Sərt avtoritar üsul-idarə epoxasında hakimiyyət vətəndaş cəmiyyətinə ilk dəfə əl uzatdı. Müxalifətə yox, fəqət müxalif düşüncəli insanlara. Hakimiyyət sivil qaydaları qəbul edib təsdiqləyərək barışmazlarla keyfiyyətcə yeni münasibətlər qurmaq niyyətində bulundu. Onlarla, daha doğrusu, bizlərlə bir masa ətrafında Ali Rəhbərin təmsilçisi Əli Həsənov açıq müzakirələr açdı.
Avtoritarizmin sərt küləkləri zamanı qaydalar fərqli idi. Nə qədər kobud və primitiv olsa - daha doğru və etibarlı olar prinsipindən çıxış edən hakimiyyət bizi Əli Həsənovla deyil, qəddar prokuror və ya MTN-lə üz-üzə qoyurdu. Onlar isə öz oyunlarını və bu oyunun qaydalarını icad edərək bizi inandırmağa çalışırdılar ki, bu, icad edilmiş yalançı oyun deyil, elə əsl həqiqətdir. Çünki ötən illərdə hakimiyyətin ən çəkindiyi məqam səhvlərin etiraf olunması idi. Guya bu səhvlərin etiraf edilməsi hakimiyyətin nüfuzunu sarsıda bilərmiş. Bu gün hər şey dəyişdi. Mehman Əliyevdən Oqtay Gülalıyevədək, Razi Nurullayevdən Emin Hüseynovadək, Rəsul Cəfərovdan Mirvari Qəhrəmanlıya qədər təmsil olunmuş barışmazlarla görüşdə Əli Həsənov səhvlər barədə danışırdı. Bir və ya iki il bundan öncə belə bir mənzərini xəyalda belə təsəvvür etmək çətin idi. Əli Həsənov bütün səslənən təklifləri bloknotunda səliqə ilə qeyd edirdi, diqqətlə dinləyirdi, təəssüflənirdi, gülümsəyirdi, zarafatlar edirdi.
İnsani sifətli hakimiyyətlə üz-üzə qalmaq nə qədər də xoşdur. Əlbəttə, Əli Həsənov heç vaxt almaz dişləri ilə neft krem-brülesini çeynəyən məmur dairəsinə daxil olmayıb. O, onlardan deyil, halbuki hər zaman bu neft krem-brülesinə ideya əsasını tapmaqda səy göstərən istedadlı məmur olub.
Nə baş verir? Hakimiyyəti qəflətən vətəndaş cəmiyyətinə qarşı əvvəlki aqressiv hücumlardan ibarət ictimai müqavilədən çəkindirən nə oldu? Artıq hakimiyyət dinləməyə və hətta dinləyə-dinləyə dəftərlərdə qeydlər aparmağa belə hazırdır. Bu çevriliş beynəlxalq təpkilərdənmi sonra baş verdi? Əlbəttə, beynəlxalq birliyin Azərbaycan avtoritarizminə qarşı apardığı təbliğatdan az sonra hakimiyyətin beynəlxalq ictimai rəyin güzgüsündə daha cazibədar şəkildə görünmək istəyi də var. Nəhayət, hakimiyyət onu da dərk etdi ki, daxili siyasətdə kiçik düzəlişlər hesabına beynəlxalq nüfuzu reabilitasiya edərək çıxdaş edilmiş ölkələr sırasından qurtulmaq mümkündür.
Ancaq vəziyyəti bu cür kritik həddə çatdırmaq da lazım deyildi, çünki suveren demokratiya modelini əxz etmiş ideoloqlar Putinin narazılarla davranışından dərs ala bilərdilər. Axı Putinin özü Vladimir İliçin əski taktikasında bəhrələnərək iki addımlıq hücumdan sonra daim bir addımlıq geriləmə fasiləsindən istifadə edir və Muratovu qəbul edir, Şevçukun zəhərli çıxışlarını həzm edir, Alekseyevaya sığal çəkir, xülasə, ziyalı təbəqə ilə ziyalı davranır!
Əlhəmdulillah! Hakimiyyət vaxtında dayanıb düşünüb-daşındı. Və bu, yalnız avropalıların fasiləsiz deyinmələrinə görə yox, həm də ideyanın kütlələri qazanması nəticəsinin hasil olunmasından sonra baş verdi. İdeyalı kütlə - maddi gücdür. İdeoloqlarımız qocaman Marksı yəqin ki, yetərincə təhlil ediblər, axı məhz maddi güc hakimiyyətə iddia ilə çıxış edir. Son illər cəmiyyətin böyük hissəsinə hakim kəsilən ideya isə - daha belə yaşamaq olmaz rezyümesindən ibarət idi. Uzun müddət dinlənilən zövqsüz musiqidən ölən olmayıb, fəqət insanlar fasiləsiz səslənən pis musiqidən sadəcə əzab çəkib. Prokurorların məhkəmələrdəki çıxışlarını dinləməkdən təngə gəlmiş cəmiyyətimiz, xüsusilə onun vətəndaş hissəsi başqa bir avazın həsrəti ilə yaşayırdı.
Qarşıda isə 2013 gəlir və “Rusiya bataqlığından” fərqli olaraq “Azərbaycan bataqlığı” beynəlxalq arenada iməkləyən hakimiyyətimizi çəkib apara bilərdi. Cəmiyyət hakimiyyətdən yalnız nəzakət gözləyirdi və məncə, Əli Həsənov zamanında telefon dəstəyini qaldıraraq vətəndaşa cavab verdi. Bir müddətdən sonra telefonun şnuru kəsilə bilərdi.
Vətəndaş cəmiyyətinin nümayəndələri isə əsasən çıxışları maliyyəyə və qrantların artırılmasına həsr etdilər. Hamı hakimiyyətdən pul umurdu. Əli Həsənov başını yelləyib arxayın və pullu hakimiyyətin qüdrətini təcəssüm etdirirdi. Hakimiyyət pul verəcək. Ki, vətəndaş cəmiyyəti minnətdar olsun. Dahi Puşkin yazırdı: “Hakimiyyət məni nankorluqda ittiham edə bilər. Nankorluq isə liberalizmdən də betərdir”.
Hakimiyyət liberalları minnətdar edəcək. Görüşün sonunda Əli Həsənov təsadüfən etiraf etmədi ki: “Biz pulu elə-belə vermirik”.
Eynulla Fətullayev (Xüsusi olaraq Qafqazinfo üçün)