“Dəfələrlə demişik ki, aksiya keçiriləndə müraciət olunmalıdır”

defelerle-demisik-ki-aksiya-kecirilende-muraciet-olunmalidir
Oxunma sayı: 673

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibəsi:

- Bu il ölkəmizdə prezident seçkiləri ilidir. Siyasi arenada aktivlik müşahidə edirsinizmi?
- Təbii ki... Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da seçki ili digər illərdən daha aktiv olur. Çünki seçki ilinə həm hazırlıq, həm də ümumiyyətlə ayrı-ayrı şəxslərin bu və ya digər məsələlərə münasibəti əvvəlki illərə nisbətən daha fəal və operativ olur. Bildiyimiz kimi, 2013- cü il oktyabr ayında ölkəmizdə president seçkiləri olacaq. Bununla bağlı siyasi partiyalar, ayrı-ayrı təşkilatlar, qurumlar həm öz namizədlərinin müəyyənləşdirilməsi, həm də öz namizədlərinin irəli sürülməsi, o cümlədən, yerlərdə təşkilatlanmanın struktur baxımından hansı vəziyyətdə olması ilə əlaqədar ilin başlanğıcından etibarən bu fəaliyyətlərini davam etdirirlər. Mən güman edirəm ki, elə bu lazım olan məsələlərdən biridir.

- Doğrudan da siyasi proseslər yanvardan aktivləşməyə başladı. Müsavat başqanı İsa Qəmbərə Lənkərana səfər edərkən hücumlar təşkil olundu. Bu hadisəni necə dəyərləndirirsiniz?
- Bütün cəmiyyət ayrı-ayrı insanların çıxışlarını, istər internet səhifəsindən, istərsə də televiziyadan izləyir. Və bununla bağlı da hər bir adamın fəaliyyəti diqqət mərkəzində olur. Xüsusilə siyasi proseslərlə məşul olan şəxslərin, o cümlədən də partiya rəhbərlərinin fəaliyyəti göz önündə olur. Onların hər hansı region, insanlar haqqında dediyi fikirləri birilərinə toxuna bilər, başqalarında qıcıq yarada bilər. Bunun nəticəsi olaraq da insanlar öz münasibətini göstərir. Gedən ictimai-siyasi prosesə qarşı hər hansı böhtan kampaniyasının aparılması, ona aid fikirlərin söylənilməsi də insanları qıcıqlandıra bilər. Və insanlar görəndə ki, bu reallıq deyil və sadəcə olaraq onları aldatmaqdır. Bu baxımdan da hər bir insan indi kifayət qədər informasiya almaq imkanlarına malikdir. Bunlar fərdin özündən asılı olan hərəkətləridir. Düzdür, onlar çalışır ki, bunu iqtidarın üzərinə yönəltsinlər. Guya bunlar təşkil olunmuş məsələlərdir. Qəti şəkildə belə deyil. İnsanlar yığışıb öz etirazını bildirirlər. Etirazın formasını da bu cür seçiblər.

- Yəni müxalifət liderinə qarşı edilən bu hücumu doğru hesab edirsiniz...
- Təbii ki, hər bir şey qanun çərçivəsində olmalıdır. Amma insanlarda o qıcıq yaranma məsələsindən irəli gələn etirazlarının coşmasının da görürsünüz ki, qarşısını almaq çətinləşir.

- İsa Qəmbər iddia edir ki, bunu iqtidar məqsədyönlü şəkildə təşkil edib...
- Bilirsiniz, bunun iqtidara nə aidiyyatı var? İqtidarın borcu ondan ibarətdir ki, onları mühafizə etsin. Və onlar da hər hansı görüşlərinin keçirilməsi ilə bağlı yerli orqanlara müraciət etməli idilər ki, onlar da bunların təhlükəsizliyinin təminatı üçün şərait yaratsınlar. İndi gizlin, oğrun bir şəkildə kimsə harasa gedirsə və nəticə etibarilə belə bir hadisə baş verirsə, bunun günahını iqtidarda axtarmaq lazım deyil. Dəfələrlə demişik ki, aksiyalar keçiriləndə müraciət olunmalıdır və bu aksiyanın təhlükəsizliyinin təmin olunmas üçün hüquq-mühafizə orqanları məşğul olmalıdır. Onlar da Azərbaycan vətəndaşlarıdır. Və dövlətin müvafiq strukturları onların da təhlükəsizliyini qorumalıdır. Amma kimsə gizlin şəkildə plan cızıb özünə hansısa aksiyanı keçirirsə və ya harasa gedirsə, bundan məlumatı olmayan hüquq-mühafizə orqanlarının onların mühafizə ilə məşğul olmaq imkanları məhdudur.

- Yəqin ki, xəbəriniz var. Dünya mediasının əksəriyyəti İsa Qəmbərə olan hücumdan yazdı...
- Belə hadisələr hər yerdə olur. Amerikada prezidentliyə namizədi yumurta atəşinə tuturlar. Türkiyədə də bunun dəfələrlə şahidi olmuşuq. Bu insanların münasibətidir. Almaniyanın özündə kənd təsərrüfatı nazirini kartof atəşinə tutublar. Dünya mediasının qərəzliliyi bizə bəllidir. İsa Qəmbər düz yolda gedəndə yıxılsaydı da belə, yazacaqdılar ki, iqtidar asfaltın altına nəsə qoymuşdu ona görə yıxıldı. Bu bizim üçün bəlli olan məsələdir. Biz indi İsa Qəmbərin yanına 10 nəfər cangüdən düzə bilmərik ki? Onsuz da özünün varıdır. İsa Qəmbər hara getdi, təhlükəsizliyini də mühafizəsi etsin.

- Bu həftə ərzində Müsavat başqanın Lənkərana yenidən səfər etməi gözlənilir. Sizcə analoji hadisə yenidən təkrarlana bilərmi?
- Bunu heç kim deyə bilməz. Çünki mən o işə cavabdehlik daşımıram. Münəccimlik etmək də fikrim yoxdur. Nə olacağını, nə baş verəcəyini yerli strukturları ilə müəyyənləşdiməlidirlər. Getdiyi barədə də müvafiq orqanlara məlumat verməlidir ki, hara gedirəm, niyə gedirəm. Ehtiyac varsa, oranın mühafizə olunmasını da təmin edilməlidir.

- Dünya mediasından söhbət düşmüşkən, hüquq müdafiəçisi Eynulla Fətullayev Almaniyada insanların söz azadlıqlarının pozulmasına dair beynəlxalq qurumlar qarşısında hesabat verib. Sizcə, Qərb demokratiyasının beşiyi sayılan Almaniyada bu cür hadisələrin baş verməsi nə dərəcədə realdır?
- Ümumiyyətlə, Almaniyanın müəyyən dairələrinin bizə qarşı qərəzli çıxışı məlumdur. O cümlədən parlamentdə təmsil olunan üzvlərinin, Avropa Şurasında olan bəzi deputatlarının və.s Bunun da arxasında nə demokratiya, nə də insan hüquqları durur. Bunun arxasında sırf iqtisadi məsələlər durur. Bu baxımdan da Amnesty İnternational , Freedom House kimi beynəlxalq təşkilatlar 20 ilə yaxındır ki, eyni hesabatı dərc edirlər. O hər hansı Azərbaycan həqiqəti deyil. Azərbaycan mətbuatından, müxalifətin bəzi fikirlərini əsas götürərək, bir sıra hüquq müdafiəçiləri də var ki, sırf onların qrantları hesabına burada fəaliyyət göstərərək qərəz nümayiş etdirirlər. Bunların əsasında da hesabat dərc edirlər. Dəfələrlə siyasi məhbus məsələsi ilə bağlı hesabat yayıblar. Elə adamları o siyahıya salıblar ki, artıq bu biznesə çevrilib. Yəni ki, kiminsə valideynindən, ailə üzvündən vəsait alıb onu siyahıya salaraq Avropa Şurasına müraciət edib əfv olunması ilə bağlı mübahisə aparırlar. Bunların heç biri həqiqəti əks etdirmir. Çünki Azərbaycana insan hüquqları, söz mətbuat azadlığı da qorunur. Məsələn, bütün qəzetlərə dövlət vəsaiti ayrılır. Jurnalistlər üçün mənzillər tikilir, onlara fəxri adlar verilir. KİVDF tərəfindən həmin qəzetlərə iqtidar müxalifət olmasından asılı olmayaraq eyni dərəcədə yardım ayrılır. Dünyanın hansı ölkəsində belə bir şeylər var? Dünyada belədir ki, kimsə qəzet çıxardırsa, pul qazanıb onu da nəşr etdirməlidir. Hərtərəfli baxanda görürsən ki, Azərbaycanda da söz və mətbuat azadlığına göstərilən diqqət başqa ölkələrdən qat-qat üstündür. Lakin bunlardan biri də o hesabatlarda qeyd olunmur. Hansısa jurnalist kimləsə savaşır, yaxud həbs olunub, qərəzlidir və bunu əsas götürür. Belə olmaz.

- Yox, Siyavuş bəy qeyd etmək istəyirəm ki, Eynulla Fətullayev Almaniyada da analoji hadisələrin baş verdiyi haqda hesabat verib. Ola bilərmi ki, Azərbaycan da qarşlıqlı olaraq Almaniyaya belə qərəz nümayiş etdirsin?
- Məsələn, mən Fransanın özünü də misal çəkə bilərəm. Hicabla bağlı parlament qərar verdi. Dünyanın hansı demokratik ölkəsində geyim haqqında qərar verilir? Elə bil ki, Azərbaycan parlamenti palto geyinib- geyinməməklə bağlı müzakirlər aparır. Yaxud genosidlə əlaqədar deyir ki, kim bunun əleyhinə çıxacaqsa, həbs ediləcək. Dəfələrlə Almaniyada müsəlmanların ibadət etdiyi məscidlərə hücumlar olub. Bu yaxınlardda türklərə qarşı qırğın etdilər. O cümlədən Norveçdə 72 insanı öldürən insan haqqında fikirləşirlər ki, ona neçə il həbs verək, yoxsa xəstəxanaya salaq. Amma Azərbaycanda bir balaca bir şey baş verəndə bunlar hamısı öz məruzlərinə salırlar. Təbii ki, bu gün hər bir ölkə bərabər şəkildədir. Böyük və ya kiçik qardaş anlayışı yoxdur. Kimsə hesab etmirəm ki, hansısa ölkə haqqında qərar və ya yaxud bəyanat verə bilər. Ölkələrin biri-birinin daxili işlərinə qarışmağı düzgün deyil. Kimsə hərbi polis rolunu oynaya bilməz. Bunun üçün beynəlxalq təşkilatlar var və hansı ki, biz orada təmsil olunuruq. Müzakirələr nəticəsində obyektiv qərar qəbul edilə bilər. Almaniyanın Azərbaycana və ya yaxud da Azərbaycanın Almaniyaya hər hansı irad tutmasını mən qəbul edə bilmirəm.

- Rüstəm İbrahimbəyovun təşkilatçllğı yaradılan El hərakatının təsis olunub. Azərbaycanda üçüncü qüvvə meydana gəlir. Sizcə təşkilat məqsədlərinə nail ola biləcəkmi və ümumiyyətlə belə bir hərəkatın yaarnmasına ehtiyac var idimi?
- Qəti şəkildə Azərbaycanda elə bir hərəkata ehtiyac yox idi. Ümumiyyətlə, o qüvvənin heç bir sosial bazası, elektratı yoxdur. Yəni seçki prosesini siyasi partiyalar aparır. QHT-lərin, hansısa ictimai qurumların hər hansı bir hərəkat aparması Azərbaycanda qeyri-mümkündür. Azərbaycanda oturuşmuş siyasi partiyalar var. Siyasətlə məşğul olna insanlar var. İbrahimbəyovun kifayət qədər yaşı var. Və bundan sonra onun ortaya düşüb Azərbaycandakı ictimai-siyasi proseslərə təsir etmək imkanları sıfıra bərabərdir. Onun ətrafına toplaşan adamların da həmçinin. Ola bilər ki , onlar hansısa təşkilatların, qurumların maraqlarını özlərində ifadə edirlər. Bu ola bilər. Azərbaycan haqqında hər hansı mənfi fikir formalaşdırmağa cəhd göstərirlər. Lakin bunların hamısı ancaq cəhd ola bilər. Onlar nəinki prezident seçkilərində, heç bələdiyyə seçkilərində də hər hansı nəticə göstərə bilməzlər. Çünki camaat konkret işə, əmələ baxır. Bunların hansısa Azərbaycan üçün nəsə edibdirmi? Dursunlar, hesabat versinlər. Verə bilməzlər. Çünki o hesabat ancaq öz şəxsi maraqları təmin etmək, özlərinin vəsaitini artırmaq, gəlirlər tapmaq, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün istifadə olunan vasitələrdir. Bu insanların hansı əməllərin şahidi olduğunu mətbuat vasitəsilə görürsünüz. Bunların heç biri xalq qarşısında çıxış edərək onların maraqlarını müdafiə etdiklərini ortalığa qoya bilməzlər.

- Amma Rüstəm İbrahimbəyov qəti şəkildə bəyan edir ki, 2013-cü il Azərbaycanda hakimiyyətin dəyişilməsi ili olacaq...
- İndi çox adam çox söz deyə bilər. Onun dediyinin heç bir əsası, mənbəsi yoxdur. Ola bilər. O qədər adam çoxlu fikirlər söyləyə bilər ki. Azərbaycanda prezident seçkiləri keçirələcək. Ədalətli, demokratik seçkilər keçiriləcəkdir. Prezidentimizin 10 il ərzində gördüyü işləri Azərbaycan xalqı gözəl görür. Ölkəmizin gəlirlərinin artması, tikinti- quruculuq işlərinin aparılması, yeni iş yerlərinin açılması, xalqın maraqlarının dünyada müdafiə olunması və bunun nəticəsi olaraq da Azərbaycan xalqının 2013-cü ildə vahid namizəd kimi Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürür. Yekdilliklə xalqımız ona səs verib prezident etmək üçün səs verəcək. Rüstəm İbrahimbəyovun və onun ətrafında olanların dediyinin heç bir mənası yoxdur.

- Qeyd olunur ki, həmin hərəkatın prezidentliyə namizədi olacaq. Sizcə, kim ola bilər həmin şəxs?
- Orada kim var ki. Onlar heç 3 adamı arxalarınca apara bilməzlər. Prezidentliyə namizəd üçün 50000 imza yığıb qeydiyyatdan keçmək lazımdır. Onlar heç Azərbaycan vətəndaşları tərəfindən 5 imza da yığa bilməzlər. Ola bilər, hamı özünü elan etsin ki, mən prezident olacam. 2008-ci ildə iki nəfər psixi cəhətdən xəstə olan şəxs də MSK-ya gələrək ərizə yazıb namizədliyini irəli sürmüşdü. O qədər elə adamlar var ki. O əsas deyil. Həmin insanlar heç bir dairədən namizəd olub millət vəkili seçilə bilmədilər. Qanun çərçivəsində yaşı 35-dən yuxarı, Azərbacan vətəndaşı, ağlı başında olan istənilən adam prezidentliyə namizəd ola bilər. Azərbaycanda kifayət qədər sosial bazaya və elektrata sahib olan şəxs öz namizədliyini irəli sürə bilər.

- Eldar Namazov necə bəs? O siyasi bilikləri olan və beynəlxalq təşkilatlar tərəfindən tanınan bir insan kimi qeyd olunur...
- Mən onun dünyada tanındığını və hansı siyasi biliklərə malik olduğunu hələ Azərbaycanda görməmişəm. Qəzetlərə müsahibə vermək, ona-bun a böhtan atmaq, şər deməkdirmi tanınmaq? Yaxud da ki, ciddi proseslərdə bunun hansı iştirakı ortadadır? Müsahibə vermək və ya facebookda kimlərsə müzakirə aparmaq hələ ictimai siyasi proseslərdə iştirak etmək demək deyil. Eldar Namazovun Azərbaycanda heç sosial bazası da yoxdur. Sosioloji sorğu keçirtsən, heç 3 adam da ona səs verməz. Hansı istəyirsə, namizəd ola bilərlər. Amma bu gün Azərbaycan cəmiyyəti onları qəbul etmir. Ona görə də kimin namizəd olması bizim üçün önəmli deyil. Bu gün bizim namizədimizin nə ölkə daxilində, nə də xaricində heç bir alternativi yoxdur.


- Rəsmi şəkildə YAP öz namizədini nə vaxt elan edəcək? Qurultayın vaxtı dəqiqləşibmi?
- Bu seçki prosesi ilə əlaqədardır. Bilirsiniz ki, Seçki Məcəlləsində göstərilib ki, bu ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günündə keçirilməlidir. O vaxta qədər iki ay seçki prosesidir. Seçkilər elan olunduqdan sonra biz qurultayımız vasitəsilə namizədimizi irəli sürəcəyik. Bununla bağlı YAP-da hazırlıq işləri gedir. Keçən il partiyanın rayon şəhər təşkilatlarının hamısında konfranslarımızı keçirmişik. Yeniləşmə gedib, tərkibə baxılıb. Partiyanın maddi-texniki bazasının düzəlməsi üçün müəyyən addılmar atılır. Bizdə bütün seçicilərimizin siyahıları var. Bir daha onlara komputer vasitəsilə baxılır. Yerlərlə əlaqə saxlanılır. Dəqiqləşdirmə işləri aparılır. Yəni bütün prosesə uyğun olaraq biz fəaliyyətimizi qururuq. Həmin vaxtda da lazım olan addımları atacağıq.

- Mediada iqtidar cəbhəsində seçkilər ərəfəsində yeni bir blokun, ittifaqın yaradılmasından söhbət gedir. Nə dərəcədə doğrudur?
- Belə bir şey yoxdur, Bu media çərçivəsində olan məsələdir. Bilirsiniz ki, YAP-nın 600 mindən çox üzvü var. YAP-nın hər rayon şəhər təşkilatlarında hər məntəqə ətrafında ilk yerli təşkilatları var. Bu baxımdan YAP-nın istənilən seçkini keçirməyə kifayət qədər qüvvəsi var. Bizim nümayəndələrimiz ayrı-ayrı ölkələrin seçki texnologiyalarını öyrənirlər. Onların tətbiqi ilə bağlı da işlər gedir. Bizdə artıq kimlərin müşahidəçi olacağı, kimlərin imza toplayacağı dəqiqləşdirilir. Bu yaxınlarda onlar üçün treninqlərə də başlanılacaq. Partiyanın hər tərəfli potensialı var. Əgər təbii ki, kimsə YAP-na dəstək verib qoşulacaqsa, çox gözəl. Bu namizəd, blok şəklində deyil, YAP-nın fərdi olaraq namizədi olacaq.

- Bir sıra ekspertlər iddia edir ki, Xocalı aeroportu işə düşərsə, Azərbaycanda prezident seçkiləri təxirə salına bilər...
- Yox, məsələ elə deyil. Təbii ki, Xocalı aeroportu işə düşəcəksə, orada istənilən uçuşlara icazə verməyəcəyik. Azərbaycan Konstitusiyasında göstərilir ki, seçkilər müharibə ərəfəsinə düşərsə, həmin vaxt seçkilərin müddəti uzadılır. Bunu ekspertlər o nöqteyi-nəzərdən deyə bilərlər ki, yəni Azərbaycanın ordakı uçan təyyarləri vurması nəticəsində Ermənistan Azərbaycan arasında atəşkəs rejimi pozulub yenidən müharibə olarsa və uzanıb həmin ərəfəyə gəlib çatarsa, həmin halda seçkilərin vaxtı uzadılır. Dünyanın hər yerində qəbul olunub ki, əgər bir ölkədə müharibədirsə, həmin ölkədə azad və ədalətli seçii keçirmək olmaz.

- Mühairibə başlaya bilərmi?
- İnamıram ki, başlasın. Hətta inamıram ki, orada hər hansı uçuşlar həyata keçirilsin. Yəni ki, müharibənin başlanmasına bir bəhanə olsun.

- Binədə satıcıların aksiyası zamanı polislər onlara qarşı rezin güllələrdən istifadə etdilər. Bu düzgündürmü?
- Mən vallah görməmişəm. Görmədiyim nəyisə də deyə bilmərəm ki, orada rezin güllələrdən istifadə olunub. Bu sırf iqtisadi səbəblərə görə baş verən aksiya idi. Rəhbərlik və işçilər arasında olan münasibətə bağlı olan məsələ idi. Bu işçilər birinci növbədə özlərini də düşünməlidirlər. Sabah bunun təqaüdə çıxması var, sosial müavinətləri var. Bəzən görürsən ki, adamlar gəlirinə arxayın olub əmək müqavilələri bağlamır. Bunun nəticəsində də vergidən yayınma və digər hallar baş verir. Hər bir vətəndaş çalışmalıdır ki, işlədiyi yerdə qanunun tələblərinə əməl etsin.

- Amma polisin rezin güllələrdən istifadə etməsi barədə fotolar, videolar var...
- Mən görməmişəm. Varsa da belə, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Əgər bu aksiyadırsa, bu cür vasitələrdən dünyanın hər yerində istifadə olunur. Su şırnaqlarından, dəyənəklərdən o cümlədən, rezin güllələrdən də istifadə olunur.

- Hər halda bu aksiya satıcıların ticarət mərkəzinin rəhbərliyinə qarşı etirazı idi...
- Mən o videoları görməmişəm. Hüquq-mühafizə orqanları araşdırar və nəticəsi barədə də məlıumat verər. Bundan sonra fikir bildirmək olar.

- Video məsələsindən söhbət düşmüşkən, Elşad Abdullayev yeni bəyanat verib ki, əlində 400-ə yaxın video var. Ola bilərmi ki, bu yenilərin arasında da siz də olasınız?
- Qəti şəkildə. Varsa, versin. Mənimlə Elşad Abdullayevin nə əlaqəsi var? Mən Elşad Abdullayevi partiyanın Binəqədi təşkilatının keçirdiyi tədbirlərdə və bir də Bakı Dövlət Universitetində görmüşəm. Vəssalam. Onunla münasibətim, işgüzar əlaqəm olmayıb.

Günel Türksoy