“Ağ Şəhər”də ağacları qıran 2 nəfər saxlanıldı - Fotolar - Yenilənib

ag-seherde-agaclari-qiran-2-nefer-saxlanildi
Oxunma sayı: 3084

“Ağ Şəhər” ərazisində çoxillik həmişəyaşıl ağacların kəsilməsi faktı müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvələdək mövcud olan xeyli ağac kəsilərək məhv edilib. 

DİN Mətbuat Xidmətindən bildirilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib.

***

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Xətai rayonu, Süleyman Vəzirov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

İdarənin rəisi Qafar Ağayevin sözlərinə görə, araşdırma zamanı sözügedən ərazidə ağacların ağır texnika ilə məhv edildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

“Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etsinlər”, - Q.Ağayev bildirib.