“Elə etməliyik ki, qadınlarımız stadionlara gəlsinlər”

ele-etmeliyik-ki-qadinlarimiz-stadionlara-gelsinler
Oxunma sayı: 722

- Ağasəlim müəllim, sizcə 2012-ci il Azərbaycan futboluna nə verdi və nə aldı?
- Mən fikirləşirəm ki, 2012-ci il Azərbaycan futbolu üçün uğurlu oldu. Elə təkcə “Neftçi”nin tarixi nailiyyət əldə etməsi, “Avro Liqa”nın qrup mərhələsində mübarizə aparması Azərbaycan futbolu üçün olduqca böyük hadisə sayılmalıdır. “Neftçi”nin bu uğuru artıq digər klublarımız üçün qanun olmalıdır və onlar da çalışıb belə nailiyyətlərlə bizləri sevindirməlidirlər. Bundan başqa mən qeyd etmək istəyirəm ki, yeni stadionlarımızın tikilməsi özü də bir uğurdur. Xüsusilə 8-ci kilometr stadionu çox gözəldir. Ora gələn azərkeş özünü teatrdakı kimi hiss edə bilər. Bundan başqa uğursuzluqlar da oldu. Bunlar da təbii haldır.

- Bəs Berti Foqts milli komandamıza rəhbərlik edəndən bəri fubolumuza nə kimi uğurlar gətirib?
-Bilirsiz, bunu bir iki cümlə ilə izah etmək çətindir. Burada mütləq analiz aparmaq lazımdır. Milli komandamızın da ara-sıra yaxşı çıxışları olub. Məncə, yığma komanda klublarla daim əlaqədə olmalıdır. Əvəzedici klublar isə əsas klubların taktikasını yerinə yetirməlidirlər. Konkret uğur əldə etmək üçün birlikdə çalışmaq lazımdır.

- Azərbaycanlı futbolçuların Avropada legioner həyatı yaşaması üçün nə çatmır?
- Mən də çox istəyirəm ki, bizim futbolçularımız Avropanın adlı sanlı klublarında oynasınlar. Ancaq məndən qabaq futbolçu özü bunu birinci istəməlidir. Özünü oyunlarda yaxşı göstərməlidir. Həm də mənə elə gəlir ki, bu məsələdə əsas rolu futbolçunun meneceri oynayır. Heyif ki, bizim futbolçuların menecerləri yoxdur. Gərək menecer olsun ki, futbolçunu reklam edə bilsin.

- MDB futbol çempionatının keçirilməsi ilə bağlı nə düşünürsünüz, sizcə, bu bizim futbola nə kimi xeyir verə bilər?
- Bəli,mətbuatdan mən də oxumuşam ki, belə bir çempionat keçirmək istəyirlər. Burada suallar çoxdur, biz hələ formatın necə olacağını bilmirik. Əgər eyni anda 4-5 klubumuz bu turnirdə iştirak edə bilsə, təcrübə qazanmaq baxımından belə turniri uğurlu hesab etmək olar.

Azərbaycan çempionatının hazırkı səviyyəsi sizi qane edirmi?
- Çempionatın səviyyəsi azərkeşlərdən asılıdır. Əgər stadionlar azərkeşlərlə dolu olsa, onda səviyyə də artacaq. Ziyalı azərkeşləri stadionlara dəvət etmək lazımdır ki, onlar digərlərinə örnək olsunlar. Elə şərait yaratmalıyıq ki, qadınlarımız da stadionlarda çoxluq təşkil etsinlər, stadionlara gəlsinlər. Mən “Real Betis” “Barselona” oyununda yaşlı qadının necə maraqla oyunu izlədiyini gördüm. Əvvəllər bizdə də belə şeylər olurdu, lakin indi yoxdur.

İqbal