qəzet köşkünə qəzet-zad almağa gedəndə soruşsalar ki, hara gedirsən, bir də gördün, qayıtdım ki, operaya. Zülümdü, zülüm. Qoca Spenserə deyəndə ki, şeylərimi götürmək üçün hələ idman zalına qayıtmalıyam, ağ yalan danışırdım. O andıra qalmış zalda mən heç şey qoyaram?
Pensidə mən yenicə tikilmiş yataqxanada – Ossenberger adına korpusda qalırdım. Bu korpus yalnız orta və yuxarı sinif şagirdləri üçün idi. Mən orta sinifdə oxuyurdum. Otaq yoldaşım isə yuxarı sinifdə. Bizim korpus ona görə Ossenbergerin adını daşıyırdı ki, o da vaxtı ilə bu məktəbdə oxumuşdu. Buranı qurtarandan sonra dəfn bürosu hesabına kalan pul qazanmışdı.
Gördüyü iş isə bu büroları ştatın hər yerinə yaymaq olmuşdu. Bu büronun köməyi ilə istədiyiniz adamı, ştatın harasında olursa – olsun, çox ucuz – beşcə dollara dəfn etdirə bilərdiniz. Kaş bu Ossenberger dediyimin özünü görəydiniz! İnandırıram ki, beləsi o yazıq ölüləri kisələrə doldurub çayyuxarı axıdar, heç uf da deməz. Nəsə, hər halda, o, Pensiyə bir kisə pul bağışlamışdı, onlar da buna görə bir korpusa onun adını vermişdilər. Keçən ilin ilk futbol oyununda o, zırpı bir «kadillak»da məktəbimizə gəlmişdi. Bizə də tapşırmışdılar ki, o gələn kimi tribunalarda hamımız yerimizdən dik atılıb boğazımız güc verək, yəni onun şərəfinə «ura» bağıraq. Sabahı gün səhər tezdən kapellada on saatlıq bir nitq irad elədi. Əvvəl-əvvəl necə canlara dəyən oğlan olduğunu bizə göstərmək üçün azı əlliyə qədər lətifə söylədi. Nə böyük iş imiş! Sonra da başladı ki, o bir çətinliyə-zada düşəndə, diz çöküb allahdan kömək diləməyə heç vaxt utanmayıb. Bizə də məsləhət gördü ki, harada oluruqsa olaq, həmişə üzümüzü Allaha tutaq, bütün dərdlərimizi ona danışaq. Dedi ki, biz, gərək, İsanı özümüzə dost bilək. Dedi ki, o özü də hər dəqiqə İsa peyğəmbərə dua eləyir.
Hətta sükan arxasında olanda da. Bunu eşidəndə ətim lap töküldü. Dərhal yekəpər bir oğraşın sükan arxasında əyləşib ayağını qaza basan kimi, üzünü İsa peyğəmbərə tutub ona daha çox ölü göndərməyi dilədiyini təsəvvürümə gətirdim. Ancaq onun bu nitqinin ən maraqlı yerləri hələ qabaqdaydı. Elə təzəcə özünün necə fərasətli, necə fəndgir bir oğlan olduğundan dəm vurmağa başlamışdı ki, məndən qabaqkı sırada oturan Edqar Marsala qəfil birin buraxdı. Əlbəttə, kilsədə belə bir iş görmək biabırçılıqdır, amma yaman gülməli çıxdı. Afərin Marsala! Az qaldı kilsənin damı uçub tökülsün. Düzdü, heç kəsdən səs çıxmadı, Ossenberger isə özünü elə apardı ki, guya heç eşitmədi, amma kafedrada onunla yanaşı oturan direktorumuzun, qoca Termerin sir-sifətindən hiss olunurdu ki, o eşidib. Hirsindən dildodağını gəmirirdi. Onda heç nə demədi, ancaq növbəti axşam əlavə dərs təyin etdi. Hamımızı ora yığıb uzun bir nitq söylədi. Dedi ki, kafedrada ibadət sükutunu pozan bir şagird Pensidə oxumağa layiq deyil. Qoca Termerin başı öz nitqinə qarışdığı müddətdə ha çalışdıq ki Marsala birin də guruldatsın, bir şey çıxmadı. Eddi formada deyildi. Bəli, yeni yataqxanada, Ossenberger adına korpusda güzəranımız belə keçirdi. Qoca Spenserdən ayrılandan sonra öz otağıma qayıtmaq mənə ləzzət elədi, çünki hamı futbola getmişdi, həm də təsadüfən qızdırıcılar bu gün əla işləyirdi. Özümü hətta xeyli rahat hiss etdim. Gödəkcəmi, qalstukumu çıxardım, köynəyimin yaxasını açdım və səhər tezdən Nyu-Yorkdan aldığım kepkanı başıma qoydum. Qırmızı ovçu kepkası idi, dimdiyi də uzun, lap uzundu. O andıra qalmış rapiraları itirdiyim metrodan çıxanda bu kepkanı üzbəüzdəki idman malları mağazasının vitrinində görmüşdüm. Bircə dollara aldım. Başıma da tərsinə – dimdiyi arxaya qoydum. Düzdür, bu, səfehlikdir, sözüm yox, amma mənə belə xoş gəlirdi. Belə daha yaxşı görsənirdi. Sonra yarımçıq qoyduğum kitabı götürüb, öz kreslomda əyləşdim. Otaqda iki kreslo vardı. Biri mənim, biri də otaq yoldaşım Uord Stredleyterin . Hər ikisinin qoltuqları laxlayıb əldən düşmüşdü, çünki uşaqlar həmişə onların üstündə oturardılar. Amma çox rahat kreslolardı. Əlimdəki kitabı kitabxanadan səhvən götürmüşdüm, daha doğrusu, səhvən mənə vermişdilər, otağa gəlib çatandan sonra başa düşmüşdüm. Açıb baxanda gördüm ki, İsak Daynsenin “Afrika cəngəlliklərində” kitabıdır. Fikirləşdim ki, yəqin, zibil şey olacaq, ancaq, əksinə, yaxşı kitab çıxdı. Korazehin olsam da, mütaliəmə söz ola bilməz. Ən çox sevdiyim yazıçı da qardaşımdır. D.B.-ni deyirəm. Ondan sonra Rinq Lardner gəlir. Bir dəfə, Pensiyə gəlməzdən bir az qabaq ad günündə qardaşım mənə Rinq Lardnerin bir kitabını bağışlamışdı. İçində çox gülməli pyeslər, bir də yol göstərən polisdən danışan bir hekayə vardı. Bu polis tez-tez yol hərəkəti qaydalarını pozan bir qıza vurulur. Ancaq biçarə evli olduğundan o qızla evlənə bilmir. Qız da maşın qəzasına düşüb ölür. Yol hərəkəti qaydalarını pozduğuna görə. Çox gülməli hekayə idi. O kitabdan xoşum gəlir ki, orada heç olmasa azacıq gülməli bir şey olsun. «Vətənə qayıtma» kimi klassik əsərləri də çox oxumuşam, xoşum da gəlib, sonra canım sizə desin, müharibədən danışan, detektiv kitabları da az oxumamışam, ancaq onlar mənə o qədər də təsir etməyib. Mənə ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim. Ancaq beləsinə çox az-az rast gəlmək olur. Mən bu Daynsenə məmnuniyyətlə zəng vurardım, elə Rinq Lardnerə də, amma D.B. mənə dedi ki, o çoxdan ölüb. Ancaq elə Somerest Moemin «İnsan ehtiraslarının yükü» kitabını götürün. Onu keçən yay oxumuşam. Pis kitab deyil, sözüm yox, amma Somerest Moemə zəng vurmaq həvəsinə düşmədim. Özüm də bilmirəm niyə. Bir şeyi bilirəm ki, o mən deyən adam deyil, vəssalam. Ondansa, mərhum Tomas Hardiyə zəng vurardım. Çünki onun Yustasiya Veyindən çox xoşu gəlir. Nəysə, təzə kepkamı başıma keçirib oturdum və başladım «Afrika cəngəlliklərində» kitabını oxumağa. Artıq bir dəfə oxuyub qurtarmışam. İndi bəzi yerlərini təzədən oxumaq istəyirdim. Heç üçcə səhifə oxumamışdım ki, kiminsə duşxanadan çıxdığını eşitdim. Heç dönüb baxmadan da bildim ki, qonşu otaqda qalan Robert Eklidir. Bizim korpusda hər iki otağa bir ümumi duşxana düşürdü və bu Ekli dediyim gündə azı səksən beş dəfə duşdan ötəri mənim zəhləmi tökürdü, su quşuydu, elə bil. Bütün yataqxanada bircə o qalmışdı – hamı futboldaydı. Ümumiyyətlə, heç yerə gedən deyildi. Çox qəribə adam idi. Yuxarı sinifdə oxuyurdu və Pensiyə gəldiyi də dörd il olardı, amma hamı ona soyadı ilə:
«Ekli,» – deyə müraciət edirdi. Hətta onunla bir otaqda yaşayan Herb Geyl bircə dəfə də olsun onu: «Bob,» – yaxud da – «Ek,» – deyə çağırmamışdı. Yəqin, evlənib-eləyəndə, hətta arvadı da onu: «EkIi,» – deyə çağıracaq. Çiyni qısıq, uzundraz bir oğlandı, boyu altı fut dörd dyüm olar. Ağzında dişlərinin çoxu çürümüşdü. Bizimlə qonşu olandan bəri bir dəfə də olsun onun dişlərini yuduğunu görməmişdim: qabaq dişləri kirdən sapsarıydı. Ona görə də yeməkxanada onun kartof püresini, noxudu-zadı bu kirli dişlərinin arasından necə içəri ötürdüyünü görəndə ürəyim bulanırdı. Həm də yaman sızanaq tökmüşdü. Başqa uşaqlar kimi, təkcə alnı, çənəsi yox, bütün sir-sifəti sızanaq içindəydi. Elə xasiyyəti də murdar idi. Düzü, ondan o qədər də xoşum gəlmirdi.
Hiss elədim ki, duşxana qapısının kandarında, arxa tərəfimdə dayanıb otağın içinə boylanır görsün ki, Stredleyter də içəridədir, ya yox. Stredleyteri görməyə gözü yoxudu və Stredleyter otaqda olanda ömründə içəri girməzdi. Bu əclafın elə heç kəsi görməyə gözü yoxudu.
Duşxananın kandarından düşüb, otağa girdi.
– Salaam, – dedi.
Həmişə belə uzada-uzada salamlaşırdı. Adama elə gəlirdi ki, o, bunu ya möhkəm darıxdığından,
ya da möhkəm yorulduğundan eləyir. Heç vaxt istəməzdi ki, məhz sənin yanına, səndən ötəri bura gəldiyini büruzə versin. Özünü elə göstərirdi ki, təsadüfən, səhvən girib içəri. Düz sözumdü, Allah haqqı.
– Salaam, – dedim, amma başımı kitabdan qaldırmadım. Ekli kimisinə görə işini yarımçıq qoydunsa, onda batdın. Onsuz da zəhləni tökəcək, amma başını qaldırmasan, heç olmasa bir az vaxt udarsan.
Başladı otaqda yavaş-yavaş, addım-addım gərdiş eləməyə və həmişəki kimi stolun, dolabın üstündəki şeylərimi barmaqlamağa. Yaman pis vərdişi var, nəyin var, gərək götürüb, baxa. Lap adamın əsəbləriylə oynayır.
– Necə qılınclaşdınız? – Əslində, istədiyi o idi ki, əlimdəki kitabı kənara qoyam. Yarış-marış çox elə vecinə deyildi. – Biz udduq, yoxsa onlar? – deyə yenə soruşdu.
– Udan-zad olmadı, – dedim və yenə də başımı kitabdan qaldırmadım.
– Nə? – guya ki, eşitmədi. Həmişə belədi, istəyir ki, bir şeyi iki dəfə dedirtsin.
– Dedim ki, heç kim udmadı. – Çəpəki ona göz qoydum. Bilmək istəyirdim, görüm mənim dolabımın böyründə nə qurdalanır. Nyu-Yorkda bir qız tanışım var, Salli Heys. Onun şəklinə baxırdı. O şəkli alandan bəri, bu heyvərə azı min dəfə onu götürüb baxıb. Həmişə də baxandan
sonra qaytarıb götürdüyü yerə qoymur, yəqin ki, qəsdən belə eləyir.
– Heç kim udmadı deyirsən, hə? – soruşdu. – Elə şey olar?
– Rapiraları metroda qoymuşdum, ona görə, – yenə də başımı qaldırıb ona baxmadım.
– Metroda? Ola bilməz? Demək, itirmisən, hə?
– Qatara səhv minmişdik. Başım qarışdı sxemə, yadımdan çıxdı.
Gəlib başımın üstündə durdu, işığın qabağını kəsdi.
– Bura bax, – dedim, – sən içəri girəndən mən bu andıra qalmış cümləni düz iyirmi dəfədi oxuyuram.
Eklidən başqa kim olsaydı, nə dediyimi o saat anlayardı. Bircə bu zırrama anlamırdı.
– İndi bunların pulunu səndən alacaqlar?
– Bilmirəm, bilmək də istəmirəm. Bəlkə, oturasan, Ekli, cocu bala? Axı işığın qabağını tamam kəsmisən. – Ona «cocu bala» deyəndə heç xoşu gəlmirdi. Həmişə də cavabında deyirdi ki, cocuq mən özüməm, çünki mənim on altı yaşım var, onun on səkkiz. Hər dəfə mən onu «Ekli, cocu bala» çağıranda hirsindən cilov gəmirirdi.
Hələ də başımın üstündə dayanmışdı. Çox tərs gədəydi, əgər ondan adam kimi xahiş eləsən, desən ki, işığımı kəsmə, ömründə durduğu yerdən tərpənməz. Əzəl-axır çəkiləcək, amma sən xahiş eləyəndən çox-çox sonra.
– Oxuduğun nədir elə? – soruşdu.
– Görmürsən, kitabdır!
Əyilib kitabı çevirdi, adına baxdı.
– Yaxşı şeydi? – dedi.
– Bu bayaqdan oxuduğum cümlə ki var, dəhşət şeydir.
Kefim saz olanda mən də lağ eləməyi xoşlayıram. Amma bu kinayəm də ona çatmadı. Yenə başladı var-gəl eləməyə, mənim, Stredleyterin şeylərini qurdalamağa. Axır təngə gəlib əlimdəki kitabı döşəməyə tulladım. Ekli kimi zırramanın yanında kitab oxumaq olar? Mümkün olan iş deyil.
Kresloda yayxanıb başladım Ekliyə göz qoymağa. Zalım balası elə bil öz evindəydi. Nyu-York səfərindən sonra özümü bir qədər yorğun hiss eləyirdim, ona görə məni əsnəmək tutdu. Sonra da başladım bir balaca şitlik eləməyə. Çox bərk darıxanda lap əndazədən çıxıram. Təzə kepkamın dimdiyini qabağa çevirdim və basdım gözümün üstünə ki, heç nə görməyim.
– Deyəsən, kor oluram, – deyə bərkdən qışqırdım. – Ay ana! Ana! Hər yan qaranlıqdı, heç nə görə bilmirəm.
– Dəlisən, nədir? – Ekli dedi.
– Ay ana, əlini mənə ver. Niyə əlini mənə vermirsən?
– Bəsdi, dur ayağa!
Başladım kor kimi əl-qolumu oynatmağa, ancaq ayağa-zada durub-eləmədim. Elə hey zarıldayırdım:
– Ana, ana, əzizim, niyə əlini mənə vermirsən?
Əlbəttə, özüm qəsdən eləyirdim. Bəzən bu cür hoqqalar mənə yaman ləzzət eləyir. Bir də ki bu yolla Eklidən hayıf çıxırdım, bilirdim ki, cindən-dondan olacaq. Bu Ekli ilə bir yerdə olanda həmişə qəddarlaşıram, dönüb oluram sadist. Ona qarşı tez-tez bu cür sadistlik eləyirdim. Axırda bezdim. Kepkamın dimdiyini arxaya fırladıb sakitləşdim.
– Bu, kimindir belə? – Ekli soruşdu. Otaq yoldaşımın dizliyini əlinə götürüb, mənə göstərdi.
Vərdiş eləyib, əl vurmadığı şey qoymaz. Bir də gördün lap elə ayaqqabı bağını da əlinə alıb, oraburasına baxdı. Dedim ki, Stredleyterindir. Ona görə dərhal onu Stredleyterin çarpayısının üstünə tulladı. Dolabdan götürmüşdü, amma çarpayının üstünə atdı.
Yaxına gəldi, o biri kreslonun qoltuğunun üstündə oturdu. Ömründə kresloda oturmaz. Həmişə gərək kreslonun qoltuğuna dırmaşa.
– Bu kepkanı haradan almısan? – dedi.
– Nyu-Yorkdan.
– Neçəyə?
– Bir dollara.
– Səni hərifləyiblər. – Başladı kibrit çöpüylə murdar dırnaqlarını təmizləməyə. Dırnaqlarını həmişə təmiz saxlayır. Gülməlidi. Dişləri sapsarı saralıb, qulaqlarının içi pas bağlayıb, amma dırnaqlarını təmizləməkdən yorulmur. Yəqin, elə bilirdi ki, təmizlik elə bununla qurtarır.
Dırnaqlarını qurdalasa da, gözünü kepkamdan çəkmirdi.
– Biz tərəflərdə bu kepkayla maral ovuna çıxırlar, Allah haqqı, – dedi. – Bu kepka ovçu kepkasıdır.
– Cəhənnəmə ki, – kepkamı götürüb, bir də onu diqqətlə nəzərdən keçirdim. Nişan alan adam kimi gözümün birini qıyıb baxdım. – Bu kepkada adam ovuna çıxırlar, – dedim. – Bu kepkada mən adam ovlayacam.
– Evdəkilər bilirmi səni bayıra atıblar?
– Yoox.
– Bəs Stredleyteri neyləmisən?
– Futbola gedib. Qızla. – Yenə əsnəmək tutdu məni. Özü də ucadan əsnədim. Birincisi ona görə ki, otaq çox istiydi, adamı yuxu basırdı. Bu andıra qalmış Pensidə gah soyuqdan ölürsən, gah da istidən.
– Hər şeyə qadir Stredleyter! – Ekli dedi. – Bura bax, qayçını bir dəqiqəliyə mənə ver.
Haradadır, asan yerdədirmi?
– Yox. Yığışdırmışam hamısını. Şkafdadır, lap üstdə.
– Bir dəqiqəliyə çıxart da onu. – Ekli dedi. – Dırnağımı sındırmışam, kəsib atım.
Bu zırramanın vecinə də deyildi ki, sən bir şeyi yığışdırmısan, ya yox. Əl çəkən deyildi. Durub qayçını çıxardım. Çıxaranda da az qaldı o dünyalıq olam. Şkafın qapısını açan kimi Stredleyterin tennis raketkası – özü də ağac preslə birlikdə – düz təpəmin ortasına düşdü: taraak. Beynimin içi tərpəndi. Ekli uğunub özündən getdi. Elə sarsaq cır gülüşü var ki, adamın lap beyninə işləyir. Çamadanı yerə qoyub oradan qayçını çıxaranacan ara vermədi. Bu belə əclaf gədədir; sən burada bundan ötəri başını yaracaqsan, o da utanmaq əvəzinə, şalvarını batıranacan güləcək.
– Cocu bala, sən nə gülməli oğlan imişsən, – dedim. – Heç özün bilirdin bunu? – Qayçını ona uzatdım. – İstəyirsən, sənə menecerlik eləyim? Səni radioya-zada çıxarım.
Gəlib öz yerimdə oturdum. O da başladı murdar dırnaqlarını tutmağa.
– Heç olmasa, stolun üstünə tök. Ağlın kəsmir ki, gecə sənin murdar dırnaqların ayağımıza batar. Vecinə də olmadı. Yenə dırnaqlarını kəsib döşəməyə tökürdü. Qanacaqsız. Gerçək sözümdü.
– Stredleyterin görüşdüyü qız kimdir elə? – dedi. Stredleyterdən zəhləsi getsə də, onun kiminlə gəzdiyini öyrənib bilməsə, bağrı çatlayar.
– Bilmirəm. Nəyinə lazım?
– Heç, elə belə. Zəhləm gedir ondan. O qancığın qarnından çıxanın adı gələndə başım ağrıyır.
– Amma o, sənin dərdindən dəlidi. Bir dəfə mənə dedi ki, onun fikrincə, sən əsl əsilzadə balasısan, – dedim. Şitliyim tutanda mən elə hamıya «əsilzadə» deyirəm. Yoxsa, dilxorçuluqdan adam birtəhər olar.
– Həmişə özünü elə dartır ki, elə bil ondan yoxdur. – Ekli dedi. – Bu qancığın qarnından çıxanı görəndə cin atına minirəm də! Deyirsən yəni o...
– Sən bu murdar dırnaqlarını stolun üstünə tökəcəksən, ya yox? Bayaqdan min dəfə demişəm...
– Elə bil, alçaq dağları bu yaradıb, – Ekli dedi. – Mən onu heç adam da saymıram. Amma o, özünü hamıdan ağıllı bilir. Elə bilir ki, özündən başqa hamı...
– Ekli! Vicdanın olsun, dırnaqlarını bu stolun üstünə tök. Yüz dəfə demişəm sənə. Təsadüfən təsir elədi. Keçdi stolun arxasına. Bir şeyi ona başa salmaq üçün, gərək, üstünə çığırasan. Bir müddət dinmədim. Sonra dedim:
– Ona görə Stredleyterdən xoşun gəlmir ki, o sənə həmişə «heç olmasa bu dişlərini arada bir yu» deyir. Özü də bunu sənə sataşmaq üçün demir, burada inciməli nə var ki? Deyir, yəni aradabir dişlərini yusan, daha təmiz olarsan, qəşəng görünərsən, özünü də daha rahat hiss eləyərsən.
– Mən dişlərimi həmişə yuyuram. Özündən uydurma!
– Yox. Yumursan. Mən özüm fikir vermişəm, yuyub eləmirsən, – dedim. Ancaq səsimi qaldırmadan, sakitcə dedim. Nəsə ona yazığım gəldi. O mənada ki, dişini yumadığını bir adamın üzünə vurmaq yaxşı iş deyil. – Stredleyterə nə olub ki? Pis oğlan deyil. Bəla bundadır ki, sən onu yaxşı tanımırsan.
– Sənə dedim ki, o, oğraşdır. Ədabazın biridi!
– Özünü dartmağına sözüm yox, amma çox cəhətdən əvəzsiz oğlandı, – dedim. – Bura bax, tutaq ki, Stredleyterin əynindəki qalstuk, ya başqa şey sənin xoşuna gəlir. Deyək, elə qalstuk olsun və bu, sənin xoşuna gəlir, mən bunu misal üçün deyirəm. Bilirsən, o neyləyər? Boğazından açıb sənə bağışlayar. İnan mənə. Ya da bilirsən, neyləyər? Evdən çıxanda açıb atar sənin çarpayının-zadının üstünə. Nə yolla olursa-olsun, hökmən, onu sənə çatdırar. Amma buradakı uşaqların çoxu...
– Söz danışdın da! – Ekli dedi. – Onun kimi pullu olsam, mən də bağışlayaram.
– Yox, sən eləməzsən. – Başımı buladım. – Yox, Ekli, cocu bala, sən heç vaxt öz malını başqasına verməzsən. Onun pulu səndə olsaydı, onda sən ən böyük...
– Bir də qələt elə, mənə “cocu bala” demə. Utanmırsan, atan yaşındayam, sarsaq.
– Sən mənim atam yaşında ola bilməzsən. – İlahi, bu zırrama məni gör necə əsəbiləşdirir. Fürsət tapan kimi ondan iki yaş kiçik olduğumu başıma çaxır. – İkincisi də, sənin kimisini mən öz ailəmizə heç yaxın da buraxmaram.
– Onda bir də mənə “cocu bala” demə.
Birdən qapı açıldı. Stredleyter tələsik içəri girdi. Adətidir, həmişə harasa tələsir. Onun üçün hər bir iş vacib işdir. Mənə sarı yönəldi, zarafatyana yanaqlarıma şappıldatdı, – bu da xoşagələn adət deyildi – sonra soruşdu:
– Qulaq as, bu axşam bir yana gedib-eləməyəcəksən?
– Bilmirəm. Bəlkə, getdim. Bayırda nə var, nə yox? Deyəsən, qar yağır? – Çünki paltosu tamam qara batmışdı.– Hə. Bura bax, əgər bir yana getməyəcəksənsə, o zolaqlı gödəkcəni ver geyim.
– Kim uddu? – soruşdum.
– Hələ fasilədir. Biz indi getməliyik. – Stredleyter mən deyənə məhəl qoymadı. – Ciddi sözümdü, əgər lazımın deyilsə, gödəkcəni ver mənə bu axşamlığa. Verərsən? Mən öz flanel pencəyimi təmiz batırmışam.
– Yox. Sənin əyninə gəlməz. Çiyinləri partlayar, – dedim. İkimiz də bir boydayıq, ancaq o, məndən iki dəfə ağır gələrdi. Çiyinləri çox enliydi.
– Qorxma, partlamaz, – deyib cəld şkafa tərəf qaçdı.
– Nə var, nə yox, Ekli, necəsən? – deyə üzünü Ekliyə tutdu. O, çox mehriban oğlandır. Kin-zad saxlayan deyil. Hər halda, üzdə də olsa, həmişə Ekliylə salamlaşır.
«Necəsən?» deyəndə Ekli dodağının altında nə isə mızıldandı. Cavab vermək istəməsə də, mızıldanmaya bilməzdi. Buna onun cəsarəti çatmazdı. Sonra üzünü mənə tutub:
– Mən getdim, sonra görüşərik, – dedi.
– Oldu, – dedim. Burada onunçün o qədər də məəttəl deyildik.
Stredleyter paltosunu, qalstukunu çıxardı.
– Deyirəm, bəlkə, əlüstü bir üzümü də qırxım. – Əməlli-başlı saqqal basmışdı onu.
– Bəs qız haradadır? – Mən soruşdum.
– O biri korpusda. – Əl-üz dəsmalını, üzqırxanı qoltuğuna vurub otaqdan çıxdı. Köynəksizzadsız. Otaqda da həmişə bu cür qurşağacan çılpaq gəzir, çünki belə hesab eləyir ki, yaraşıqlı bədəni var. Doğrudan da, elədir. Qədd-qamətinə söz ola bilməz.
4.
Elə bir işim olmadığına görə mən də durub əl-üz yuyulan otağa getdim. İstəyirdim, o üzünü qırxıb qurtaranacan bir az laqqırtı vuraq. Burada da bir o idi, bir də mən. Uşaqlar hələ futboldan qayıtmamışdılar. Bura da çox istiydi, bütün pəncərə şüşələri tərləmişdi. Divar boyu on su kranı düzülmüşdü. Stredleyter lap ortadakının önündə durmuşdu. Mən də onun böyründəki su kranının qarşısında oturub, başladım soyuq suyu açıb – bağlamağa. Belə bir pis vərdişim vardı. Stredleyter «Hind nəğməsi” mahnısını fitlə çala-çala üzünü qırxırdı. Çalmağına yaman bərk fit çalırdı, səsi adamın qulağını deşirdi, amma tez-tez səhv buraxırdı, çünki həmişə elə çətin mahnılar seçirdi ki, nə qədər əla fit çalan olsaydı da, onu fitlə ifadə edə bilməzdi; «Hind nəğməsi”, “Onuncu avenyuda qətl” kimi. İstədiyin mahnının qol-qıçını qırmaqda mahir usta idi. Yadınızdadır, Eklidən danışanda demişdim ki, pintinin, natəmizin biridir? Bax, bu Stredleyter də natəmiz uşaqdı, ancaq bir az başqa cür natəmizdir. Zahirən bunu görmək çətindi. Zahirən çox səliqəli, təmiz görünərdi, amma siz kaş indi onun əlindəki üzqırxanı görmüş olaydınız. Pas atmış, üstünü bulaşıq tük basmışdı. Üzünü qırxandan sonra bir dəfə də olsun onu yumazdı. Üzünü qırxıb yuyunandan sonra, əlbət ki, özü tərtəmiz görünərdi, amma, əslində natəmiz idi, vəssalam. Mən gördüyümü siz də görsəydiniz, belə deyərdiniz. Özünə bu cür sığal çəkməyinin bir səbəbi vardı, dəhşətli dərəcədə özünə məftun adamdı. Bu fikirdəydi ki, bütün Qərb yarımkürəsində onun qədər gözəl oğlan yoxdu. Doğrudan da, boy-buxunlu, qəddi-qamətli oğlan idi, buna sözüm yoxdur. Ancaq onun gözəlliyi elə bir gözəllik idi ki, əgər şəkli sizin məktəb albomunuzda olsaydı, valideynləriniz onu görən kimi, hökmən, soruşacaqdılar: «Bu oğlan kimdir?» Yəni onun gözəlliyi albom gözəlliyi idi. Mən Pensidə elə oğlanlar tanıyıram ki, onlar Stredleyterdən onqat gözəldilər, ancaq albomda onların şəkilləri o qədər də gözəl çıxmır. Şəkildə ya burunları uzun görünür, ya da qulaqları sallanır. Özüm şahidi olmuşam belə şeylərin.Nəysə, Stredleyterin böyründəki kranının önündə oturub, soyuq suyu açıb – bağlayırdım. Qırmızı kepka hələ də başımdaydı. Özü də tərsinə. Dimdiyini arxa tərəfə çevirmişdim. Bu kepka, doğrudan da, mənə yaman ləzzət eləyir.
– Bura bax, – Stredleyter dedi, – gəl sən mənim xətrimə bir iş elə.
– Nə? – dedim. Çox həvəssiz soruşdum. O, elə həmişə adamdan bir iş xahiş eləyir. Gözəl və ya özündən deyən oğlanların hamısı belədir. Həmişə gərək bunların xətrinə nəsə eləyəsən. Yalnız ona görə ki, onlar özlərindən çox razıdırlar və elə bilirlər ki, sən bunlara qulluq göstərmək üçün lap sino gedirsən. Əslinə, baxsan, bu da bir məzədi.
– Bu axşam bir yerə gedəcəksən? – dedi.
– Bəlkə, hə, bəlkə də, yox. Nolub ki?
– Birinci günəcən tarixdən azı yüz səhifə dərs oxumalıyam – o dedi. – Bəlkə, mənim üçün ingilis ədəbiyyatından bir inşa yazasan. Birinci gün təhvil verməsəm, işim xarabdı, ona görə deyirəm. Yazarsan?
Lağa qoyub nədir məni? Vallah lağa qoyub.
– Məni bu lənətə gəlmiş məktəbdən dünən qovublar. Sən də istəyirsən ki, indi mən sənə inşa yazım?!
– Bilirəm, bilirəm. Bəla burasındadır ki, onu təhvil verməsəm, mənim də işim xarabdı.
Qardaşımsan, kömək elə. Yaxşımı?
Bir müddət susdum. Stredleyter kimi yekəxanaları intizarda saxlamaq savab işdir.
– Nədən yazmalıyam? – dedim.
– Nədən olur-olsun. Təsviri bir şey. Otaq haqqında. Və ya bina haqqında. Ya da nə vaxtsa yaşadığın bir yer haqqında. Təki təsvir ifadəli, canlı çıxsın. Özün məndən yaxşı bilirsən. –Danışdıqca da var gücü ilə əsnəyirdi. Məni yandıran da elə belə şeylərdi. Bir yandan xahiş eləyir ki, onun xətrinə bir iş görüm, onu dardan qurtarım, o biri yandan da elə rahatca əsnəyir ki, elə bil, çətinə düşən o deyil mənəm. – Özü də elə ki, çox savadlı alınmasın, – o dedi. – Bu Hartsel əclaf səni bu fənnin atası kimi tanıyır, özü də bilir ki, mənimlə bir otaqda qalırsan. Aradabir vergüldən, nöqtədən səhv qoyarsan. Belə söhbətləri eşidəndə qarnımın ağrısı tutur. O mənada ki özün yaxşı inşa yazan olasan, başqası da gəlib sənə nöqtə-vergüldən dəm vura. Stredleyterin köhnə adətiydi. Guya, ona görə özü yazmaq istəmir ki, qorxur nöqtə-vergülü səhv qoyar. Bəzən o, lap Eklidən də geri qalmazdı. Bir dəfə Ekli ilə birlikdə basketbola baxırdım. Bizim komandada əla bir oyunçu var idi, Hovi Geyl, o topu meydançanın tən ortasından tora sala bilirdi. Özü də elə dəqiq atırdı ki, top tor lövhəsinə-zada dəyməzdi. Ekli o vaxt oyun qurtaranacan zəhləmi tökdü; guya, Geyl ona görə yaxşı oynayır ki, boyu uzundu. İlahi, mən bu cür cəfəng şeylərə heç dözə bilmirəm. Kranın önündə oturmaqdan bezdim, buna görə bir-iki addım geri sıçrayıb, dabanlarımı yerə döyəcləyə-döyəcləyə rəqs eləməyə başladım. Elə, belə, məzə üçün. Daban rəqsi-zad bacaran deyiləm, amma burada döşəmə betondan idi, səsi yaxşı çıxırdı. Başladım kinoda gördüyüm bir oğlanı yamsılamağa. Bir musiqili komediya var, orada görmüşəm. Əslində, kinodan zəhləm gedir, amma orada gördüklərimi yamsılamaqdan xüsusi ləzzət alıram. Stredleyter üzünü qırxa-qırxa güzgüdən mənə baxırdı. Mənə də elə bu cür tamaşaçı lazım idi. Camaatı əyləndirmək mənim köhnə peşəmdi.
– Mən qubernator oğluyam, – deyə qışqırdım. Lap özümü həlak eləmişdim. Otaq boyu o baş-bu başa süzürdüm.
– Atam mənim rəqqas olmağımın əleyhinədi. İstəyir məni Oksforda göndərsin.
Ancaq rəqqaslıq mənim qanımdadır. – Sterdleyter qəhqəhə çəkdi. Yumor hissi ona da yad deyildi. – Bu gün «Ziqfeld» rəqs tamaşasının premyerasıdır – Nəfəsim tamam kəsilmişdi. Lap təngnəfəs olmuşdum.
– Əsas rolun ifaçısı səhnəyə çıxa bilməyəcək! O qədər vurub ki, ayaq üstə dura bilmir. Bəs onu kim əvəz eləyə bilər? Mən. Mən bədbəxt, qubernator oğlu!
– Bunu haradan tapmısan? – Stredleyter soruşdu. Qırmızı kepkamı deyirdi. O, bunu hələ görməmişdi.
Nəfəsim tamam kəsilmişdi, ona görə də dayandım. Kepkamı çıxarıb bir də, bəlkə də, yüzüncü dəfə onu diqqətlə süzdüm.
– Səhər-səhər Nyu-Yorkda almışam. Bir dollara. Xoşuna gəlir?
Stredleyter başını tərpətdi: “Əladı,” – dedi. Əclaf, məni hərifləyirdi. Çünki dərhal əlavə elədi:
– Yaxşı, inşa yazırsan mənimçün? Gərək, mən biləm axı.
– Vaxt tapsam, yazaram. Tapmasam, yox, – dedim. Gəlib yenə də onun böyründəki kranın önündə oturdum.
– Budəfəki görüşün kiminlədi? Fitsceraldla? – soruşdum.
– Allah eləməsin. Sənə demədimmi ki, o donuzla qurtarmışam.– Yox bir? Onda onu ötür mənə. Zarafatsız. Əsl mənim malımdı.
– Qurbandı... Ancaq o, sənin üçün çox qoca olar.
Və qəfildən, heç özüm də bilmirəm niyə – bəlkə də, bu gün mənim yaman şitliyim tutmuşdu, ona görə – ağlıma sarsaq bir fikir gəldi: oturduğum yerdən sıçrayıb bu sarsaq Stredleyterə qarşı ikiqat nelson fəndi işlətmək istədim. Bu, adi güləş fəndidir, – bilməyənlər üçün deyirəm, arxadan rəqibin boğazından yapışıb boynunu qanırırsan. Elə də elədim. Şir kimi arxadan onun kürəyinə sıçradım.
– Bəsdi, Holden, gicləmə! – Stredleyter dedi. Bu gün onun şitlik eləməyə həvəsi yox idi. Kişi məşğul idi, üzünü qırxırdı. – Bəsdir, üzümü kəsdim axı?
Ancaq mən əl çəkmədim. Yaman fənd işlətmişdim.
– Gücün çatır, özün çıx görüm bu fənddən, – dedim.
– Lənət şeytana! – o, əlindəki ülgücü yerə qoydu və qəfildən qollarını yuxarı atıb, əlimdən çıxdı.
Çox güclüydü əclaf. Mən isə lap gücsüzəm. – Di bəsdi, – dedi. Təzədən üzünü qırxmağa başladı. Həmişə beləydi, üzünü iki dəfə qırxardı. Özü də o çirkli ülgüclə.
– Fitscerald deyilsə, bəs kimdi bu qız? – Bir də ondan soruşdum. Yenə gəlib böyründə oturmuşdum. – Bəlkə, o körpə Fillis Smitlədi görüşün?
– Yox. Əslində, elə onunla görüşməliydim, ancaq hər şey tərsinə oldu, başqasına ilişdim. Bed Tou ilə bir otaqda qalan qız. Bura bax. Az qala yadımdan çıxmışdı. O qız səni tanıyır.
– Kim məni tanıyır?
– Təzə tanış olduğum qız.
– Ola bilməz? – dedim, – Adı nədir? – Məni maraq bürüdü.
– Mən bilən... Hə, Ceyn Qallaher.
İlahi! O bunu deyəndə az qaldı huşum başımdan çıxa.
– Ceyn Qallaher! – dedim. Həm də bu söz ağzımdan çıxanda oturduğum yerdən dik qalxdım. Əməlli-başlı huşum başımdan çıxmışdı.
-Elədi, mən onu tanıyıram. İnişil yayda qapıbir qonşu olmuşuq. Onda onun zırpı bir doberman-pinçeri də var idi. Elə onun hesabına tanış olduq. Onun bu iti vərdiş eləmişdi, həmişə gəlib bizim...
– Holden, adamsan, işığımı kəsmə, – Stredleyter dedi. – Durmağa yer tapmırsan?
Əməlli-başlı həyəcanlanmışdım. Gerçək sözümdü.
– O, indi haradadır? – soruşdum. – Heç olmasa gedib onunla görüşüm-eləyim. Haradadır dedin?
O biri korpusda?
– Hə.
– Necə oldu ki, məndən söz saldı? Görən indi Brin-Morda oxuyur? Onda demişdi ki, bu məktəbə girmək istəyir. Ya da ki Şipliyə. Mən elə bilirdim indi Şiplidə oxuyur. Necə oldu ki, söz məndən düşdü? Doğrudan da, bərk həyəcanlanmışdım. Gerçək sözümdür.
– Mən nə bilim axı. Bəlaya düşmədik. Dur ayağa! Korsan, əzdin axı bunu! – Stredleyter qışqırdı. Heç demə, mən onun andıra qalmış dəsmalının üstündə oturmuşam.
– Ceyn Qallaher, – yenə təkrar etdim. Hələ də özümə gələ bilməmişdim. – Sən bir təsadüfə bax!
Stredleyter saçlarına briolin sürtürdü. Özü də mənim briolinimi.
– O qız rəqqasədir, – dedim. – Baletə gedir. Gündə düz iki saat məşq eləyirdi. Hətta ən isti havalarda belə. Kökəlməkdən qorxurdu, ona görə. Qorxurdu qamətini itirə. Həmişə onunla dama oynayırdıq.
– Həmişə onunla nə oynayırdınız?
– Dama.
– Damaa? Belə de!
– Hə. Özü də damaya çıxanda daşları çevirməzdi. Bir daşı damaya çıxdımı, onu bircə dəfə də yerindən tərpətməzdi. Hansı xanaya çıxardısa, elə oradaca saxlayardı. Hamısını bir cərgədə. Sonra onlara əlini də vurmazdı. Bütün daşlarını damaya çıxandan sonra, onların arxa cərgədə necə sıra ilə düzüldüyünə baxmaqdan ləzzət alardı. Stredleyter dinmirdi. Adətən, belə şeylər heç kəsi maraqlandırmır.
– Onun anası da biz getdiyimiz klubun üzvü idi, – dedim. – Mən orada bir müddət qolf ağacı daşıyan olmuşam. Pul qazanmaq istəyirdim. Bir-iki dəfə də onun anası üçün qolf ağacı daşımışam. Doqquz çalaya düşənəcən, az qala yüz yetmiş zərbə vururdu.
Stredleyter heç qulaq asana oxşamırdı. Başı saçlarına qarışmışdı.
– Yox, gərək gedib görüşəydim.
– Bəs niyə durmusan? Get də!
– Gedəcəyəm, dayan, bu dəqiqə.
Yenə saçlarını qarışdırdı. Bunun saçına sığal vurmağı düz bir saat çəkir.
– Onun anası atasından ayrılıb. Təzədən bir sərxoşa ərə gedib, – dedim. – Sısqa bir kişidir, tüklü qıçları var.Yaxşı yadımda qalıb. Həmişə şortik geyərdi. Ceyn deyirdi ki, yazıçıdır, pyes-zad yazır. Amma düzünü Allah bilir, çünki mən onu həmişə möhkəm içən və sarsaq radiodetektivlərə qulaq asan görmüşəm. Bir də ki çılın-çılpaq otaqda o baş-bu başa qaçırdı. Özü də Ceynin gözü qabağında!
– Ola bilməz! – Stredleyter dedi. Birdən-birə qulaqlarını şəklədi. Deyəsən, Ceynin gözü qabağında sərxoş bir kişinin otaqda çılın-çılpaq o baş-bu başa qaçmağı döşünə yatmışdı. Stredleyter yaman şorgöz idi.
– Onun uşaqlığı çox ağır keçib. Zarafatsız.
Əlbəttə, bu sözüm onun döşünə yatmadı, ona ancaq pozğun söhbətlər lazımdı.
– Ceyn Qallaher. İlahi! Sən dünyanın işinə bax, – heç cür bu qızı beynimdən çıxara bilmirdim.
Canım haqqı. – Yox ey, gedib onunla bir görüşüm. Yaxşı deyil.
– Bəs onda nəyi gözləyirsən? Bayaqdan gedim-gedim deyincə, çıx get də, – Stredleyter dedi.
Pəncərəyə yaxınlaşdım, amma bayırı görmək mümkün deyildi, içəridəki istidən şüşələrin hamısı tərləmişdi.
– İndi kefim yaxşı deyil, – dedim. Həqiqətən də, kefim pozulmuşdu. Belə yerə getməkdən ötrü də, gərək, adamın kefi kök ola. – Mən elə bilirdim, o, Şiplidə oxuyur. Hətta buna görə kimnən desən, mərc də gələrdim. – O baş-bu başa var-gəl eləyirdim. Bilmirdim, neyləyim. – Oyun onun xoşuna gəldi? – soruşdum.
– Deyəsən. Düzünü deyə bilmərəm.
– Heç sənə dedimi ki, biz onunla həmişə dama oynayırdıq?
– Bilmirəm. Yadımda deyil. Bir də ki, axı mən onunla lap təzəcə tanış olmuşam. – Stredleyter dedi. Axır ki, o, sıx, pırtlaşıq saçlarını darayıb qurtardı. Üzqırxanı, dəsmalı yığışdırdı.
– Bəri bax, məndən ona salam de, yaxşımı?
– Yaxşı, – Stredleyter dedi, ancaq dəqiq bilirəm ki, deməyəcək. Stredleyter kimi üzünü mürdəşir yumuşlar, özgəsinin salamın başqasına çatdıran deyillər.
O, otağa qayıtdı, mən isə hələ bir müddət əlüzyuyanın qarşısında dayanıb, Ceyni düşündüm. Sonra mən də otağa qayıtdım. Mən içəri girəndə Stredleyter güzgünün qabağında dayanıb qalstukunu bağlayırdı. Bu adam ömrünün yarısını güzgü qabağında keçirir. Öz kreslomda əyləşib bir müddət gözümü ondan çəkmədim.
– Bura bax, – dedim. – Ona demə ha, məni qovublar. Yaxşı?
– Yaxşı.
Stredleyterin bu cəhətindən xoşum gəlirdi. Ekli kimi ona da hər şeyi bitdə-bitdə izah eləmək lazım deyildi. Məncə, ona görə ki, marağı yox idi, vecinə deyildi belə şeylər. Ancaq buna görə.
Ekli isə tamam başqa bəlaydı. Donuz kimi burnun hara gəldi soxurdu.
Stredleyter mənim gödəkcəmi geydi.
– Sən canın, genəldib torbaya döndərmə, – dedim. Çünki bu gödəkcəni cəmi ikicə dəfə geymişdim.
– Qorxma, genəltmərəm. Mənim siqaretim hanı?
– Stolun üstündədir, odur ey, – həmişə qoyduğu şeyi tapa bilmirdi, – şərfin altında. – Siqaretini götürüb cibinə, mənim gödəkcəmin cibinə qoydu.
Birdən-birə qırmızı kepkamın dimdiyini qabağa fırlatdım. Nə isə, deyəsən, əsəbləşməyə başlayırdım. Çox əsəbi adamam.– De görüm, o qızı indi hara aparacaqsan? – dedim. – Yoxsa, hələ bilmirsən?
– Həə. Hələ məlum deyil. Vaxt olsa, Nyu-Yorka. Çünki zalım balası sarsaqlıq eləyib. Ancaq saat onun yarısınacan icazə alıb.
Onun bu cür danışmağı heç xoşuma gəlmədi, buna görə də dedim:
– O yazıq, yəqin, ona görə saat onun yarısınacan icazə alıb ki, sənin necə qəşəng, şokolad kimi oğlan olduğunu bilməyib. Əgər bilsəydi, bəlkə də, sabahacan, səhər tezdən saat onun yarısınadək icazə alardı.
– Bax, bunu düz dedin! – Stredleyter dedi. Onu hövsələdən çıxarmaq asan iş deyildi. Özünə çox güvənir. – Zarafatı ataq bir yana. Yazarsan o inşanı mənimçün. – Paltosunu da geyib elə qapıdan çıxhaçıxda: – Özünü elə də çox əziyyətə salma, təki təsvir canlı olsun, – dedi. – Yaxşımı?
Cavab vermədim. Kefim lap pozulmuşdu. Bircə bunu deyə bildim:
– Soruş, gör yenəmi damaya çıxdığı daşları arxa cərgədə bir sıraya düzür?
– Soruşaram, – Stredleyter dedi, amma bilirdim ki, soruşmayacaq. – Hələlik! – Püfərək otaqdan götürüldü.
O gedəndən sonra düz yarım saat yerimdən tərpənmədim. Yəni kresloda oturub qaldım, heç nə eləmədim. Elə hey Ceyn, onun Stredleyterlə bu axşamkı görüşü barədə fikirləşirdim. Bu məni o qədər əsəbiləşdirdi ki, az qalırdım dəli olam. Bayaq dedim axı, bu Stredlyter yaman şorgöz gədədir.
Birdən Ekli geri qayıtdı, həmişəki kimi yenə də duşxananın pərdəsinin dalından peyda oldu. Burada qalandan bəri ömrümdə birinci dəfəydi, onun gəlişinə sevindim. Cürbəcür sarsaq fikirlərdən yaxamı qurtardı.Pensidəki uşaqların qarasına zəvzəyə-zəvzəyə nahar vaxtınacan yanımdan əl çəkmədi; heç kimi gözü götürmür. Danışdıqca da bir əliylə çənəsindəki yekə bir sızanağı sıxıb deşirdi. Barı dəsmalla siləydi. Düzü, heç inanmıram ki, bu zırramanın cibində dəsmal ola. Varsa da, mən görməmişəm.