Diplomatiyanın ən güclü şəkli - Bir stəkan su...

diplomatiyanin-en-guclu-sekli
Oxunma sayı: 620

Bəzən dövlətlərarası münasibətlərin mahiyyətini uzun diplomatik danışıqlardan, protokol bəyanatlarından daha yaxşı ifadə edən məqamlar, hətta bir neçə dəqiqəlik görüntü də olur. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşündə lentə alınan səmimi dialoq məhz bu qəbildəndir.

Masada müxtəlif sular var. Pezeşkiana “Borjomi” təqdim edilir. İlham Əliyev isə diqqəti Azərbaycan sularına yönəldir: “Burada Azərbaycan suları var” deyir, “Sirab”, “Badamlı” və “İstisu”nu göstərir, azərbaycanlı həmkarının diqqətini xüsusilə özü ilə gətirdiyi “İstisu”ya çəkir və sonra ondan Pezeşkiana süzür. Dövlət başçıları olduqca rahatdır. Eyni dildə danışırlar. Protokolun görünməz divarları bir neçə dəqiqəlik aradan qalxır. Bu, ilk baxışda sadə, bəlkə də adi jest kimi görünə bilər, amma diplomatiyada bəzən ən böyük mesajlar məhz belə sadə jestlərdən doğur. Çünki bu görüntüdə protokolun sərt çərçivələrindən çox, iki insanın bir-birinə yaxınlığı hiss olunur. Hər iki prezident bir-biri ilə tərcüməçisiz, eyni dildə danışır. Bir qədər də dərinə varsaq görərik ki, bu, sadəcə dil məsələsi də deyil. Bu, yaxınlığın dilidir. Bu, iki qardaşın ana dilinə hörmət və sevgisinin tərənnümüdür.

Azərbaycan-İran münasibətləri son illərdə heç də hamar yoldan keçməyib. İki qonşu və tarixi-mədəni bağları son dərəcə dərin olan ölkələrimiz arasında müəyyən siyasi gərginliklər yaşanıb. Narazılıqlar, anlaşılmazlıqlar, sərt bəyanatlar siyasi əlaqələrə təsirsiz ötüşməyib. Amma dövlətlərarası münasibətlərin təbiətində bir həqiqət var: qonşunu dəyişmək mümkün deyil. Azərbaycan və İran coğrafiyanın qonşusudur. Eyni zamanda tarix, mədəniyyət, ticarət, ailə bağları, dini-mənəvi yaxınlıq və o taylı-bu taylı soydaşlarımızın münasibətləri bu bağın möhkəmliyini, qırılmazlığını sübut edir. Münasibətlərdə problemlər ola bilər, fikir ayrılıqları yarana bilər, hətta müəyyən dövrlərdə siyasi gərginlik də yaşana bilər. Amma bütün bunların fövqündə xalqları bir-birinə bağlayan böyük tarixi və mənəvi reallıqdır. Bu reallığı dəyişmək mümkün deyil. Məhz bu baxımdan İlham Əliyevlə Məsud Pezeşkian arasında son dövrdə formalaşan şəxsi münasibətlər xüsusi əhəmiyyəti ilə seçilir.

Təsadüfi deyil ki, ötən ilin aprelində Pezeşkianın Azərbaycana səfəri zamanı İlham Əliyev əməkdaşlığın həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə dərinləşdirilməsinin iki xalqın marağında olduğunu bildirmişdi. Bu ilin yanvarında isə iki prezident telefon danışığında Azərbaycan-İran münasibətlərinin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığını bir daha təsdiqləmişdilər. İndi türk torpağı Bişkekdən gələn görüntü həmin siyasi xəttin daha səmimi müstəvidə davam etdiyini göstərir. Çünki Prezident İlham Əliyev Pezeşkiana sadəcə Azərbaycan suyu təqdim etmir. O, Kəlbəcərdən çıxan İstisuyu təqdim edir. Ona görə ki, “İstisu” Azərbaycan üçün adi mineral su deyil. Onun adının arxasında Kəlbəcər var. İşğal illərinin ağrısı var. 30 ildən sonra torpağa qayıdış var. Dağıdılmış və yenidən qurulan Kəlbəcər var. Azərbaycanın öz torpaqlarının təbii sərvətlərinə yenidən sahib çıxması var. Bir vaxtlar Azərbaycan-İran münasibətlərində müxtəlif məsələlər ətrafında siyasi soyuqluq yaşanırdı. İndi isə iki prezident eyni masada oturub Kəlbəcərin suyunu bölüşür.

Xatırlayıram ki, ötən il Prezident İlham Əliyev xarici mediaya müsahibəsində İranla münasibətlərə toxunarkən Prezident Pezeşkian barədə də danışmışdı: “O, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”. Əlbəttə ki, bu cümlələrin siyasi çəkisi var. Deməli, dövlətlər arasındakı münasibətlər yalnız müqavilələrlə qurulmur. Müqavilələr münasibətlərin hüquqi əsasını, etimad isə ruhunu formalaşdırır.

Tarixin gərdişinin ayırdığı insanların yaddaşında eyni adlar, eyni şeirlər, eyni musiqilər, eyni mədəniyyət elementləri yaşadıqca bizim bir-birimizə marağımız, ehtiyacımız həmişə olacaq və bu cür ünsiyyət formaları siyasi protokoldan daha güclü, daha mükəmməl təsir bağışlayacaq. Odur ki, Bişkekdəki bu səmimi görüntü artıq münasibətlərin tədricən daha rahat məcraya keçdiyini göstərir. Bir müddət öncə Pezeşkian özü də Azərbaycanla bəzi siyasi problemlərə baxmayaraq dialoq və qarşılıqlı əlaqələrin davam etdiyini bildirmişdi. Bu çox mühüm etirafdır. Çünki diplomatiyada ən böyük nailiyyət problemin mövcudluğunu inkar etmək yox, onun dialoq yolu ilə aradan qaldırılmasına siyasi iradə göstərməkdir. İndi Azərbaycan və İran münasibətlərində məhz belə mərhələ müşahidə olunur. Doğrudur, keçmişin gərginlikləri bir gündə yox olmayacaq. İki ölkə arasında bütün məsələlərin birdən-birə həll olunacağını gözləmək də doğru deyil. Amma münasibətlərin istiqamətinin dəyişməsi artıq hiss olunur və bu istiqamət qarşıdurmadan dialoqa, şübhədən etimada, məsafədən yaxınlığa doğrudur.

Bişkekdəki həmin görüntünü izləyərkən adamın ağlına bir fikir də gəlir: tarix boyu insanlar suyu bölüşərək yaxınlaşıblar. Çünki su həyatdır. Su təmizlikdir, davamlılıqdır. Azərbaycan Prezidenti Pezeşkiana Kəlbəcərin “İstisu”yunu təqdim edərkən bu sözlərin hamısını bir jestə sığışdırdı. Bununla demək istədi iki, Azərbaycan öz tarixini unutmur, amma tarixinin ağrısını gələcəyin qarşısına sədd kimi də qoymur. Azərbaycan öz torpaqlarına, öz sərvətlərinə, öz milli kimliyinə sahib çıxır, amma qonşuları ilə münasibətlərini qarşıdurma üzərində deyil, qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurmağa üstünlük verir. Bəli, torpaqları sərhədlər ayırır, amma suyun öz yolu var…

Yunis Orucov

Əməkdar jurnalist