Dönərdən zəhərlənən şagirdlərin vəziyyəti açıqlandı - Yenilənib

donerden-zeherlenen-sagirdlerin-veziyyeti-aciqlandi
Oxunma sayı: 3271

TƏBİB ötən gün dönərdən zəhərlənən məktəblilərin vəziyyəti ilə bağlı daha bir məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta  məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Binə qəsəbəsində səhhətində narahatlıq yaranaraq təcili tibbi yardıma müraciət edən və müvafiq səhiyyə müəssisəsinə yerləşdirilən 21 uşağın durumu sabitdir. Onlardan 1-i valideyni tərəfindən evə aparılıb.

Bildirilib ki, dünən Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda  narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olmuşdu. Qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub.  

Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Qeyd edək ki, oktyabrın 24-ü axşamı Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.

Uşaqların durumu Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və TƏBİB rəhbərliyinin nəzarətindədir.