“Səkkiz QHT oxşar mətn göndərib, səhvlər də eyni cümlələrdə edilib”

sekkiz-qht-oxsar-metn-gonderib-sehvler-de-eyni-cumlelerde-edilib
Oxunma sayı: 908

“Adları saxta “orden-medal ticarəti”ndə hallanan, hüquq-mühafizə orqanları tərəfindən fəaliyyətləri araşdırılan bəzi QHT-lər layihələri də saxtalaşdırıb, onların təqdim etdiyi müxtəlif layihə mətnləri, demək olar ki, sözbəsöz eynidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva müsahibəsində bildirib.

O bu ildən süni intellekt texnologiyalarının Agentlik tərəfindən layihələrin ekspertizasında tətbiqinin genişləndirildiyini, bir çox faktların aşkara çıxarıldığını deyib: “Aşkar olunan bəzi faktlar bizi çox məyus edib. Məsələn, ekologiya istiqamətində fəaliyyət göstərən QHT-lərdən birindən daxil olmuş “Yaşıl düşün, fəal ol!” adlı layihə reklamçılar, gənclər, qadınlarla iş sahəsində digər 3 QHT-nin təqdim etdiyi layihələrlə plagiatlıq təşkil edir. “Müharibə əlillərinin cəmiyyətə inteqrasiyası” adlı layihə mətni 3 fərqli QHT-də üzə çıxıb.

“Əbədiyyətin simaları” - Milli və Vətən Qəhrəmanlarının guşələrinin yaradılması” adlı layihənin mətni isə 4 QHT-nin təqdim etdiyi layihələrlə plagiatdır. “Şəhid ailələrinin Xankəndiyə səfərinin təşkili” layihəsi üzrə eyni mətn 9 fərqli QHT-dən daxil olub. “Kür sahilində yaşıl nəfəs”, “Ailə dəyərlərinin qorunmasında media və sosial platformalar”, “Regionlarda qadınların hüquqi müdafiəsinə dəstək”, “Hacıqabul gölünün biomüxtəlifliyi”, “Gələcəyimizi qoruyuruq: zərərli vərdişlərə qarşı maarifləndirmə”, “Məişət zorakılığına yox!” adlı layihələr də bu qəbildəndir. Yaxud hərbi yönümlü QHT-lərdən biri 49 650 manat dəyərində layihə təklifi ilə müraciət edib. “Dövlət babadır, biz də övladı” adlı bu layihənin mətni 8 fərqli QHT ilə, demək olar ki, eynidir, orfoqrafik səhvlər də eyni cümlələrdə edilib”.

Ü.Qarayeva əlavə edib ki, 2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqələr üzrə daxil olmuş 800-ə yaxın layihədən təxminən 200-də bu cür tam və ya qismən plagiatlıq aşkar edilib: “Dövlət qurumunu aldatmağa cəhd edən QHT-lərin təqdim etdiyi plagiat layihələr texniki seleksiyadan keçməyəcək. Biz yenə də etika naminə bu QHT-lərin adlarını ictimailəşdirmirik, lakin texniki seleksiyadan keçməyən QHT-lərin hər birinə agentlik tərəfindən bu barədə müvafiq elektron sistem üzərindən bildiriş göndəriləcək”.