“Crocus” terrorçularından biri öldü - Yenilənib

crocus-terrorcularindan-biri-oldu
Oxunma sayı: 1855

Rusiyada “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının iştirakçılarından biri olan Yakubjon Davlatxon Yusufzoda intihara cəhd edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə REN TV öz teleqram kanalında məlumat yayıb.

“Matrosskaya tişina” istintaq təcridxanasında intihara cəhd edən 37 yaşlı məhkumun xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Qeyd edək ki, Davlatxon konsert zalına hücum işi üzrə barəsində məhkəmə qərarı çıxarılmış 19 nəfərdən biridir. Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hadisədən bir neçə gün əvvəl o, terror aktını icra edənlərin mənzil haqqını ödəmək üçün pul köçürüb, vəsaitin bir hissəsini isə artıq terror aktından sonra göndərib.

Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da 2024-cü il martın 22-də törədilən terror aktı nəticəsində 149 nəfər həlak olub, 600 nəfərdən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Konsertdən əvvəl dörd silahlı şəxs zala basqın edərək atəş açıb, binanı yandırıb, sonra isə hadisə yerindən qaçıb. Hadisə zamanı konsert zalına dəyən maddi zərərin miqdarı təxminən 6 milyard rubl (təxminən 110 milyon AZN) dəyərində qiymətləndirilir.

***

Məlumata görə, o, tibb müəssisəsində dünyasını dəyişib.