“Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaiti təqdim edilib - Video

edalet-muhakimesi-huququ-adli-ders-vesaiti-teqdim-edilib
Oxunma sayı: 590

Bakı Apellyasiya Məhkəməsində “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, dərs vəsaiti Azərbaycanda ədalət mühakiməsinin bir sıra nəzəri və praktiki aspektlərinə həsr edilib.

Onun məzmununda ədalət mühakiməsinin anlayışı, müasir məhkəmə-hüquq islahatları, ədalət mühakiməsində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin perspektivləri, əsas müddəalar, ədalətli məhkəmə araşdırması hüququna dair ümumi və xüsusi institusional və prosessual təminatlar, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və ədalət mühakiməsinin iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının statusu və fəaliyyəti istiqamətləri, həmçinin ədalət mühakiməsinin etik aspektləri tələbələrin asan anlaya biləcəyi tərzdə izah edilib.

Vəsaitdən tələbələrlə yanaşı, hakimlər, vəkillər, hüquq-mühafizə orqanları əməkdaşları, elmi tədqiqatçılar və ədalət mühakiməsi ilə maraqlanan digər şəxslər də istifadə edə bilərlər.

Kitabın təqdimatında çıxış edən Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Kərəm Mansurov bildirib ki, istənilən dövlətin gücü təkcə siyasi, iqtisadi imkanlardan deyil, eyni zamanda, ədalət mühakiməsinə olan inamdan asılıdır. Son illərdə cəmiyyətdə ədalət mühakiməsinə olan etibar artmaqdadır. O, “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin həm akademik, həm də praktik vəsait olduğunu diqqətə çatdırıb: “Təqdim olunan dərs vəsaitinin üstün cəhətlərindən biri də odur ki, burada ədalət mühakiməsinin nəzəri əsasları ilə yanaşı, müasir məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və yeni texnologiyaların məhkəmə sistemində tətbiqi kimi aktual məsələlər də geniş şəkildə təhlil olunub. Bu isə kitabın həm akademik, həm də praktik baxımdan əhəmiyyətini artırır. Əminəm ki, bu dərs vəsaiti hüquq fakültəsinin tələbələri və magistrantları üçün, eləcə də hakimlər və hüquqşünaslar üçün faydalı elmi mənbə olacaq və hüquqi düşüncənin inkişafına mühüm töhfə verəcək”.

Dərs vəsaitinin müəllifi, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova vəsaitin yeddi fəsildən ibarət olduğunu diqqətə çatdırıb. O, çıxışında hakimiyyət qollarının bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyini, bütün hallarda qanunun aliliyinə riayət edilməli olduğunu vurğulayıb.

Kitabın müəlliflərindən olan hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov çıxışında dərs vəsaitində müzakirələrə açıq məsələlərin olduğunu qeyd edib. Vəsaitdə hakimlərin peşə bayramının təsis olunması və Konstitusiyada Məhkəmə-Hüquq Şurasının konstitusion statusda təsbit edilməsi təklif olunub.

Kitabın digər müəlliflərindən olan Ayxan Rüstəmzadə alimlərlə istehsalat sahəsinin birgə fəaliyyətinin vacibliyindən söz açıb. Qeyd edib ki, ədalət mühakiməsi olan yerdə dövlət qüdrətli olacaq.