Dron hücumu ilə bağlı Prezidentə məktublar gəlir - Yenilənir

dron-hucumu-ile-bagli-prezidente-mektublar-gelir
Oxunma sayı: 772

Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Martın 5-də Naxçıvana dron hücumu ilə bağlı xəbəri böyük narahatlıqla qarşıladım. Bu hücum zamanı hava limanı da daxil olmaqla, mülki obyektlərə zərbələr endirilib, dronlar məktəbin yaxınlığında yerə düşüb və bir neçə nəfər yaralanıb.

Bu hücum beynəlxalq hüququn kobud şəkildə pozulması və qəbuledilməz zorakılığın artması deməkdir. Sizin haqlı olaraq terror hücumu kimi qiymətləndirdiyiniz bu akt bütün regionun sabitliyinə və təhlükəsizliyinə ciddi təhdid yaradır.

Bu hücumu Çex Respublikası Hökuməti adından qəti şəkildə pislədiyimizi bildirmək istərdim. Biz Azərbaycanla həmrəy olduğumuzu bildirir, onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də regionda sülhün və sabitliyin qorunması istiqamətində bütün səyləri dəstəkləyirik.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən:

Zati-aliləri.

İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir. Sizin rəhbərliyiniz altında Azərbaycan regionda sabitliyin, inkişafın və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasət yürütmüşdür, buna görə də belə əməllər xüsusilə ədalətsizdir.

Bu çətin şəraitdə Zati-alinizlə və dost Azərbaycan xalqı ilə qəti həmrəy olduğumuzu bir daha bildiririk.

Bakıya qarşıdan gələn səfərimi və yenidən görüşümüzü səbirsizliklə gözləyirəm. Bu görüşü xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm fürsət kimi qiymətləndirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

***

Slovakiyanın Prezidenti Peter Pelleqrinidən:

Hörmətli cənab Prezident.

Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm.

Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin daha da gərginləşməsi riskini təhlükəli şəkildə artırır.

Slovakiya Respublikası gərginliyin azaldılmasına və məsələnin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.

Eyni zamanda, icazə verin, Tehrandan təxliyə olunmuş diplomatlarımıza göstərdiyiniz yardıma və qonaqpərvərliyə görə hakimiyyət orqanlarınıza səmimi təşəkkürümü bildirim. Bu çətin vəziyyətdə hakimiyyət orqanlarınızın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.