Dövlət “gələcəy”inin istirahəti üçün pul ayırmağa niyə xəsislik edir?

dovlet-geleceyinin-istiraheti-ucun-pul-ayirmaga-niye-xesislik-edir
Oxunma sayı: 668

Tədris ilinin başa çatmasına həftələr qalır. İndi məktəblilər dərsdən azad olmağa tələsir, valideynlər isə övladlarının məktəb qayğılarından qurtulacağına sevinirlər. Amma məktəb mövsümü bağlandıqdan sonrakı tətil məsələsi də yeni narazılıqlar gətirəcək. Yenə çox ailələr uşaqlarının səmərəli tətil keçirməsi üçün çalışsalar da, bu alınmayacaq. Proqnozumu onunla əsaslandırıram ki, azərbaycanlı məktəblilər bu ildə yay düşərgələrindən məhrum qalacaqlar. Deyə bilərsiz ki, düşərgələr təşkil olunsa, hamı oraya uşaq göndərmək məcburiyyətində deyil ki. Amma yox, sivil dediyimiz ölkələrdə uşaqlar ailə içində yox, cəmiyyət içində formalaşırlar. Onların sərbəst düşüncə, təhlili üçün kollektiv dincəlməsinə, asudə vaxtını maraqlı, həm də əyləncəli keçirməsinə ehtiyac var. Vaxtiylə Sovet İttifaqının maraqlı ənənəsi var idi. Yay tətilində uşaqlar, məktəblilər müxtəlif düşərgələrə(ən nüfuzlusu “Artek” idi) yollanardı. Valideynlər uşaqlarından rahat idilər, onların nəzarət altında səmərəli vaxt keçirməsinə sevinirdilər. Amma təəssüf ki, müstəqilliyimizi qazandığımız vaxtdan onilliklər keçsə də, dövlət uşaqlar üçün kollektiv istirahət dediyimiz düşərgələrin təşkil olunmasına diqqət ayırmır. Halbuki Sovet Azərbaycanında 50-dən çox uşaqların yay, pioner düşərgəsi, istirahət ocağı olub. Onlardan 16-sı Xəzər dənizi sahillərində, 5-i hazırda işğal olunmuş torpaqlarda, digərləri isə bölgələrdə fəaliyyət göstərirmiş. Amma azadlıq qazanmış Azərbaycanda düşərgə ənənəsi təmamilə dondurulmuş, həmin ərazilər ləğv edilmişdir. Bakıdakı düşərgələrin çoxunun sahəsi hazırda çollüyə çevrilib, bir neçəsində isə məcburi köçkün ailələri yaşayırlar.

Düşərgələri bərpa etmək, mövsümü istirahət üçün yararlı etmək bu qədərmi qəliz məsələdir? Hazır Sovet vaxtının təcrübəsi qala-qala başqa standartlar axtarmağa nə gərək var?

Uşaqlarımızın istirahət hüququ qanunla pozulur

Azərbaycanda bütün məsələlərin həllinin tapılması ilə bağlı yaxşı qanunlar var. Özü də bu qanunlar cümlə, sözünə qədər elə yerində, dolğun tərtib edilib ki. Amma bu qanunlar bilərəkdənmi, ya yaddaşsızlıqdanmı pozulur. Gəlin uşaqların istirahəti ilə bağlı qanunda nələr nəzərdə tutulduğuna göz ataq. Özü də bu qanun mərhum prezidentimiz H.Əliyevin zamanında, 1998-ci ildə qəbul olunub. “Uşaqların hüquqları haqqında Qanun”un 6-cı maddəsində deyilir: “Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar onların valideynlərinin və ya onları əvəz edən səxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, dili, dini, irqi, təhsilindən, siyasi baxışından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.” Ardınca 25-ci maddəni nəzərinizə çatdırıram: “Hər bir uşağın istirahət və asudə vaxtından istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdən kənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısının alan tədbirlər görməlidir. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədiylə məktəbdənkənar müəsisələrin, sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır, inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir.” Adıçəkilən qanuna görə, istirahət ocaqlarının ləğvi və başqa məqsədlə istifadəsi qadağandır və bu qanunun müddəlarına əməl etməyənlər həmin sənədin 44-cü maddəsinə əsasən məsuliyyət daşıyırlar. Onda belə çıxır ki, hazırda Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Naziliyinin aidiyyatlı şöbələri çoxdan sorğu-suala tutulmalı idi.

Hələki, hər kəs öz işindədir. İllərdir bu məsələnin həlli üçün təşşəbbüs göstərən də yoxdur. Çünki, aidiyyatlı, icraedici orqanların təmsilçiləri övladlarını sadə, sıradan bir məktəbdə oxutmur. Burada artıq ayrı-seçkilik məsələsi ortaya çıxır. Belə məmurların, nümayəndələrin uşaqları bizim uşaqlar kimi yayın istisində başına gün döyə-döyə küçədə gəzmir, tər-qan içində oynamır. Onların uşaqları ölkənin sərin guşəsində özü kimi kef çəkir, lazım olsa buranın tətilini bəyənmir, xaricə üz tutur. Deməli, uşaqlarını bizim uşaqlardan ayıran kəslərdən istirahət guşələrini yaratmaq arzusunu reallaşdırmağı gözləməyə dəyməz. Ən çətin vəziyyətdə isə cavab verəcəklər ki, Bakıda əyləncəli obyektlər fəaliyyətdədir. Xəbərləri yoxdur ki, o əyləncəni dadmaq üçün valideyn bir neçə gün ac qalmalıdır.


Uşaqlarımız illərdir Gülər Əhmədovaya baxırdılarsa.....

Hə, bizim ölkədə qeyri-hökümət təşkilatları da saysızdır. Uşaq təşkilatları isə hardasa gündə biri çıxır. Bu təşkilatlardan da təşşəbbüskarlıq gözləmək sadəlövhlük olardı. Bir ölkənin ki, baş uşaq təşkilatı illərdir bizim gözümüzün içinə baxa-baxa bizə yalan nağıllar danışıb, arxada pul sayıb, başqalarından nə xeyir görək. Bəli, söhbət Respublika Uşaq Təşkilatından və onun artıq aramızda sərbəst gəzə, uşaq qayğısından dəm vura bilməyən rəhbəri Gülər Əhmədovadan gedir. Söhbətin ona tuş gələcəyini bilirdim, amma maraqlısı ondadır ki, uşaq təşkilatının rəhbəri və qurum öz saytını hələ də “qürurla” işlədir. Hansı üzlə görəsən? Uşaqlarımıza xəyanət edən təşkilatın işi, üzü hamımıza bəlli oldu.

Nə isə... Belə çıxdı ki, yalnız dövlət orqanları istirahət məsələsində maraqlı olmalıdır. Təhsil Nazirliyindən dedilər ki, bu məsələyə qurumun tərbiyə və məktəbəqədər təhsil şöbəsi baxır. Bu şöbənin rəhbəri Ağababa İbrahimov isə bu məsələnin onlara aid olmadığını dedi. Hətta Ağababa müəllim şöbəsinin adına yaraşmayan davranışla sualı ağzımda qoyaraq telefonun dəstəyini yerə qoydu. “Eeeeee, gedin mətbuat xidmətindən soruşun da.”, dedi. Ağababa müəllimin bu gərginliyi yeni Təhsil Nazirinin gəlişi ilə əlaqədar idimi, yaxud vəzifəsi ilə bağlı sıxıntıları vardı, bilmədim amma hər halda səriştəli şəxsə yaraşmayan hərəkətdir. Təhsil Nazirliyinin mətbuat katibi Bayram Hüseynzadənin isə məsələ ilə bağlı çətin cavabı ola, axı o heç yerində olmur.

Nəhayyət məlum oldu ki, insanların istirahəti məsələsinə Həmkarlar İttifaqı Konfederasiyasında baxılır. Təşkilatdan alınan məlumata görə, il ərzində konkret məktəblilər olmasa da, 5000-6000 uşaq öz ailəsi( iş yerindən valideynlərinə verilən göndərişlə) ilə dincəlir. Qurumun mədəni, kütləvi, idman məsələləri üzrə işlər idarəsinin rəhbəri Rüstəm Nəzirovsa, düşərgələrin qurulması üçün maliyyə çatışmazlığının olduğunu dedi. Rüstəm müəllim təmsil etdiyi təşkilatın bu istiqamətdə işlər planının olduğunu bildirdi. “ Bir neçə ildir, planlarımız var. Bu il Nabranda iki düşərgə fəaliyyətə başlayacaq. Üç növbəli(200 olmaqla) uşaq qəbul edəcək. Xaçmazda da açlacağı gözlənilir. Düşərgənin qurulması üçün maddi vəsait lazımdır.”

Bu arada qeyd edim ki, əldə olunan məlumata görə Gəncədə də bir neçə yay düçərgəsinin fəaliyyətə başlayacağı gözlənilir. Onlardan biri vaxtiylə Hacıkənddə olan düşərgədir. Bundan başqa bir neçə ildir, Şüvəlan qəsəbəsində milli qəhrəman Ç.Mustafayev(keçmiş Y. Qaqarin adına)adına uşaq yay istirahət düşərgəsi də fəal işləyir. Daxili İşlər Nazirliyinin balansında olsa da, hər il bu istirahət ocağında yüzlərlə uşaq dincəlmək şansını əldə edir. Baxmayaraq ki, bir uşağın dincəlməyi 250 manata(nazirlik əməkdaşlarının uşaqlarına 50% güzəştlə) başa gəlir. Buzovnada ötən il H.Əliyev Fondunun dəstəyi ilə açılan yay istirahət düşərgəsində isə daha çox əlil uşaqların vaxt keçirməsi nəzərdə tutulur.

UNİCEF-BMT-nin Uşaq Fondu da hər il uşaqların dincəlməsi, fəal iştirakı üçün yay məktəbləri təşkil edir. Amma bu qısa müddətli istirahətdən uşaqlar sözsüz ki, doymurlar. Ölkənin nüfuzlu məktəblərinin də fərdi istək əsasında yay məktəbləri qurulur, məktəblilər həftəylə müftəlif bölgələrə səyyahət edirlər. Sözsüz ki, maddi imkanı olan uşaqlar üçün istənilən yerdə istirahət etmək problem deyil.
Bu yay kimi kəndində dincələcək, kimi ana-atasının ayağına “bağlanacaq”dır. Bəzi uşaqlar darıxacaq, bəzisi dənizə getmək, dincəlmək üçün valideynin əhvalına ya da cibinə baxacaq. Bəziləri isə nəzarətsiz qalıb, Allah bilir hansı pis vərdişə qurşanacaq.
Axı ilin cəmi üç ayını yola vermək üçün mövsümü istirahət ocaqlarını qurmaq bu qədərmi çətindir? Belə obyektlər həm də yeni iş yerləri deməkdir. Uşaqların şəxsiyyət kimi formalaşmasında belə ocaqların olması mütləq lazımdır. Heç kəs uşağından bezməyib, amma uşaqlarımızın gələcək həyatda yerlərini tapması üçün onlara bu şərait yaradılmalıdır. Yəqin ki, razılaşarsız.

Sonda onu qeyd edim ki, Milli Məclisin yaz sesiyasında adıçəkilən məsələ də vardı. Bu barədə vaxtiylə MM-in sosial-siyasət komissiyasının sədri Hadı Rəcəbli də məlumat vermişdi. “Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında Qanun”unun aqubəti haqqında hələlik məlumat yoxdur. Onsuzda artıq MM də bir azdan dincəlməyə gedəcək. Qanun uşaqların xeyirinə qəbul edilsə nə fayda. Fakt odur ki, artıq yayın isti günləri gəlir. Uşaqlar və məktəblilər yenə ailələrinin ümidinə qalırlar. Pul varsa, dincəlmək də yaxşı olacaq.
P.S. Yeni Təhsil Nazirimizdən çox iş gözlənilir. Hamı gözünü ona dikib. Heyif ki, vəzifə yerdəyişməsi tədris ilinin sonuna yaxın baş verdi. Yenə də təhsilin ağgünə çıxmasını birlikdə gözləməyə dəyər.

Raminə Eyvazqızı