“Dəmir yığanlar, bomjlar evimizə girir…” - Video

demir-yiganlar-bomjlar-evimize-girir
Oxunma sayı: 854

Bakının Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində qəzalı vəziyyətdə olan evlərin bəziləri tikinti şirkətləri tərəfindən sökülüb, bəzilərində isə yaşayış var. İşin tamamlanmaması isə sakinlərin narazılığına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “ATV” bununla bağlı ərazidən süjet hazırlayıb.

Bildirilib ki, bu ünvanda sadəcə 6 ailə ilə müqavilə bağlanmayıb. Yaxınlıqda olan digər evdə yaşayan sakinlərin sözlərinə görə, söküntü aparılan yerlər səfil həyat tərzi sürənlərin sevimli məskəninə çevrilib. Buna səbəb isə bəzi sakinlərlə tikinti şirkətlərinin hələ də razılığa gəlməməsidir. Onlar köçməyən şəxslərdən narahatdırlar.

Vətəndaşlar iddia edib ki, səfil həyat sürən insanlar bəzi hallarda onların evlərinə daxil olur və əraziyə məişət tullantıları atırlar: “Narkomanlar axşamadək orada yatırlar. Qonşunun da evinə girmişdilər. Axı bu, bizə əziyyətdir. Yayda isə buradan üfunət iyi gəlir. Şirkət təxminən 3-4 ay əvvəl gəlib bizimlə danışdı, razılığımızı alıb getdi”.

Ərazidə söküntü işi aparan şirkətin hüquqşünası Cabbar Həsənov bildirib ki, razı olan sakinlər köçəndən sonra evləri sökülüb: “Bir neçə sakinlə hazırda razılığın əldə olunması üçün danışıqlar aparılır. Amma yekun nəticə əldə olunmayıb. Səbəb isə həmin sakinlərin real bazar qiymətindən qat-qat çox yüksək kompensasiya tələb etməsidir. Səfil həyatı sürənlərin sakinləri narahat etməsi və məişət tullantılarının atılması ilə bağlı aidiyyəti qurumlara müraciət edərək onların ərazidən kənarlaşdırılması və təmizlənməsi təmin olunacaq”.

Daha ətraflı videomaterialda: