Dünya mətbuatı cəbhədəki vəziyyətdən nə yazır?

dunya-metbuati-cebhedeki-veziyyetden-ne-yazir
Oxunma sayı: 5638

Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə xəttində yaranan gərginlik dünya mediasının diqqətindədir.

“Qafqazinfo” xəbər verir ki, Böyük Britaniyanın “BBC”, “The İndependent” kimi nüfuzlu KİV-ləri təmas xəttindəki son məlumatları işıqlandırıblar. “The İndependent”də verilən xəbərdə “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və iyirmi ildən çoxdur ki, erməni separatçıların nəzarətindədir” kimi ifadələr yer alıb.

“Associated Press” agentliyində cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə “Dağlıq Qarabağ separatçı regionu”, “Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib”, “Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir” kimi şərhlər yer alıb. Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin 100-dən çox əsgəri öldürülüb.

Həmin xəbər “Associated Press”ə istinadla “Washington Times”, “New York Times”, “Deutsche Welle” kimi məşhur informasiya mənbələrində yerləşdirilib.

Türkiyə mətbuatı da Azərbaycanın işğal altında olan ərazilərində gedən döyüşləri obyektiv təqdim edib. Qonşu ölkənin “Anadolu Agentliyi”, “Hürriyet” kimi KİV-ləri Azərbaycan Müdafiə Nazirliyinin atışma ilə bağlı yaydığı bəyanatı təqdim ediblər. Əksər Türkiyə saytları atəşkəsi Ermənistan tərəfinin başladığını qeyd ediblər, ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəsiz olduğunu yazıblar.

Təmas xəttindəki sözügedən gərginlik Rusiyanın nüfuzlu media orqanlarının da əsas xəbərinə çevrilib. Bəzi KİV-lər həmin hadisələri qərəssiz təqdim etsə də, digərlərində açıq qərəz nümayiş etdirilib. Belə ki, “Vedomosti” qəzeti xəbərə analiz baxımdan yanaşıb, qəzet informasiyada Azərbaycan, Ermənistan mövqeyini verməklə yanaşı, İran, Türkiyə, Belarus dövlətinin də münasibətini işıqlandırıb. Lenta.ru, Gazeta.ru isə dünən səhərdən başlayaraq 12 yaşlı erməni uşaq Vaqinak Qriqoryanın ölümünü yazsa da, Azərbaycan tərəfdən şəhid olan Cəlal və Orxan Rəhimovların adını qeyd etməyib. Rusiyanın bir sıra televiziyaları isə Azərbaycan tərəfdən Ermənistana aid vertolyotun vurulmasına dair saxta foto və video da yayıb. NTV telekanalı Azərbaycanın cəbhə bölgəsində lentə aldığı kadrları Ermənistan tərəfinə aid edərək, 2 erməni uşağının öldüyünü bildirib.

Bəzi Ukrayna mətbuat nümayəndələri isə cəbhədəki xəbərlərlə bağlı araşdırma aparmadan Rusiya KİV-lərinə istinad edib və qərəzli məlumatlar yayıb.

Xatırladaq ki, aprelin 2-nə keçən gecə cəbhədə baş verən döyüşlərdə Azərbaycan 12 şəhid verib. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.