“Crocus”dakı terror aktını törədənlərdən daha biri intihara cəhd etdi

crocusdaki-terror-aktini-toredenlerden-daha-biri-intihara-cehd-etdi
Oxunma sayı: 701

Rusiyada “Crocus City Hall” konsert zalında törədilən qanlı terror aktının əsas təşkilatçılarından biri, ömürlük həbs cəzası alan Cəbrayıl Auşev cəzaçəkmə müəssisəsində özünə qəsd etmək istəyib.

“Qafqazinfo” “Kommersant” nəşrinə istinadən xəbər verir ki, hadisə “Krasnaya Presnya” həbsxanasında baş verib.

Terrorçulara silah və sursat tədarük etməkdə təqsirli bilinən Auşevin intihar cəhdinin qarşısı vaxtında alınıb. Tibb mütəxəssislərinin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, bu, Auşevin ilk belə cəhdi deyil. O, məhkəmə prosesi davam edən zaman da intihara cəhd etmiş, lakin yenə də həkimlər tərəfindən xilas edilmişdi. Maraqlıdır ki, Auşev məhkəmə iclasları zamanı cəzadan yayınmaq üçün Ukraynadakı xüsusi hərbi əməliyyatlara (SVO) yollanmaq istədiyini də dilə gətirmişdi.

Qeyd edək ki, terror aktı ilə bağlı digər iştirakçı, cinayəti maliyyələşdirməkdə ittiham olunan Yakubjon Davlatxon Yusufzodanın isə bir müddət əvvəl intihar edərək öldüyü bildirilmişdi.

Xatırladaq ki, 2024-cü ilin martında “Crocus City Hall”da baş verən terror aktı nəticəsində 147 nəfər həlak olub, 300-dən çox insan xəsarət alıb. Cari ilin 12 martında çıxarılan məhkəmə hökmü ilə isə 19 müttəhimdən 15-i ömürlük azadlıqdan məhrum edilib.